Paşinyana ofsayd bayrağı QALXDI: “Nizamlı dünyanın nizamsız “oyunçu”sudur” – Bumeranq ! 

“Paşinyan hakimiyyətə gələn andaca yeni ərazilər işğal etmək iddiasına düşdü"

"Bu isə açıq-aydın müharibəyə çağırış idi. Biz də çağırışa cavab verdik”

“Düşünürdü ki, Rusiya rəsmi İravanı müdafiə edəcək. Amma öz qazdığı quyuya özü düşdü”

"Ermənilər onun vədlərinin xülya olduğunu anladı və nəticədə cəmiyyət arasında Paşinyan hakimiyyətinə qarşı  müxalif qüvvələr formalaşdı”

“O, hakimiyyətinin son günlərini, son həftəsini yaşayır


Bir neçə gündür, sosial mediada Ermənistan baş naziri Nikol Paşinyanın istefa verməsi ilə bağlı xəbərlər yayılır. Həqiqiliyindən əmin olmasaq da, hər halda “od olmayan yerdən tüstü çıxmaz”. Ermənistanın başda-başa yalanlarla dolu, xülya üzərində qurulan ambisiyalarının cəmi bir neçə günə məhv olması, tarixi ədalətin bərpa edilməsi, əlbəttə, Paşinyanı çıxılmaz vəziyyətə salır. İndiki halda onun qarşısında cəmi iki yol varsa, biri istefa verməkdir.

 İstefa ehtimalına sevinənlər var. Amma nəzərə almaq lazımdır ki, baş nazir öz itaətsizliyi, belə demək mümkünsə, şıltaqlığı ilə Rusiya üçün də “persona non grata” yəni arzuolunmaz şəxsə çevrilib. Deməli, rəsmi Moskvanın davam etməkdə olan səssizliyi Türkiyə faktoru, daxili problemlərlə yanaşı, həm də Paşinyana olan antipatiyadır. Sözə baxmadığına görə Kreml Ermənistan hərbi-siyasi hakimiyyətini cəzalandırır, ona “qulaq burması” verir. Odur ki, “Karabagh to be part of Azeribaijan” (Qarabağ Azərbayacana məxsusdur) deyən “lider” siyasi ömrünün son akkordlarını yaşayır.  Əslində isə erməni baş nazir “Karabagh to be part of Azeribaijan” (Qarabağ Azərbayacana məxsusdur) deyəndə heç də onun dili dolaşmamışdı. Sadəcə təhtəlşüurundakı düşüncəni ifadə etmişdi. Yəni Dağlıq Qarabağ probleminin kökündən, birdəfəlik həllinə az qalıb. Tarixi qələbədən, qondarma Dağlıq Qarabağ respublikasının varlığına son qoyulduqdan, bir milyondan artıq insan öz dədə-baba torpaqlarına qayıtdıqdan sonra nə istəsələr edərlər. Öz əlləri, öz başları...

“Sherg.az”olaraq Ermənistandakı daxili vəziyyəti və mövcud durumu təhlil etmək üçün politoloq Yeganə Hacıyeva ilə söhbətləşdik:

- Paşinyanın iki seçim yolunun qaldığı aydındır. Ya axıradək mübarizə aparacaq, ya da istefa verəcək. Sizcə, hansını seçəcək?

- O, hakimiyyətə hələ təzə gələndə biz hər birimiz demişdik ki, Paşinyan müddəti başa çatmazdan əvvəl hakimiyyətdən gedəcək. Əslində onun hakimiyyətdə belə çox qalması da təəccüblüdür. Çünki baş nazir çox ciddi səhvlər edib. O, hakimiyyətinin son günlərini, son həftəsini yaşayır. Əgər abrı olsa, hakimiyyətdən özü gedər. Hərçənd ki, bu, bizə lazım deyil.
 
- Nəyə görə belə düşünürsünüz?

-Bizə lazım olan ərazi bütövlüyümüzün təmin olunmasıdır. Və ən yaxın zamanda bunu edəcəyik. Beynəlxalq hüquq da bizim tərəfimizdədir. İndiki halda biz mümkün qədər operativ davranmalıyıq. Dağlıq Qarabağı azad etdikdən sonra isə Ermənistanda nə baş verəcəyi bizi maraqlandırmamalıdır.
-Rusiyanın səssizliyi çoxlarını təəccübləndirir. Mokvanın susqunluğu nə ilə bağlıdır?
-Ermənistan Tovuzu atəşə tutanda elə bilirdi ki, bu da dörd günlük müharibələrdən biri olacaq və həmişə ona “fort-post”u kimi yanaşan Rusiya rəsmi İravanı müdafiə edəcək. Amma öz qazdığı quyuya özü düşdü.

- Paşinyanın nəzərə almadığı nə idi?

- O, Gəncəni vurmaqla təşəbbüskarın rəsmi Moskva olduğunu göstərmək niyyətində idi. Lakin anlamadı ki, Gəncə Avropa Birliyinə enerji daşınmasında keçiddir. Rusiyanın Avropa Birliyi ilə, Amerika ilə münasibətləri ən yüksək səviyyədədir. Susqunluğunun da səbəbi həmin münasibətlərə xələl gətirməmək, əslində təşəbbüskar olmadığını göstərməkdir. Məhz Kremlin Ermənistan üçün bu gözlənilməz mövqeyinə görə çıxılmaz vəziyyətdə qalan Paşinyan indi durmadan Rusiya prezidentinə zəng edir.

- Sizcə, müharibənin otuz ildən sonra, məhz indiki məqamda başlanması təsadüfi idi?

- Əlbəttə, yox. Paşinyana qədər ki, hakimiyyət nümayəndələri yalandan olsa da, danışıqlara cəhd edirdilər. ATƏT-in Minsk qrupu da guya sülh carçısı kimi çıxış edirdi. Amma Paşinyan hakimiyyətə gələn andaca nədənsə bu ritorikadan imtina etdi  və yeni torpaqlarımıza iddia elədi. Bu isə açıq-aydın müharibəyə çağırış idi. Biz də çağırışa cavab verdik.

- Yəni Paşinyan bir siyasətçi kimi olduqca səriştəsizdir...

- Buna heç kimin şübhəsi yoxdur. Bilinmir, jurnalistdir, ya siyasətçi. O, nizamlı dünyanın nizamsız “oyunçusu”dur. Biz Qəddafinin timsalında belələrinin aqibətinin necə olduğunu gördük.

- Ermənistanda hazırkı daxili vəziyyəti necə qiymətləndirirsiniz?

-Paşinyan hakimiyyətə gələn kimi indiyədək formalaşmış daxili siyasəti darmadağın etdi. Öz qohumlarını vəzifəyə gətirdi, yeni komanda yaratdı. Beləliklə, keçmiş komandanın iqtisadi maraqlarını “vurmaq” istəyirdi. O, sosial çiçəklənmə vədi ilə hakimiyyətə gəldi. Lakin danışdıqlarının sadəcə xülya olduğu tez bir zamanda üzə çıxdı.

Nəticədə cəmiyyət arasında hakimiyyətə müxalif qüvvələr formalaşdı. Bunu görən baş nazir populist addımlar atdı. Şuşada keçirdiyi inaqurasiya, oğlunu Dağlıq Qarabağa əsgərliyə göndərməsi, həmçinin həyat yoldaşı Anna Akopyanın silah daşınmalarına rəhbərlik etməsi, snayperlə şəkil çəkdirməsi fikir yayındırmağa hesablanmışdı.

O, özünə qarşı yönəlmiş neqativ rəyi dəyişmək istəyirdi. Amma arzusu ürəyində qaldı. Bütün addımları, o cümlədən təxribatlar bumeranq effekt verdi.