Döyüşlər bütün cəbhə boyu gedir

"Hər gün düşmənin yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edilir"

İşğal altındakı torpaqlarımızı azad etmək üçün artıq dörd gündür müharibə gedir. Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlarla Şuşaya, Xankəndiyə… yaxınlaşmaqdadır. 

Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a açıqlamasında əməliyyatlarla bağlı danışıb: “Əks-hücum əməliyyatlarına başladığımız ilk gün döyüşlər yaşayış məntəqələrinin sıx olduğu yerdə gedirdi.

Ona görə də torpaqlarımızın azad olunması barədə məlumat verildi. Lakin tədricən dağlıq ərazilər gəlir. Adsız təpəliklər kifayət qədər çoxdur. Həm də dağlıq əraziyə getdikcə döyüş çətinləşir”. 

Ş.Ramaldanov, həmçinin əməliyyatların gedişatından razılığını da ifadə etdi:

“Döyüşlər bir istiqamətdə yox, bütün cəbhəboyu gedir. Özü də plana uyğun. Biz bu planı bilməsək də, hərbi əməliyyatlar davam edir. Ordumuz qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirməkdədir.

Eyni zamanda hər gün düşmənin yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi məhv edilir. Məgər bu, nəticə deyil?! Əsas məsələ ermənilərin müqavimətini qırmaq və strateji əhəmiyyətli yerləri ələ keçirməkdir. Hərbçilərimiz bunu çox yaxşı bacarırlar”.

Ehtiyatda olan polkovnikin fikrincə, heç də bütün xəbərləri ictimaiyyətə ötürmək olmaz:

“Müdafiə Nazirliyinin mətbuat xidməti yalnız süzgəcdən keçirilmiş və ictimaiyyətə ötürülməsi mümkün olan informasiyaları verir. Rəsmi xəbərlər sıravi jurnalistlərin yaydığı, sosial şəbəkələrdəki məlumatlardan çox fərqlənir.

Bu informasiyalar öz obyektivliyi və dəqiqliyi ilə fərqlənir. Odur ki, tələsməməkdə, yalnız rəsmi informasiyalara inanmaqda fayda var”.