Hər yer vətən, hər yer bayraq...

Küçələrimizdə qəhrəmanlarımızı görmək qürurvericidir

"Qələbədən sonra davamlı olaraq qəhrəmanlıq dastanlarımız olacaq. Torpaqlarımız azad olunan yerlərdə mütləq şəhidlərimizin adları əbədiləşdiriləcək"

Azərbaycan xalqının mətin iradəsi, xalq, dövlət və ordu birliyinin gücü, eləcə də Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin əldə etdiyi uğurlar açıq məkandakı reklam qurğularında nümayiş olunur. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin təşəbbüsü ilə yüzlərlə reklam lövhəsində belə qürurverici görüntülərin yayımı həyata keçirilir. Düşmənin məhv edilən döyüş texnikasını əks etdirən videolarla yanaşı, “Qarabağ Azərbaycandır!”, “Zəfər bizimdir!” və s. şüarları ilə yayımlanan plakatların hazırlanmasında və yayımlanmasında əməyi keçən hər bir şəxsə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi adından təşəkkürümüzü bildiririk.



Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli  "Şərq"ə açıqlamasında bildirib ki, istər qələmi olanlar, istərsə də ön xətdə döyüşən gənclərimiz bu gün bir bayraq ətrafına toplaşıblar. O bildirib ki, bu gün hər kəs istəyir ki, zərrə qədər də olsa, vətənə xidməti dəysin:

"Bax, belə gəncliyimizlə qürur duyuruq. Son zamanlar cəbhədə gedən döyüşlər açıq şəkildə bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu nələrə qadirdir. Düşmən  elə bilirdi ki, biz torpaqlarımızı unudacağıq. Düşünürdülər ki, Qarabağda doğulmayan vətənpərvər ola bilməz. İndi gördülər ki, orda doğulmayan da vətəni üçün canından sevə-sevə keçdi.

Azərbaycanın bütün bölgəsindən döyüşlərə yüzlərlə gənc qatıldı. Hamısının bir məqsədi vardı - torpağı düşməndən ölüm bahasına da olsa, geri almaq. Alnı-açıq şəkildə deyə bilərəm ki, milli ruh və vətənpərvərliyə görə Azərbaycan gənci ön sıradadır. İnsanlarımız bu gün kifayət qədər vətənpərvər və çox ayıq-sayıqdılar. Müharibənin qaydalarına uyğun addımlar atırlar. Dövlət, vətən, xalq o zaman güclü olur ki, onlarda vətənpərvərlik yüksək olur". 

E.Həsənli diqqətə çatdırıb ki, bizim Azərbaycan xalqı həmişə vətənpərvərlik ruhunda böyüyüb, bu, tarixən də belə  olub:

"Cəbhədə gedən döyüşlərin ilk günündən hər kəs evlərinin eyvanlarında şərəfli üçrəngli bayrağımızı asdılar. “Qarabağ Azərbaycandır!”, “Zəfər bizimdir!” və s. şüarları səsləndirildi. Bu gün şəhərin hər yerində əllərində bayraqlar olan vətəndaşlarımıza rast gəlmək mümkündür.

Hətta Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin təşəbbüsü ilə yüzlərlə reklam lövhəsində qürurverici görüntülərin yayımı həyata keçirilir. Bütün bunlar xalqımızın vətənpərvərlik hisslərini daha da artırır.

Bu çox təqdirəlayiqdir. İnşallah, yaxın zamanlarda qələbəmiz  tamamlanacaq.

Qələbədən sonra davamlı olaraq qəhrəmanlıq dastanlarımız olacaq. Torpaqlarımız azad olunan yerlərdə mütləq şəhidlərimizin adları əbədiləşdiriləcək. Bağçalara, məktəblərə şəhidlərimizin adları veriləcək. İşğaldan azad edilmiş torpaqlarımızda o torpaqlar üçün canlarından keçmiş hər bir qəhrəmanın adları yazılacaq ki, ora gedən insanlar görsünlər ki, bu yerlərdən ötrü canından keçən neçə-neçə övladlarımız var.

Biz hər zaman Vətən uğrunda canlarından keçmiş, qazi olmuş insanlara xüsusi ehtiram göstərməliyik. Onları bayrağımız, dövlətimiz qədər sevməliyik".