Kiyevin Bakıya dəstəyini şərtləndirən AMİL: “Bu ölkələri eyni təhlükə gözləyir”

“Üstəgəl, Azərbaycan kimi, Ukrayna da Qərbə inteqrasiya edir, demokratik dünya yolunu tutur” 

“Ukraynanın Azərbaycana dəstəyi obyektiv gerçəkliyin inikasıdır”



Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya dövlətlərinin Azərbaycana dəstəyi artmaqdadır. Ukraynanın bu istiqamətdəki xüsusi fəallığı təqdirəlayiqdir. Ukrayna hökumət başçısı, həmçinin digər siyasilər bəyanatlarında Azərbaycana dəstəklərini ifadə edirlər.
Politoloq Həsrət Rüstəmov bu dostluq münasibətini doğuran amilləri “Sherg.az”a sadaladı:
 
“İlk növbədə onu deyim ki, hər iki dövlət keçmiş Sovet imperiyasına daxildir. Bu, tərəflər arasındakı qarşılıqlı ünsiyyəti təmin edib. İndi bizim çox yaxşı əlaqələrimiz var.

Azərbaycan Ukraynadan silah alır və öz növbəsində həmin dövlətə müxtəlif məhsullar satır. İkincisi, Ukrayna da eyni problemdən-ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir.

Və bizi təxminən eyni təhlükə gözləyir. Üstəgəl, Azərbaycan kimi, Ukrayna da Qərbə inteqrasiya edir, demokratik dünya yolunu tutur. Yəni Ukraynanın Azərbaycana dəstəyi obyektiv gerçəkliyin inikasıdır.

Belə bir vəziyyətdə özünə müttəfiq axtaran Ukrayna, əlbəttə, üzünü ilk növbədə bizə çevirməlidir”.