Torpaqlarımız ard-arda azad olunacaq

Xalqımızın rəşadəti, döyüş əzmi yüksəkdir

"2020-cı ilin sentyabr ayında Ermənistanla Azərbaycanın təmas xəttində düşmənin təxribatının qarşısının alınması istiqamətində həyata keçirilmiş əks-hücum əməliyyatları bir daha Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Münaqişənin sülh yolu ilə həllinə sadiq qalmasına baxmayaraq, Azərbaycanı təxribata cəlb edən Ermənistan ordumuzun çevikliyi, peşəkarlığı və yüksək döyüş məharəti sayəsində ciddi itkilərə məruz qalmaqdadır". 

Bu sözləri "Şərq"ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov deyib. Politoloq bildirib ki, Azərbaycan Ordusunun tam qətiyyətlə apardığı mübarizə, işğal altında  olan yaşayış məntəqələrimizin ard-arda azad edilməsi onun yüksək peşəkarlığa malik olduğunu bir daha dünyaya sübut etdi:

"Bu, onu deməyə əsas verir ki, Azərbaycan xalqı işğalla barışmaq niyyətində deyil, o, torpaqlarının azad edilməsi və suverenliyinin bərpası üçün istənilən addımı atmağa qadirdir. Xalqımızın rəşadəti, döyüş əzmi, mübarizə ruhu ona tam imkan verir ki, düşmənə ən ciddi döyüşlərdə qalib gəlsin və onu geri çəkilməyə məcbur etsin". 

R.Hüseynovun fikrincə, bəzi qüvvələr tərəfindən himayə edilən terrorçu və işğalçı Ermənistan anlayır ki, başqasının torpağını daimi olaraq işğalda saxlaya bilməz:

"Ermənistanın terrorçu qruplaşmalardan, muzdlu qüvvələrdən istifadə cəhdlərinə baxmayaraq, müstəqil Azərbaycan dövlətinin yalnız özünün iqtisadi, siyasi və hərbi gücü ilə qələbə qazanacağına və dövlət suverenliyini, ərazi bütövlüyünü bərpa edəcəyinə heç kimdə şübhə yoxdur. İnanıram ki, qısa zaman ərzində hərbi əməliyyatların başa çatmasından sonra Azərbaycan dövləti dağılmış bütün infrastrukturu, tarixi-mədəni abidələri bərpa edəcək, doğma yurdlarından didərgin düşmüş qaçqınları və məcburi köçkünləri ən müasir yaşayış evləri ilə təmin edəcək".