Ermənistanın son nəfəsi...! – “Bütün təxribat cəhdləri nəticəsiz qalacaq ! 

“Düşmən çıxış yolunu isə silahını mülki əhaliyə tuşlamaqda görür”

“Məqsəd dünya ictimaiyyətinin və bir sıra dövlətlərin diqqətini özünə çəkməkdir”

“Ermənistan öz havadarlarının timsalında müharibə tərəflərinin sayını artırmaq istəyir. Amma bu, alınan iş deyil”


“On günə yaxındır davam edən genişmiqyaslı hərbi əməliyyatlarda Ermənistan tərəfi açıq-aydın məğlub olur. Biz isə hər addımımızda tarixi qələbəyə, ərazi bütövlüyümüzün təmin olunmasına daha çox yaxınlaşırıq. Lakin bununla barışmayan ermənilər intiqamlarını mülki əhalidən almağa cəhd göstərirlər. Ermənistanın Azərbaycanın dinc əhaləsinə qarşı dövlət terroru davam edir”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə raket zərbəsi endirib: 

“Mingəçevirdə Su anbarı və əsas elektrik stansiyası yerləşir. Bu, çarəsizliyin barbar ifadəsidir”.

Vəziyyəti dəyərləndirən millət vəkili Vahid Əhmədov düşmənin son nəfəsində də təxribatlarından əl çəkməməsi barədə fikirlərini “Sherg.az”la bölüşüb: 

“Ermənistanda vəziyyət gərgindir. Azərbaycan ordusu isə 90-cı illərdəki kimi deyil. Cənab prezident, Ali Baş Komandan İlham Əliyev öz siyasi iradəsini ortaya qoyub. Biz Dağlıq Qarabağı azad edəcəyik. Yaxın vaxtlarda böyük qələbəyə sevinəcəyik.

Dövlət başçımızın da dəfələrlə vurğuladığı kimi, Ermənistan qoşunları qeyd- şərtsiz Dağlıq Qarabağdan çıxmalıdır. Yalnız bundan sonra digər məsələlər haqqında müzakirə aparmaq olar”.

Parlementarinin sözlərinə görə, Ermənistanın davam etməkdə olan təxribatları məqsədlidir: 

“İlk növbədə onu deyim ki, indiki vəziyyətin səbəbkarı onlardır. Biz sadəcə əks-hücuma keçdik. Düşmən artıq azğınlaşıb. Heç bir beynəlxalq sənədə, konvensiyaya əhəmiyyət vermir.

Çıxış yolunu isə silahını mülki əhaliyə tuşlamaqda görür.

Məqsəd dünya ictimaiyyətinin və bir sıra dövlətlərin diqqətini özünə çəkməkdir. Ermənistan öz havadarlarının timsalında müharibə tərəflərinin sayını artırmaq istəyir.

Amma bu, alınan iş deyil. Türkiyə, Pakistan, Əfqanıstan, Ukrayna bizi dəstəkləyir. Belə bir şəraitdə Ermənistanın bütün təxribat cəhdləri nəticəsiz qalacaq”.