Rusiyada yaşayan ziyalılarımızın səsi eşidilmir

Azərbaycanın bütün ali mükafatını alanların müqəddəs savaşımızda dəstəklərini görmürük

Azərbaycan xalqı Vətən müharibəsi aparır. Belə bir zamanda hər kəs nəyləsə Vətənə xidmət etməyə çalışır. Ordu, əsgərlərimiz üzərlərinə düşən vəzifəni yerinə yetirir. Vətən üçün taleyüklü günlərdə ziyalı sözünə, ziyalı çağırışına daha artıq ehtiyac duyulur. Söhbət ölkə daxilində hamımızın yaxşı tanıdığı, hörmət bəslədiyi ziyalılardan getmir.

Onlar onsuz da xalqla birlikdədir. Amma Azərbaycandan kənarda yaşayan ziyalılarımızın səsi eşidilmir. Xüsusilə Rusiyada yaşayan, Rusiya vətəndaşı olan, lakin Azərbaycanın bütün ali mükafatlarını almış, özlərinə lazım olanda “azərbaycanlıyıq” deyib xeyirlərini güdən ziyalılar daim bəhrələndikləri Azərbaycanı bu haqq davasında, Vətən savaşında niyə dəstəkləmir? Yenə erməni ziyalılarına uduzmaq istəyirlər? Rusiyada yaşayan ermənilər bəyanat yayıb Azərbaycanı “işğaldan əl çəkməyə” çağırır. Bizimkilər isə haqqımız çatdığı halda danışmağa sanki söz tapmırlar. Niyə səsi çıxmır Xalq rəssamı Tahir Salahovun, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun, Azərbaycanın əməkdar incəsənət xadimi, başqa ali mükafatlarını almış elm və mədəniyyət adamlarının? 

Ədəbi tənqidçi Əsəd Cahangir Rusiyada yaşayan Azərbaycan ziyalılarının susqunluğunun təəssüf doğurduğunu bildirdi və əlavə etdi ki, burada başlıca səbəb diasporanın zəif fəaliyyətidir: 

- Azərbaycan diasporu, təəssüf ki, zəifdi. Ermənistan diasporunun güclü olduğu hər zaman vurğulanır, bunun da öz səbəbləri var. Ermənilər həmişə icma şəklində yaşayıblar. Onların dövləti olmayıb. İcma şəklində yaşadıqlarından mövcudluqlarını qoruyub saxlamaq üçün millətçiliyə üstünlük veriblər və nəticədə diaspor fəaliyyətlərini ciddi şəkildə qurublar. Ermənilərdə xəstə millətçiliyin vüsət alması həmin o icma yaşayış tərzi, milli şüur hesabınadı. Ermənilər dünyanın hər tərəfinə səpələniblər.

Ziyalılarının çıxışları da diaspor hesabınadı. Rusiyada məşhur azərbaycanlılar da çoxdur. Məsələn, mən çox istərdim ki, Çingiz Hüseynov hazırkı proseslərə reaksiya verərdi. Rusiyada çox yaxşı tanınır, məşhur yazıçıdı, həm də Azərbaycanın Əməkdar incəsənət xadimidi. Amma çox təəssüf ki, Çingiz Hüseynov məsələlərə ümummilli, ümumazərbaycan nöqteyi-nəzərindən yox, siyasi nöqteyi-nəzərdən baxır. Halbuki, hazırkı həssas dönəmdə milli və dövlətçilik dəyərləri hər şeydən üstün olmalıdı.

Alla Axundova var. Yazıçı, senaristdi. Azərbaycanlıdı. Amma Moskvada doğulub, Rusiyada yaşayır. O da Azərbaycanın Əməkdar incəsənət xadimidi. Xatırladım, “Şərikli çörək”, “Alma almaya bənzər”, “Bizi bağışlayın” və sair filmlərin senarisi ona məxsusdu. Səsi eşidilmir. Rüstəm İbrahimbəyovun səsi eşidilmir. Tahir Salahovun səsi eşidilmir. Və sair. Tələsikdə başqalarının adını xatırlaya bilmədim.

Hamısı xalq yazıçısı, xalq rəssamı, Azərbaycanın ali mükafatlarını almış şəxslərdir. Azərbaycana bağlılıqları var. Amma biz onların mövqeyini görmürük. Həm də Azərbaycan haqlı tərəf, təcavüzə, işğala məruz qalmış ölkə olduğu halda. Mən təkcə Rusiyada yaşayan azərbaycanlı ziyalılardan deyil, həmçinin türk dövlətləri ziyalılarından münasibət gözləyirəm. Oljas Süleymanovdan açıqlama, bəyanat gözləyirəm. Orxan Pamukdan gözləyirəm, hərçənd onun münasibətinin Azərbaycanın xeyrinə olacağını da düşünmürəm. Orta Asiya şair və yazıçıları Azərbaycanın apardığı mübarizəyə açıq münasibət bildirməlidir.

Bu, müqəddəs bir müharibədir, Azərbaycan işğal altındakı torpaqlarını azad edir. Xilasımız birlikdədir. Xalq yazıçısı Anar Dünya Türk Yazarlar Birliyinin sədridir.

AYB-nin xarici əlaqələr şöbəsi var, amma biz onun fəaliyyətini görmürük. Faktiki bu şöbə ləğv olunmuş vəziyyətdədi. Halbuki, belə vacib bir zamanda türk dünyasının yazıçıları, şairləri, ziyalıları Azərbaycana dəstək verməlidir. Əgər onlardan bir tərpəniş yoxdursa, AYB özü təşəbbüslə çıxış etməlidi. AYB-nin türk dünyası yazarları, Orta Asiya yazarları ilə çox yaxşı əlaqələri var.

Amma konkret Qarabağ müharibəsi, Azərbaycanın dəstəklənməsi sahəsində heç bir iş aparılmır. Ermənilər Türkiyənin məşhur pop-starı Sezen Aksuya “Sarı gəlin”i erməni dilində oxutdurur, bununla dünyaya göstərməyə çalışırlar ki, bu, erməni mahnısıdı. Hər vasitə ilə təbliğat aparırlar. Bir var, Azərbaycanın haqq davasını Azərbaycandan olan bir ziyalı, incəsənət xadimi bəyan etsin, bir də var dünyaca məşhur bir incəsənət xadimi, ifaçı. Əlbəttə, ikincinin təsiri daha yüksək olacaq və dünya ictimaiyyətinin inanmasını təmin edəcək. 

Ə.Cahangir bildirdi ki, hər kəs bacardığı sahədə əlindən gələni etməlidir: 

- Şəxsən mən xəcalət çəkirəm. Xəcalət çəkirəm ki, cavan-cavan oğullar səngərdə döyüşür, amma mən onların yanında deyiləm. Mən də cəbhəyə getmək istəyirəm, qoy atılan güllənin biri mənə dəysin, amma mənim də bu torpaqda yeriməyə haqqım olsun.