Düşmən son nəfəsini verir, ümidləri üzülüb

Paşinyanın yalvarmadığı ölkə rəhbəri qalmayıb

"Ermənilərin müxtəlif şəhərlərimizə raket atması nəinki xalqımızda ruh düşkünlüyü yaradır, əksinə, millətimizi daha da ruhlandırır, düşmənə qarşı səfərbər edir"

Ermənistan silahlı qüvvələri dinc əhali və mülki obyektləri intensiv şəkildə atəşə məruz qoyur. Düşmən dinc Azərbaycan əhalisinin sıx yaşadığı cəbhə boyu əraziləri ağır silahlardan atəşə tutur, mülki əhaliyə, məktəb binalarına, xəstəxanalara, təcili tibbi maşınlara, evlərə, ticarət obyektlərinə, yerli və xarici KİV-ə qarşı müxtəlif cinayətlər törətməyə davam edirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi mülki əhaliyə qarşı terror siyasəti yürütməsi Cenevrə Konvensiyasını, BMT-nin, Haaqa Konvensiyasının, UNESCO-nun, eləcə də digər beynəlxalq və regional təşkilatların qətnamələrinin kobud və düşünülmüş şəkildə pozulmasıdır.

Əfsuslar olsun ki, düşmənin mülki əhalini davamlı hədəf alması beynəlxalq təşkilatların diqqətini çəkmir. Ekspertlərin fikrincə, işğalçı dövlət bu cür vəhşiliklər törətməklə əhali arasında təşviş yaratmağa cəhd edir. Məqsəd isə hər kəsə tam aydındır. Ermənistan Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində kifayət qədər itkilər verərək onları geri çəkilmək məcburiyyətində qoyur. Azərbaycan Ordusunun əzici gücü qarşısında çarəsiz qalan, çıxılmaz vəziyyətə düşən ermənilər çıxış yolunu dinc sakinləri öldürməkdə, diqqəti başqa istiqamətə çəkməkdə görür. ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza da düşmənin təxribatlarına münasibət bildirib. Brayza deyib ki, Ermənistan Azərbaycanı cavab hücumlarına vadar etmək üçün mülki obyektlərə zərbələr endirir: “Ermənistan Azərbaycanın mülki obyektlərinə çarəsizlikdən hücum edir. Azərbaycanın əks-həmlə fəaliyyətinin uğurlarını görür və başa düşür ki, buna müqavimət göstərmək gücündə deyil. Ermənistanın iki məqsədi var: - birincisi, Azərbaycanı Ermənistanda mülki obyektlərə cavab hücumlarına vadar etmək. Bu, baş nazir Nikol Paşinyanın fikrincə, münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və Rusiyanı cəlb etməyə imkan yaradacaq. İkincisi isə, erməni tərəfinin məqsədi Azərbaycan xalqını qorxutmaqdır”. 

Ermənilərin növbəti həyasızlığını “Şərq”ə dəyərləndirən millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, Ermənistan silahlı qüvvələri özləri də yaxşı bilirlər ki, şəhərlərimizə üç-beş raket atmaqla kütləvi qırğına səbəb ola, millətimizi qorxuda, Azərbaycanı təhrik edə bilməyəcəklər. Deputatın sözlərinə görə, Azərbaycan tərəfi bütün önləyici tədbirləri vaxtında görüb:

“Ermənilərin müxtəlif şəhərlərimizə raket atması nəinki xalqımızda ruh düşkünlüyü yaradır, əksinə, millətimizi daha da ruhlandırır, düşmənə qarşı səfərbər edir. Düşmənin mülki şəxslərimizi hədəfə almasında niyyəti bizə məlumdur. Çalışır ki, Azərbaycan da onlara adekvat cavab versin, Ermənistan ərazisinə raket atsın. İnformasiya təbliğatları da bu yöndədir. Hər gün Rusiya mediasında uydurma xəbərlər yazırlar ki, guya, Azərbaycan Ermənistan ərazisini vurub, mülki ermənilərin üzərinə raket atıb və s. Hətta Moskvanı bu məsələyə birbaşa müdaxilə etməyə səsləyirlər. Hay-küy salaraq KTMT-ni, birbaşa Rusiyanı prosesə qoşmağa çalışırlar. Ancaq Rusiyanın rəsmi şəxsləri, ekspertləri, jurnalistləri açıq şəkildə bəyan edirlər ki, Moskva süni şəkildə münaqişəyə cəlb oluna bilməz. Ümumiyyətlə, Kremlin münaqişəyə birbaşa qarışmasının doğru olmadığını elə ruslar özləri söyləyir. Proseslər də göstərir ki, Ermənistanla Azərbaycan arasındakı müharibəyə hansısa üçüncü tərəfin qoşulmasından hələlik söhbət getmir”. 

T.Kərimli vurğulayıb ki, düşmən son nəfəsini verdiyi üçün həm ümidləri üzülüb, həm də bir qədər də aqressivləşib:

“Ermənistan baş naziri Nikol Paşinyanın yalvarmadığı ölkə rəhbəri qalmayıb. Düşmən qorxu içindədir, çünki yaxın günlərdə tamamilə məhv olacağının fərqindədir. Ardıcıl mülki şəxslərin hədəf alınması, şəhərlərimizin vurulması məğlub olan ermənilərin son çırpınışlarıdır. Ordumuz çox uğurlu hərbi əməliyyatlar həyata keçirir və işğal altındakı ərazilərimizi düşməndən təmizləyir. Azərbaycanın hava hücumundan müdafiə sistemləri çox güclüdür. Ona görə də narahat olmağa dəyməz”. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da vurğulayıb ki, dinc sakinlərin ağır artilleriya vasitələri ilə atəşə tutulması heç bir bəşəri prinsiplərə və hüquqi normalara sığmır:

“Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı terrorçu rejim bu cinayətkar addımı atmaqla 1949-cu il tarixli Cenevrə konvensiyalarını, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud surətdə pozub və buna görə məsuliyyət daşıyır.

Qeyri-müharibə zonasındakı şəhərlərimizə və mülki əhalimizə qarşı bu cür vəhşi davranışına görə Ermənistan və Dağlıq Qarabağdakı terrorçu rejim Beynəlxalq Haaqa Məhkəməsinə verilməlidir.

BMT rəhbərliyi və ATƏT-in Minsk Qrupu dinc əhalimizə qarşı törədilən bu amansız hərbi cinayətə qarşı sərt münasibət bildirməli və beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verməlidir.

Artıq “ikili standartlar” siyasətindən əl çəkməyin vaxtı gəlib çatıb. Dünyaya, bütün insanlığa “meydan oxuyan” Ermənistanın terrorçu-faşist davranışları cəzasız qalmamalıdır”.