Torpaqlarımız son millimetrinədək azad olunacaq

İnşallah, o günü görəcəyik, sonra hamılıqla, elliklə bayram edəcəyik

İndi isə hər bir vətəndaşın üzərinə düşən ən ümdə vəzifə qaydalara əməl etmək, zərurətdən doğaraq tətbiq edilmiş komendant saatı və karantin rejiminə uyğun davranmaqdır


Azərbaycan əsgəri xalqımıza qələbə sevinci yaşadır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı işğaldan azad etməyə başlamış şanlı ordumuz cəbhədə yeni Azərbaycan tarixini yazır. Hər gün, hətta saatbasaat xalqımız zəfər xəbərləri almaqdadı. Azad edilən kənd və şəhərlərimizin sayı artdıqca artır. Əhalinin də sevinci aşıb-daşır. Və sevincini bir-biriylə bölüşmək, qələbələri birgə qeyd etmək istəyən vətəndaşlar küçələrə axışır.

Bunlar tamamilə təbii hisslərdir və qələbə sevincini yaşamaq da işğal altındakı torpaqlarımızın azadlığı qədər hamının haqqıdır. Lakin. Çox ciddi əhəmiyyət verəcəyimiz və hər kəsin zərgər dəqiqliyi ilə əməl etməli olduğu məqam var; ordumuz cəbhə boyu əks-hücum əməliyyatlarına başladığından vacib bilinən şəhərlərdə və bir sıra bölgələrdə komendant saatı tətbiq edilib. Üstəlik, hələ də aramızda dövran edən koronavirus pandemiyası da başa çatmayıb və karantin rejimi davam edir. Hər bir vətəndaşın üzərinə düşən ən ümdə vəzifə qaydalara əməl etmək, zərurətdən doğaraq tətbiq edilmiş komendant saatı və karantin rejiminə uyğun davranmaqdır.     

Bunu milli və dövlət maraqlarımız tələb edir. Milli və dövlət maraqlarını təmin etməksə Azərbaycan vətəndaşı olaraq hər birimizin vəzifəsidir. 

Sevinək, amma qaydasında   

Torpaqlarımız işğaldan azad edildikcə qələbə sevinci hər evdə, hər küçədə yaşanır. Ölkə ay-ulduzlu bayraqlara bürünüb. Bunun özü ən gözəl bayram əhval-ruhiyyəsi yaradır. Eyni zamanda biz əhalinin, xüsusən yeniyetmə və gənclərin, ümumiyyətlə, emosional vətəndaşlarımızın qələbə sevincini mənzillərdən küçələrə, prospektlərə daşıdığını da görürük. Qələbə xəbərləri, ayrı-ayrı kənd və qəsəbələrin, strateji əhəmiyyətli yüksəkliklərin  Azərbaycan Ordusunun nəzarətinə keçməsi xəbərlərinə vətəndaşların coşqulu reaksiyası əlbəttə anlaşılandır, lakin qaydalara əməl etmək daha vacibdir. Hazırkı həssas məqamda bizdən bu tələb olunur. 

Bu vacib məsələ ilə bağlı Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib. 

Müracitədə bildirilir ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğal altında olan bəzi ərazilərimizin azad olunduğunu elan etdikdən sonra paytaxt sakinləri bu əlamətdar hadisəni qeyd etmək üçün küçələrə çıxmağa cəhd göstəriblər:
"Vətəndaşlarımıza xatırlatmaq istəyirik ki, hazırda respublikanın bütün ərazisində hərbi vəziyyət davam edir və bununla əlaqədar Bakı şəhəri də daxil olmaqla bir sıra şəhər və rayonlarda saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir. Həmçinin ölkədə koronavirusla mübarizə məqsədi ilə karantin rejimi tətbiq olunub. Vətəndaşlarımızdan bunları nəzərə almalarını, komendant saatının tələblərinə və karantin qaydalarına əməl edərək evlərini tərk etməmələrini xahiş edirik".

DİN müraciətində qələbəni pirotexniki vasitələrdən istifadənin yolverilməz olduğunu da bildirib. 
"Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, coşqu yaradıb. Lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə - fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.

Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik".

“Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş tapşırıqlarının uğurlu icrasını təmin edərək uzun illər işğal atında olan torpaqlarımızı azad edir, ərazi bütövlüyümüzü bərpa edir”.
Bu açıqlama isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyanın Hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyevə məxsusdur. M.Əliyev də həssas bir zamanda vətəndaşları təmkinli olmağa çağırıb: "Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir və hər gün müsbət nəticələr əldə olunur. Sözsüz ki, bu qürurverici tarixi anlar bizim böyük sevincimizə səbəb olur, ərazi bütövlüyümüzün qısa zamanda bərpa olunacağı günü yaxınlaşdırır.

Lakin, unutmamalıyıq ki, ölkəmizdə hərbi vəziyyət və karantin rejimi qüvvədədir. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə xahiş olunur ki, hər kəs müəyyən edilmiş qayda-qanuna ciddi riayət etsin.

Bir qədər təmkinli olaq, səbr nümayiş etdirək, Qələbə bizimlədir – Qarabağ Azərbaycandır!".

Daxili İşlər Nazirliyi yol hərəkəti iştirakçılarına müraciət edib.

Qeyd olunur ki, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunmuş və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilir. “Bir daha hərəkət iştirakçılarından xahiş edirik ki, komendant saatının tətbiq edildiyi inzibati ərazilərdə yaşayan və ya həmin ərazilərə giriş-çıxış edən şəxslər gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək səfərlərini başa çatdırsınlar, eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmasınlar.
Həmçinin komendant saatı müddətində fəaliyyətinə icazə verilmiş sahələr üzrə xidmət göstərən, xüsusilə yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, qeyd olunan müddət ərzində komendant saatı tətbiq edilmiş inzibati ərazilərdə nəqliyyat vasitələri ilə hərəkət etmək zərurəti yarandığı təqdirdə mütləq qaydada sürücü və yükü müşayiət edən digər şəxslər haqqında müvafiq məlumatlar gücləndirilmiş elektron imzadan istifadə olunmaqla "icaze.e-gov.az" portalına daxil edilərək xüsusi icazə alınmalıdır".

“Qələbəni təmkinlə qeyd edək”

Polkovnik Mahmud Hacıyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, hazırda vətəndaşların orduya, əsgərlərimizə ən böyük köməyi qaydalara riayət etməkdir: 

- Komendant saatının qaydalarına da, karantin rejiminə də hamı mütləq əməl etməlidir. Mən də görürəm ki, ordumuzun zəfər xəbərləri gəldikcə əhali necə sevinir, xüsusilə də cavanlar, yeniyetmələr küçələrə çıxır, sevinclərini ifadə etməyə çalışırlar. Əlbəttə, ordumuz zəfər ardınca zəfər qazandıqca, Ali Baş Komandan, cənab İlham Əliyev xalqımıza qələbə müjdələri verdikcə əhalinin, vətəndaşlarımızın sevinci, coşqusu təbiidir. Belə də olmalıdır. 30 ildir Azərbaycan xalqı bu günü gözləyir. Amma Azərbaycanın hər bir vətəndaşı anlamalıdır ki, hazırda həm də çox həssas bir zamandır.  Belə zamanda qayda-qanunlara əməl etmək ikiqat vacibdir, zəruridir. Hər kəsin düşüncəsi, Vətənə sevgisi eyni deyil. Azərbaycanın qələbələrinə yanaşma da eyni deyil. Əhalinin coşqusundan təxribat məqsədilə istifadə edilə bilər.

Vətənini sevən hər bir vətəndaş bunu düşünməli və təmkinli davranmalıdır. Çünki bizim bu sevincimizdən sui-istifadə edib ajiotaj yaratmaq və təxribatçı hərəkətlərə yol vermək istəyənlər ola bilər. Ölkədə hərbi vəziyyətdir və komendant saatı tətbiq edilib. Komendant saatının tələbi budur ki, axşam saat 21:00-dan səhər saat 06:00-dək xüsusi icazə olmadan küçəyə çıxmaq, avtomobillə hərəkət etmək, olduğu yeri tərk etmək olmaz. Burada çətin bir şey yoxdur. Gərək hamılıqla əməl edək. Sevinci evdə də qeyd etmək olar, dosta, tanışa, qohuma telefon açıb sevinci bölüşmək, xalqımızı təbrik etmək olar. Bütün şəhər bayraqlara bürünüb. Bunun özü əsl bayram əhval-ruhiyyəsidir.

İşğal altındakı torpaqlarımız son kəndinə, son millimetrinədək azad edilsin, inşallah, o günü görəcəyik, sonra hamılıqla, elliklə bayram edəcəyik. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib ki, fişənglərdən, müxtəlif pirotexniki vasitələrdən istifadə etməyin. Bunu edən əksər hallarda yeniyetmələr, cavanlardır. Emosiyalarına hakim ola bilmirlər.

Amma onları evdə valideynləri, böyükləri başa salmalı, bu cür əməllərdən çəkindirməlidir. Biz hazırkı dönəmdə daha anlayışlı, daha təmkinli olmaq məcburiyyətindəyik. Nəyə lazımdır, fişənglər? Məgər Yeni il bayramıdır?!. Qoy tam zəfər çalınsın, sonra fişənglər də atılacaq, Qarabağın səması işığa bürünəcək. 

M.Hacıyev qeyd etdi ki, indi vətəndaşların Ali Baş Komandana, orduya, əsgərə ən böyük köməyi qaydalara riayət etməkdir: 

- Biz qaydalara ciddi riayət etsək, ön cəbhədə əsgərlərimizə, arxa cəbhədə isə polisimizə ən böyük dəstək göstərmiş olacağıq. Polis əməkdaşları 7 aya yaxındır ki, asayişi qorumaqla məşğuldur. Karantin elan ediləndən polis əməkdaşları, post-patrul xidməti, çevik polis alayı – Daxili İşlər Nazirliyinin bütün struktur bölmələri ölkə üzrə gərgin iş şəraitində çalışır.

Dünənədək belə idi, indi komendant saatıdır, daha da ciddi çalışırlar. Bizim üzərimizə düşən qaydaları pozmaqla onların işini zorlaşdırmaq yox, qaydalara əməl etməklə onların fəaliyyətini asanlaşdırmaqdır. Məsələn, əgər polis əməkdaşı metrostansiyanın girişində sərnişindən əl çantasını açıb göstərməyi tələb edirsə, onunla mübahisəyə girişib “çantamda nə var ki?!” söyləmək yox, sakitcə tələbə tabe olmaqdır. Bununla biz polis əməkdaşlarının işini yüngülləşdirməliyik.

Onlara gərgin fəaliyyətlərində kömək etməliyik. Eləcə də axşam saatlarında, komendant saatı başlayıbsa, hətta bir qədər də əvvəldən gəzintini dayandırmalı və qayda pozuntusuna yol verməməliyik. Hər bir azərbaycanlı dövlət maraqlarını, ordumuzun zəfər yürüşlərini düşünüb tətbiq edilən qaydalara ciddi yanaşmalı və istisnasız əməl etməlidir. Gərək biz qələbəni də təmkinlə, ağıryana qeyd edək.