Çoxdan gözlənilən qərar ! - Azərbaycan Türkiyə Ordusunun daha kiçik modelini qurur !  

“Mən o vaxtdan türk qardaşlarımızın hərb sahəsindəki şücaətlərinə, bacarıqlarına bələdəm”

“Türkiyə ordusu nümunəvi silahlı qüvvələrdəndir. Onlar ən müasir - V nəsil silahlara malikdirlər”


Dünən prezident İlham Əliyev Türkiyənin “TRT” kanalına müsahibə verib. Dövlət başçısı müsahibə zamanı bir sıra mühüm məqamlara toxunub, həmçinin Türkiyə ilə dostluq və qardaşlıq əlaqələrindən danışıb. O, bildirib ki, Azərbaycan ordusu Türkiyə modelində komplektləşdiriləcək: 

“Biz o ölkəyik ki, bizim Türkiyə kimi müttəfiqimiz var. Biz çox xoşbəxt ölkəyik ki, bizim Türkiyə kimi müttəfiqimiz, qardaşımız var.

Əlbəttə ki, Türkiyənin bizə göstərdiyi mənəvi dəstək, eyni zamanda, Türkiyə müdafiə sənayesinin məhsullarının bizdə olması bizi gücləndirir və bunu bütün dünya görür. Bu gün Türkiyə Ordusu NATO-da ikinci ordudur.

Heç kim türk ordusunun qabağında dura bilməz. Bunu hər kəs gördü, hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha kiçik modelini qururuq və inşallah bərabər quracağıq.

Bizim də qarşımızda bölgədə heç kim dura bilməz. Bizim və Türkiyənin işi haqq işidir. Biz özümüzü müdafiə edirik, öz vətəndaşlarımızı müdafiə edirik, öz ərazi bütövlüyümüzü saxlamaq istəyirik. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur.

Amma bizə mənsub olan bizə qalmalıdır. Otuz ildir ki, ermənilər bizim qədim torpağımızı istismar edirlər. İnsanlara o torpaqlara qayıtmağa icazə vermirlər. Beynəlxalq vasitəçilər biganə qalır, məhəl qoymur. Belə olan halda Azərbaycan özü bunu edəcək”.

Ölkə başçısının çıxışını yüksək qiymətləndirən ehtiyatda olan polkovnik Elxan Qaniyev "Sherg.az"a deyib ki, bu, çox yaxşı təşəbbüsdür:

 “Əlbəttə, belə bir addım atılmalı idi. Hələ 1992-ci ildə gənc əsgərləri yetişdirməkdə türk zabitləri bizə kömək edirdi. Mən o vaxtdan türk qardaşlarımızın hərb sahəsindəki şücaətlərinə, bacarıqlarına bələdəm.

Türkiyə ordusu nümunəvi silahlı qüvvələrdəndir. Onlar ən müasir - V nəsil silahlara malikdirlər. Bu, bizi ancaq qürurlandıra bilər. Belə bir təşəbbüs vaxtında atılmış addımdır”.