Çavuşoğlunun Bakı səfəri ! – Qovluqda nələr var? - “Diplomatik səylər birləşir”

“Çavuşoğlunun Azərbaycana səfəri Dağlıq Qarabağ konfilikti ilə əlaqədardır”

“Türkiyə bizimlə çiyin-çiyinədir. İndiki məqamda biz təkcə hərbi yox, həm də diplomatik səylərimizi birləşdirməliyik”

“Rusiya hakimiyyəti ilə də lazımi dialoqlar aparılır. Əgər Ermənistanla təkbətək qalsaq, vəziyyət başqa cür olardı”


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib. Bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib. Heydər Əliyev Beynəlxalq Aeroportunda M. Çavuşoğlunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb. Türkiyə XİN başçısını Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib və Azərbaycanın Dağlıq Qarabağda apardığı haqq savaşı ətrafında müzakirələr aparılıb. Türkiyənin Azərbaycana göstərdiyi qardaş dəstəyi təqdir edilib.


Bundan sonra M.Çavuşoğlu   Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və görüşdən sonra mətbuat konfransı baş tutub. Türkiyə XİN başçısı bunları qeyd edib:

“Məğlub vəziyyətə düşən Ermənistan mülki əhaliyə və obyektlərə hücum edir. Bu insanlıq cinayətidir, Ermənistanın çarəsiz vəziyyətə düşdüyünün sübutudur. ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr işğala məruz qalanla, işğalçı arasında fərq qoymur:

“Belə davam etməyəcəyini bütün dünya anlamalıdır”.



Bu rəsmi səfər qardaş ölkənin Azərbaycana mənəvi dəstəyinin növbəti bariz nümunəsidir. Deputat, politoloq Rasim Musabəyov Türkiyə xarici içşlər nazirinin Azərbaycana səfərini “Sherg.az”a qiymətləndirdi:

“Məlumdur ki, Çavuşoğlunun Azərbaycana səfəri Dağlıq Qarabağ konfilikti ilə əlaqədardır. Türkiyə bizimlə çiyin-çiyinədir. İndiki məqamda biz təkcə hərbi yox, həm də diplomatik səylərimizi birləşdirməliyik. Rusiya hakimiyyəti ilə də lazımi dialoqlar aparılır. Əgər Ermənistanla təkbətək qalsaq, vəziyyət başqa cür olardı. Amma indi müzakirələrə ehtiyac var”.