Bir gözümüz gülür, biri də ağlayır ! – “Ordumuz irəliləyir sevinirik, şəhidlərimizə isə...” 

10  günə yaxındır cəbhədə qızğın döyüşlər gedir. Ordumuz bu qısa müddət ərzində düşmənə layiqli cavabı verməklə yanaşı həm də işğalda olan torpaqlarımızın bir hissəsini azad edib. Uzun illərdir, işğalçıların tapdağında olan Cəbrayıl, Suqovuşan kimi əhəmiyyətli ərazilərə bayrağımız sancılıb.
Bütün bunlarla bərabər qarşı tərəfin həm hərbi, həm də iqtisadi durumunun gərgin olması, ermənilərin yavaş-yavaş Qarabağı tərk etməsi də məlum məsələlərdəndir. Belə bir vəziyyətdə Azərbaycan ordusunun əmin və qətiyyətli addımlarla qələbəyə doğru irəlilədiyini söyləsək, yanılmış olmarıq.

“Sherg.az”la həmsöhbət olan əməkdar artist Təyyar Bayramov da sevincini gizlətmədən ürək sözlərini dilə gətirib:

“Bir tərəfdən də kədərliyəm. Çünki şəhidlərimiz var. Allah onlara rəhmət eləsin. Amma Cənab Ali Baş Komandanımız və rəşadətli ordumuzun səyləri nəticəsində irəli getdiyimiz üçün sevinirik. Qarabağı işğaldan azad etməyimizə az qalıb. Şuşaya tərəf addımlayırıq. Hazırda xalq olaraq xoşbəxtik. Mən də ata-baba yurduma gedəcəyim üçün çox sevinirəm.”