Hər kəs ancaq qələbə xəbərlərinə köklənib

"Kimsəyə hesabat verməli deyilik və verməyəcəyik də"

"Bu məsələdə istər xalq, istərsə də partiyalar olaraq iqtidarın yanındayıq"

“Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır!”. Bu fikirləri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində səsləndirib. Dövlət başçısı bildirib ki, indiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir: “27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq.

Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın.

Bax budur bunun sonu”. Prezident qeyd edib ki, əgər Paşinyan bizimlə normal dildə danışsaydı, müqəddəs şəhərimizi murdarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun: “Amma hər addımı təxribat, hər addımı təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Digər silahlı texnikaları, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik”. 

AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycanın apardığı mübarizə həm legitim, həm də haqlı müharibədir. Partiya rəhbərinin sözlərinə görə, biz öz ərazimizdə antiterror əməliyyatı aparırıq:

“Buna görə kimsəyə hesabat verməli deyilik və verməyəcəyik də. 30 ilə yaxın zamandır torpaqlarımızın azad olunacağı günü gözləyirik. Bu illər ərzində heç bir mənası və  müsbət nəticəsi olmayan danışıqlar aparılıb. Ancaq nəticə olmayıb. Odur ki, bizim  legitim müharibədən başqa yolumuz qalmamışdı. Bütün xalq Vətən Müharibəsi uğrunda bir yumruq kimi birləşib. Artıq hər kəs ancaq qələbə xəbərlərinə köklənib.

Belə bir məqamda xalqın və bizlərin şanlı ordumuzdan yalnız bir xahişimiz var ki, dayanmasınlar. Torpaqlarımızdan son işğalçı əsgəri çıxana qədər, ən son qarış torpaqlarımız azad edilənədək döyüşü davam etdirsinlər.

Eyni zamanda hazırkı iqtidardan heç bir xarici ölkə və beynəlxalq təzyiq qarşısında geri addım atmamasını istəyirik. Təbiidir ki, bu məsələdə istər xalq, istərsə də siyasi partiyalar olaraq sona qədər iqtidarın yanında olacağımıza əmin ola bilərlər”. 

T.Abbaslı qeyd edib ki, Azərbaycan xalqının əhval-ruhiyyəsi ən yüksək səviyyədədir:

“İnşallah, bu, sona qədər belə olacaq. Hətta erməni quldurlarının son günlər əlacsızlıqdan dinc, mülki əhalini hədəf alması da insanlarımızı təşvişə və qorxuya salmır. Hər kəs vətən naminə hər cür fədakarlığa və qəhrəmanlığa hazırdır. Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!”.