Böyük qələbənin başlanğıcı ! – “İşğalçılara göstərdik ki, fikrimiz qətidir”

“Cocuq Mərcanlının azad olunması gələcək strategiya üçün aydın mənzərə idi”

Dünən Prezident İlham Əliyev xalqa müraciət edib. Dövlət başçısı çıxışında bir sıra vacib məqamlara toxunub. Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun yeddi kəndinin azad olunması münasibəti ilə xalqı təbrik ölkə başçısı dörd il bundan əvvəki tarixi zəfərə də toxunub: “Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır.

Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir.

Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bilirsiniz, bir həftədir ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır. Döyüş meydanında əsgər və zabitlərimiz qəhrəmanlıq göstərir, düşmənə sarsıdıcı zərbələr endirir, düşməni yerinə oturdur, işğalçını torpaqlarımızdan qovur, canı-qanı bahasına. Bu şərəfli missiya tarixdə öz yerini tapacaqdır”.

Bu barədə “Sherg.az”a danışan millət vəkili Tahir Kərimli Cocuq Mərcanlının azad olunmasının tarixi əhəmiyyətini yüksək qiymətləndirdi: 


“2016-cı ildə Cocuq Mərcanlı düşmən tapdağından azad olunandan sonra orada xüsusi abadlıq işləri görüldü, dövlət qayğısı göstərildi. Bu, həm də düşmənə mesaj idi.

Biz o vaxt işğalçılara göstərdik ki, fikrimiz qətidir. Onda düşmən yalvar-yaxır etdi. Baş nazir Paşinyan bizdən vaxt istədi. Torpaqların qaytarılması ilə bağlı vəd versə də, erməni xislətinə sadiq qaldı.

Biz indi torpaqlarımızın azad olunması istiqamətində növbəti əks-hücuma keçmişik. Bu gün işğal altında olan torpaqlarımızda da ən yaxın gələcəkdə abadlıq işləri görüləcək. Hətta beynəlxalq donorlarsız da biz bunu edəcəyik.

Onu da deyim ki, düşmən Cocuq Mərcanlıdakı dinc əhalini atəşə tutmasına rəğmən, heç kimin qorxusu yoxdur. Hər kəs öz həyatını yaşayır. Cocuq Mərcanlının azad olunması böyük qələbənin başlanğıcı və gələcək strategiya üçün aydın mənzərə idi”.