Renault Arkana modelini Avropa bazarına çıxarır - FOTO


Rusiyada istehsal edilən və bizim bazarda da satılan Renault Arkana krossoveri Avropada da təklif ediləcəkdir. 2021-ci ilin iyul ayında model Böyük Britaniyada satışa çıxarılacaqdır. Yeni krossover zahiri cəhətdən bizim tanıdığımız Arkana modelinə bənzəsə də, onun texniki hissəsi tamamilə fərqli olacaqdır.

Autograph.az bildirir ki, ilkin olaraq, Renault şirkəti Arkana modelini Avropa ölkələrində satmaq niyyətində deyildi, lakin kross-kupenin artan populyarlığı şirkəti planlarına düzəlişlər etməyə məcbur edib. Böyük Britaniyada Arkana modeli Fransiz markasının təklif etdiyi Kadjar və Captur modellərinə qoşulacaqdır.

Avropada satılacaq Arkana krossoveri Clio və Captur modellərinin əsasını təşkil edən Renault-Nissan-Mitsubishi ittifaqının CMF-B platformasında inşa ediləcəkdir. Britaniyada krossover üç hibrid güc qurğusu ilə təklif ediləcəkdir.

Bunlar 1,6-litrlik benzin mühərrikinin əsasında hazırlanmış 140 at qüvvəli E-tech hibrid güc qurğusu, həmçinin 1,3-litrlik turbomühərrik və 12 volt elektrik sisteminə sahib olan iki mülayim hibriddir. Bu hibridlərin gücü 140 və 150 at qüvvəsi təşkil edir.

Ölçülər baxımından, Avropada satılan Arkana Rusiyada istehsal edilən adaşından bir qədər böyük olacaqdır: onun uzunluğu 4568 millimetr, hündürlüyü isə 1571 millimetr təşkil edəcəkdir. Modellərin təkər bazası demək olar ki, eynidir - Britaniyada satılan versiyasının oxları arasındakı məsafə 2720 millimetr, klirensi isə190 millimetr olacaqdır.

Krossoverin salonunda konfiqurasiyadan asılı olaraq 4.2, 7.0 və ya 10.2 düymlük rəqəmsal cihazlar paneli, habelə multimedia sisteminin 7,0 və ya 9,3 düymlük sensorlu ekranı quraşdırılacaqdır. Hibrid qurğulu Arkana modelinin baqaj bölümünün həcmi 438 litr olacaqdır. Bizim bazarda satılan Arkana modelində bu göstərisi 513 litrdir.

Bundan əlavə, krossover yerli Clio və Megane modelləri üçün təklif olunan "qaynar" RS Line modifikasiyasını alacaq. "Qaynar" versiya xüsusi emblemləri, dekoru və buraxılış sisteminin cütlənmiş çıxış boruları ilə seçiləcəkdir.

Avropa bazarı üçün nəzərdə tutlmuş Renault Arkana modelinin istehsalı Cənubi Koreyanın Busan şəhərindəki Renault zavodunda yerləşdiriləcəkdir. İlk krossoverlər 2021-ci ilin sentyabrında Böyük. Britaniyaya göndəriləcəkdirlər. Krossoverin qiymətləri hələlik açıqlanmayıb.