Xalq artisti qəhərləndi:"Bayrağımızı Şuşada dalğalanan görüm"

İçində yaşadığımız həm şərəfli, həm də kritik günlərdə tanınmış ziyalıların, sevilən sənətkarların məsləhətlərinə, onların birlik çağırışlarına ehtiyac duyuruq. Daim xalqın sevimlisi olan simalar ürək sözlərini, sevinclərini xalqdan əsirgəmir, səmimi çıxışlar edir, xalqı ruhlandırırlar.
“Sherg.az”da bu amili nəzərə alaraq onların mövcud durumla bağlı düşüncələrini oxucularına çatdırmağa davam edir. Növbəti dəfə bizimlə həmsöhbət olan Xalq artisti Səkinə İsmayılova söyləyib ki, illərdir bu günləri gözləyirdik:

“Şükürlər olsun ki, Allah təala görməyi nəsib elədi. O sevincli sözləri, xoş xəbərləri eşidəndə ömrümüzə-ömür qatılır. O qədər sevinirik. İşğalda olan torpaqlarımız azad edilir. Dövlət başçımızın qətiyyəti, iradəsi ilə bu addım atıldı. Nə yaxşı ki, düşmənə qarşı əks-hücum qərarı verildi. Bütün əsgərlərimiz səfərbər oldu.

İndi ordu, dövlət, xalq birləşib bir yumruq olmuşuq. Tək canda bir nəfəs kimiyik. İnanın, Prezidentin çıxışlarına qulaq asa bilmirəm, həyəcan keçirirəm. Hər kəlməsi, hər sözü o qədər təsiredici, yerində deyilir ki... Ürəyimizdən gələn sözləri səsləndirir. Məsəl var deyirlər, “Ürəyimizdən tikan çıxardır.” İllərdir gözlədiyimiz sözləri, eşqi, sevinci prezidentimizin dilindən eşidəndə qürur hissi keçirdirəm.

Çox az qalıb. Düzdür, neçə il bundan əvvəl də deyirdik az qalıb, amma indi doğrudan da elədir. Cənab Prezidentin gözəl çıxışı, nitqinin səlistliyi, rəvanlığı ilə o günlərə inam yaratdı. Sözlər acizdir həqiqətən...”

Səkinə xanım 42 ildir sənətdə xidmət etdiyini, onun üçün dilin, ədəbiyyatın xalqın taleyində çox önəmli olduğunu da bildirib: “İnanın, Prezident danışanda onun nitqindəki rəvanlıq məni heyran edir. Hər bir insanın qəlbinə ruhuna, çatacaq sözlər işlədir. Hamısı mənalı və kəskindir. Nə deyə bilərəm? Allah o günləri bizə yaşatsın. Gözəl günlərin davamını görək. Bayrağımızı Şuşada dalğalanan görüm... Qəhərlənirəm, danışa bilmirəm.”