"Şuşa həm başlanğıc, həm də sondur"

Kərim Kərimli: "Mən evimizə gedəndə işğaldan 6 il, 3 ay, 22 gün keçirdi"

"Geri çəkilən dalğanın qabaran vaxtı olduğu kimi, bizim də indi qabarma vaxtımızdı"


Səbirsizik. Qələbə xəbərinə 30 ildir tamarzıyıq deyə, Ordumuzun zəfər yürüşünü qısa zamanda, hətta lap qısa – 3-5 günə tamamlamasını istəyirik. Qınamasın kimsə. Vətəninin işğaldan azad olunmasını kim istəməz ki?! Anlayırıq. Qarşıda çətin döyüşlər var. Mənfur, xain düşmən hər künc-bucaqda pusqu qurub. Ordumuz ehtiyatlı davranmalı və itkilərin az olmasına çalışmalıdır. Zatən belə də edilir. Azərbaycan əsgərini, Azərbaycan bayrağını gözləyən neçə-neçə yurd yerlərimiz var hələ... 

Budəfəki müsahimiz Şuşalıdı. Qrammatik qaydaları pozub bilə-bilə Şuşalı sözünü böyük hərflə yazdım. Şuşa Böyükdü axı. Ucadı! Çox vaxt özümə sual vermişəm, niyə çox sevirəm Şuşanı? Başqa yerlərdən daha çox? Cavabım olmayıb. Ürəyim əsib, vəssalam. Azərbaycanın hər qarışı Vətəndir. Hər qarışını sevirik. Amma Şuşa... başqadı. Müsahibim hamımızın yaxşı tanıdığı jurnalist, publisist, Şuşalı Kərim Kərimli ilə elə bu haqda danışırdıq. Sual-cavaba keçməmişdik. İndiki məqamda sual-cavaba heç ehtiyac da yoxdu. Hər kəs ürəyindən keçənləri deyir. Kərim bəyə də söylədim, Şuşaya olan həssaslığımızı. Bilirəm, kövrəlirdi, hər dəfə Şuşa adı çəkildikcə. Sonra dedi ki, sentyabrın 27-dən kövrəlir, ailəsiylə birlikdə. Artıq vərdişə çevrilib.         
 
- ...Şuşa həm fiziki-çoğrafi baxımdan yüksəkdədi – dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdədi, həm də mənəvi yüksəklikdədi. Çox zaman Qarabağı – Şuşanı Azərbaycanın mədəniyyət beşiyi, muğam beşiyi adlandırırlar. Amma Qarabağın ziyalıları, alimləri də var axı. Yəni Qarabağ, Şuşa təkcə mədəniyyət, ölməz incəsənət bəxş etməyib Azərbaycana. Öyünə biləcəyimiz tarix və tarixi şəxsiyyətlər də bəxş edib. 

- Kərim bəy, sözünüzün qüvvəti, indi bir-bir yada salmaq çətindi, durub sadalasaq axşam düşər, elə Əhməd bəy Ağaoğlu nəyə desən dəyər də... 

-  Əlbəttə... Mən də çox düşünmüşəm ki, niyə Şuşanı çox sevir hamı, bütün Azərbaycan. Məncə, Şuşa həm başlanğıc, həm də sondur. Biz birinci dəfə Qarabağ savaşında Şuşanı əldən verdikdə uduzduq, indi Şuşanı azad etdikdə Qarabağı bütünlüklə işğaldan azad etmiş olacağıq. Çünki Şuşa yenə yüksəkdədi! Bunu hansı mənada istəyirsiz qəbul edin, hansı tərəfə yozursunuz, yozun. Şuşa mərkəzdi. Şuşaya getmək üçün – yetişmək üçün gərək Ağdam azad olunsun, Xocavənd,  Ağdərə... azad olunsun. Bütün ətraf rayonların və Dağlıq Qarabağ işğaldan azad olunmalıdır ki, biz Şuşaya çataq. Deməli, Şuşa azad olunan gün Qarabağın işğaldan bütünlüklə azad edildiyi gün olacaq. Biz 71 il sovet işğalı altında yaşadıq, doğrudu?.. Amma sovet işğalı zamanı biz Qarabağdan deportasiya olunmadıq. Ermənilərsə həm bizi deportasiya etdi, həm də ərazilərimizi yandırdılar. Bunu ona görə vurğulayıram ki, vətənsizliyin necə bir hiss olduğunu anlada bilim. Həm yurdumuzdan çıxarıldıq, həm də yurdumuz darmadağın edildi. Ən dəhşətlisi də bilirsiz nədi? Ermənilər 25 il bizim ora qayıdacağımızı gözlədilər. Qorxurdular ki, biz ora qayıdacağıq, Şuşanı azad edəcəyik, ona görə onlar yalnız 2017-ci ildən Şuşada tikinti işləri aparmağa başladılar. O vaxta qədər Şuşada, işğal etdikləri digər torpaqlarda heç bir iş aparmırdılar. İnanmırdılar ki, biz Şuşanın ardınca gəlməyəcəyik. Ermənistan siyasi hakimiyyəti 25 il müddətində erməniləri inandıra bilmirdi ki, Şuşa onlarındı.  Əvvəlcə erməniləri inandırdılar, sonra dünyanı, beynəlxalq aləmi inandırmağa başladılar. Biz çox gecikdik, Şuşanı azad etməyə... Mən 1998-ci ildə Qarabağa getmişəm. Şuşaya da. O vaxt İsveçrə Xarici İşlər Nazirliyi “Cənubi Qafqazda azad mətbuatın inkişafı” layihəsini həyata keçirirdi. Birinci dəfə mənin adımı Qarabağa gedəcək jurnalistlərin siyahısına daxil edəndə, imtina etdim. İkinci dəfə isə getməyə razılıq verdim, çünki səfər proqramına Şuşaya getmək də daxil idi. Xocalı, Xankəndi, Şuşa, Ağdərə. Amma Ağdərəyə aparmadılar. Mən, Eldəniz Elgün, Şahin Rzayev, Kamal Əli, iki nəfər də xanım jurnalist vardı, getdik. Həmin səfərlə bağlı “Ədalət” qəzetində silsilə məqalələrim nəşr olundu. Bəlkə də xatırlayarsınız... Mən 1998-də Xankəndində, Şuşada olanda küçədə ermənilər soruşurdu ki, “nəyi gözləyirsiniz?”. Nəhayət, çox şükür ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə başladı. Ali Baş Komandandan tutmuş ən sonuncu nəfərimizədək indi hamı ayaq üstədi və qələbə xəbərini gözləyirik. 

- Qarabağa səfər zamanı getdiyiniz yerlər necə idi? Nə müşahidə etmişdiniz? 

- Dediyim kimi, çox dağıntılar vardı. Heç bir təmir, tikinti işi aparılmırdı.   

- Bilmirəm, necə soruşum... Şuşada evinizə gedə bildiniz? Salamat idi? 

-  Pasportumu özümlə götürmüşdüm. O zaman indiki şəxsiyyət vəsiqələri hələ yox idi. Pasportumda “Az.SSR. NKAO – yəni Dağlıq Qarabağ Muxtar Vilayəti, Şuşa şəhəri, Y.V.Çəmənzəminli küçəsi, ev 7. ünvanı yazılmışdı. Küçəmizə tərəf getmək istəyəndə bizi səfərdə müşayiət edən milis işçilərindən biri saxladı ki, o tərəfə  olmaz. Səfər marşrutunda bu yoxdu. Mən də pasportu çıxarıb, ünvanımı göstərdim. Dedi, “ya niçem ne smoqu pomoç, ya, zdes nikto”. Özü etiraf edirdi ki, o, heç kimdi. Barıdan atlandım həyətimizə. Evimiz 2 mərtəbədi. Birinci mərtəbədə bir ailə yaşayırdı. İçəri keçəndə gördüm ki, bizim qoyub getdiyimiz xalçanın üstündə uşaq oynayır. Evdə yaşayan gənc ailə idi. Oğlan başa düşdü ki, mən azərbaycanlıyam, dedim, bu, bizim evimizdi!.. Qayıtdı ki, siz qayıdan kimi biz çıxıb  gedəcəyik... 

- Şuşa necə idi? 

- Mən evimizə gedəndə işğaldan 6 il, 3 ay, 22 gün keçirdi. Dağıntılar qalırdı. Ermənilərdən tək-tük kimsə ev təmir eləyib yaşayırdı. Əhali ora gəlmək istəmirdi. İqtisadiyyat darmadağın idi. Hər şey dağılmışdı, evlər yandırılmışdı.  Ermənilər deyirdi ki, bizi aldadıb bura gətiriblər ki, sizə pul verəcəyik. Əhval-ruhiyyələri sıfır. Müvəqqəti yaşadıqlarını dərk edirdilər. Onlar sonra ruhlandılar. Tikintilərə başladılar. İlk illərdə Şuşada uzun illər qalacaqlarına inanmırdılar. 125 foto çəkmişdim. 2 video. Onlar Şuşadan gələn ilk şəkillər idi. Fotolar əl-əl gəzdi. Hamı fotoları çıxarırdı, yayırdılar şəkilləri. Neqativlər demək olar görünməz olmuşdu.
İndi asandı. İnternet, hər cür imkanlar var. Amma o zaman Şuşada çəkilən fotolar sanki gizli bir xəzinə idi, üzə çıxmışdı. O zaman sülhə ümid vardı, torpaqların danışıqlar yoluyla geri qaytarılacağına ümid edilirdi. Yadımdadı, o illərdə bir sorğu da keçirilmişdi, Qarabağ probleminin hansı yolla həllinə tərəfdarsınız, 2 variant yazılmışdı: sülh yoluyla, yoxsa, müharibə yoluyla. Mən aşağıda 3-cü bəndi özüm yazdım; hansı yolla olur-olsun, Şuşa qayıtsın! 

- İnşallah, o günü də görərik, Kərim bəy. 

- İnşallah. Ermənilər son illərdə lap həyasızlaşdılar. Paşinyan Şuşada, Cıdır düzündə yallı gedirdi. İndi erməni əsgərlərinin cəsədlərinin göydə “uçuşmasını” əks etdirən videolar yayılır, şərhlər də yazırlar ki, “bu, Paşinyanın Cıdır düzündəki “yallısı”dı, göydə uçurlar”. Həyasızcasına bəyanat verirdi ki, Qarabağ Ermənistandı. Mayın 21-i “Dağlıq Qarabağ Respublikası” “prezidenti”nin andiçmə mərasiminə hazırlaşırdılar. Mən o vaxt sosial şəbəkədə yazdım ki, Azərbaycanın  bunlara cavabını gözləyirik. Cavabı indi onlara veririk, necə lazımdısa.     
Bunu dəqiq bilirəm ki, ermənilər sonadək döyüşməyəcək. Dünya mediasına baxıram, müxtəlif videolar yayılır, baxırsan ki, erməni əsgərləri könülsüz döyüşür. Bilirsiz niyə? 

- Öz torpağında deyil axı, ona görə. 

- Bəli. Erməni üçün doğma Vətən anlayışı yoxdu. Qarabağ onun Vətəni deyil. Birinci Qarabağ savaşında da onlar erməni əsgərlərini birinci cərgədə döyüşə göndərirdi, ikinci cərgədə isə başqa ölkələrdən gəlmiş muzdluları yerləşdirirdilər ki, əsgərlər geri qaçanda onları güllələsinlər. Azərbaycan əsgəri öz torpağında, torpağını azad etmək üçün döyüşür. Ona görə də bizim əsgərimizdə ruh yüksəkliyi var. Yerevanda doğulmuş erməni niyə gəlib Qarabağda, Ağdərədə döyüşməlidi? Yerevanda, Ermənistanın hansısa başqa ərazisində yaşayan erməni nə bilir Mərcanlı nədi, Sırxavənd nədi... Bu bizim kəndlərimizdi, bizim əsgərlər də o yurd yerləri uğrunda döyüşür. Azərbaycan əsgəri ayağını yerə bərk vurmalıdı. Gəlirəm, deməlidi. Deyir də!  İşğallar, müharibələr tarix boyu olub. Sülh sazişləri də imzalanıb dövlətlər arasında. Amma ermənilər bütün körpüləri yandırdı. Bundan o yanası yoxdu. Biz bir əsr geri düşmüşük. Torpaqlarımızı işğal edə-edə gəliblər. Daha yol yoxdur. Xəzərə çatmışıq. O tərəfdə türkmən qardaşlarımızdı. Bizi o tərəfə buraxmayacaqlar. Geri çəkildik, bəsdi. Artıq qabarma vaxtıdı. Geri çəkilən dalğanın qabaran vaxtı olduğu kimi, bizim də indi qabarma vaxtımızdı. Yadıma düşdü birdən, Ağdərədə Qabartı çayı var... 

- Bayaq dediniz ki, hamı səfərbər olub, hamı ayaqdadı. Həqiqətən də, hamı bir nəfər kimi cəbhəyə, döyüşlərə getmək istəyir. 

- Gənclərin səfərbərlik xidmətinə müraciətlərini görürəm, ürəyim dağa dönür. Böyükdən-kiçiyə hamı döyüşmək istəyir. Bıçaq sümüyə dirənib artıq. Ya gərək 2 sivil qonşu dövlət kimi yaşayaq, ya da onlar yola gəlmirsə, gücümüzü ortaya qoyub torpaqlarımızı azad etməliyik. Sülh sazişi yalnız işğal başa çatdıqda imzalanmalıdır. Çünki bugünkü status-kvo zorakılığın nəticəsidi. Torpaqlarımızı azad etdikdən sonra sülh sazişi imzalansa da, biz həmişə ayıq olmalıyıq. Daim tətikdə olmalıyıq. Ermənilərin xainliyi, təxribatı bitən deyil. 

- Səhv etmirəmsə, siz Qarabağ müharibəsində döyüşmüsünüz. 

- Şuşa batalyonunda döyüşmüşəm. Ramiz Qəmbərov şəhid olandan sonra batalyona onun adı verildi. Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayanda mən, belə deyim, Ramiz Qəmbərov adına Şuşa Könüllülər Batalyonunun rəhbərliyini qeyri-rəsmi qaydada üzərimə götürüb bəyanat yaydım ki, Şuşa batalyonu, döyüşə hazır olun. Qazilər, veteranlar, hamımız döyüşə hazırıq. Hərbi komissarlığı da zəng etmişəm, həyat yoldaşım deyir, “mən də gedirəm”. Deyirəm, neyləyəcəksən orda? Deyir, nə iş olsa, yemək bişirərəm, əsgərlərimizə xidmət edərəm... 

- Mən niyə sizin döyüşdüyünüzü xatırlatdım. Təbii ki, bütün Azərbaycan Qarabağ  müharibəsində iştirak edirdi, amma siz qarabağlılar ərazini daha yaxşı tanıyırsınız, hər cığıra, yola bələdsiniz. Məsələn, yerüstü əməliyyatlar başlayarsa, piyada qoşunları hücuma keçərsə, mən bu məsələdə çox naşıyam, ürəyimdən keçəni deyirəm, sadəcə, o mənada ki, yerli əhaliyə, veteranlara ehtiyac ola bilər. 

- Əlbəttə. Biz, Qarabağ döyüşçüləri, veteranlar, yerli sakinlər xüsusilə öndə olmalıyıq. Bizim az-çox təcrübəmiz var, yerli şəraitə bələdik. Kəlbəcər, Laçın, keçilməz yollardı. Meşələr, dağlar. Hər adam o yolları tanımır. Şuşadan Ağdama yeraltı yollar vardı. Onu ancaq şuşalılar bilirdi. Şuşa zirvədədi. Amma ora desant çıxarıb döyüşləri yuxarıdan aşağıya doğru aparmaq da olar. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri komandanlığı, Ali Baş Komandan əməliyyatların necə, hansı üsulla aparılmasını daha yaxşı bilir.

Biz şuşalılar hər cəhətdən Ordumuzun yanındayıq və istənilən köməyi etməyə hazırıq. Sizə bir şey deyim. Mənim ata babam Salman Məşədi Həsənalı oğlu Qafqaz-İslam Ordusunda döyüşmüşdü, sovet hakimiyyəti qurulandan sonra onu da Nargin adasına sürgün edib orada güllələmişdilər. Bu barədə MTN-in “Sərhəd” qəzetində rəsmi sənəddə yazılıb. 1930-cu ildə ana babamı güllələyiblər. Mənim atam II Dünya müharibəsinin iştirakçısı olub, mən də Qarabağ müharibəsinin. Oğlum da ali məktəbi bitirdikdən sonra, inşallah hərbi xidmətə gedəcək. Bizim nəslin alnına yazılıb döyüşmək. 

- İnşallah, qələbə də yazılar alnınıza. 

- İnanıram! Mütləq yazılacaq.