Savaşmaqdan başqa yolumuz yoxdur

"Beynəlxalq çağırışlara əhəmiyyət verməməliyik"

“Xalqımız da, dövlətimiz də erməni işğalçılarına qarşı səfərbər olub”. 

Bu sözləri “Şərq”ə açıqlamasında Milli Məclisin sabiq sədri, professor Yaqub Məmmədov deyib. O, bildirib ki, Azərbaycan Ordusu düşmənin burnunu əzməyə tam hazırdır. Y.Məmmədovun fikrincə, ermənilərə tarixi dərs verməyin zamanıdır:

“Rəşadətli ordumuzla, qəhrəman əsgər və zabitlərimizlə, vətənpərvər gənclərimizlə fəxr edirəm. Xoşbəxtik ki, gənc nəslin nümayəndələri ölkəmizi, Vətənimizi bu cür sevirlər.

Yaşından asılı olmayaraq, minlərlə vətəndaşımız könüllü orduya yazılır. İşğalçı erməniləri məhv etmək üçün can atırlar. Şanlı ordumuza yeni-yeni nailiyyətlər arzulayıram.

Dövlət başçımıza, Ali Baş Komandana da öz minnətdarlığımı bildirirəm ki, kənardan olan güclü təzyiqlərə, təhdidlərə məhəl qoymur.

Ölkə rəhbəri çox böyük dəyanət göstərərək, böyük mərdliklə Azərbaycanın haqqı uğrunda mübarizəni davam etdirir. Ordumuz Ali Baş Komandanın bütün əmrlərini layiqli şəkildə yerinə yetirir”. 

Keçmiş parlament sədrinin sözlərinə görə, illərdir səsləri çıxmayan ATƏT-in Minsk Qrupu, beynəlxalq təşkilatlar, böyük dövlətlər qarğa-quzğun kimi üstümüzə tökülüblər. İsrarla hərbi əməliyyatların dayandırılmasını, danışıqların bərpa olunmasını tələb edirlər:

“30 ildir danışıqlar gedir. Hansısa nəticə əldə olunubmu? Münaqişənin həlli istiqamətində zərrə qədər yol qət edilməyib. Azərbaycanın qanuni haqqıdır ki, işğal edilmiş torpaqlarımızı müharibə yolu ilə geri qaytaraq.

Başqa yol yoxdur. Beynəlxalq çağırışlara əhəmiyyət verməməliyik. Məhz onların yarıtmaz və laqeyd münasibəti ucbatından Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli dalana dirənib. Bu qətiyyəti sona qədər davam etdirməliyik. Əlbəttə, müharibə asan başa gəlmir, şəhidlərimiz, yaralılarımız olur.

Mənfur düşmən durmadan mülki şəxslərimizi atəşə tutur, onlarla dinc sakini qətlə yetiriblər. Amma reallıq odur ki, savaşmaqdan başqa yolumuz yoxdur. Xalq 30 ildir bu günü gözləyir. Ordumuzun irəliləməsi bizə qürur, sevinc yaşadır”.