Tarix müəllimindən nümunəvi addım: üç aylıq maaşını cəbhəyə göndərdi 

Salamova Təranə: “Lazım olarsa, gedib əsgərlərimizə yemək bişirərəm, onlara tibbi yardım göstərərəm”


Vətəndaşların ordumuza dəstək kampaniyası davam edir. Vətənpərvər insanlarımız cəbhədəki əsgərlərimizə yardım göndərməkdədirlər. Belələrindən biri də 286 saylı tam orta məktəbin tarix müəllimi Salamova Təranədir. O da könüllü olaraq cəbhəyə 1000 manat göndərib.

Təşəbbüs barədə “Sherg.az”a danışan  Təranə xanım bunun vətəndaşlıq borcu olduğunu söylədi:

 “Mən Şuşadan olan məcburi köçkünəm. Oğlum hərbi mükəlləfiyyətçidir. Hər an orduya çağırıla bilər. Yəni bir əsgər anası kimi ordumuza yardım etmək, üç aylıq maaşımı cəbhəyə göndərmək ürəyimdən gəldi.

Lazım olarsa, özüm də gedib əsgərlərimizə yemək bişirərəm, onlara tibbi yardım göstərərəm. Arzu edirəm ki, Dağlıq Qarabağ ən yaxın zamanda azad olunsun və biz öz dəbə-baba torpaqlarımıza qayıdaq.

Bəzən bizi qınayırlar, qaçqın, köçkün olduğumuza görə tənqid edirlər. Amma belə yaşayışı heç kim istəməz. Şükür Allaha, əlimiz, ayağımız yerindədir. Təki torpaqlarımız azad olsun, gedib orada işləyək”.