Ermənistan ordusu ciddi ruh düşkünlüyü yaşayır

Müddəti keçmiş silahlarını işlətməyə belə mütəxəssisləri tapılmır

"Sentyabrın 27-dən başlayaraq davam edən proseslər bir daha Ermənistan dövlətinin mövcud vəziyyəti ilə bağlı reallıqları ortaya qoydu. İlin əvvəlindən başlayan pandemiya şəraiti bu dövlətin onsuz da pis olan iqtisadi, sosial vəziyyətini  və ölkədəki ictimai durumu daha da acınacaqlı hala saldı. Ermənistan rəhbərliyi çox gözəl anlayırdı ki, postpandemiya dövründə onları daha dəhşətli vəziyyət gözləyir. Lakin Ermənistan dövlət rəhbərliyi özünün təxribat xarakterli siyasətindən əl çəkmirdi. Son dövrlər intensiv hal alan yeni təxribatları nəticəsində yeni faktlar da aşkara çıxarıldı. Məlum oldu ki, uzun müddət həm dünyada, həm də regionda ordusu barəsində də yaratmağa çalışdığı görüntü utopiyadan və nağıldan başqa bir şey deyil".

Bu sözləri politoloq Xəyal Bəşirov "Şərq"ə açıqlamasında deyib. Politoloq  bildirib ki, cəbhədə son günlər baş verən proseslər göstərdi ki, Ermənistan əsgər çatışmazlığı ilə yanaşı, həm də orduya lazım olan minimum ehtiyacların təminatında belə çox ciddi problemlər yaşayır:

"Nikol Paşinyanın son çıxışı açıq-aydın şəkildə göstərdi ki, ermənilərin hərbi geyimlərində belə ciddi çatışmazlıqlar var. Nəzərə alaq ki, döyüşlər hələ də davam edir. Qarşıda isə tarixən müharibələrin müqəddəratının həll olunmasında çox böyük rol oynayan soyuq qış fəsli gəlir.

Bu halda proseslərin gedişatının hansı tərəfin xeyrinə olacağını anlamaq heç də çətin deyil. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan dövlətinin cinayətkar hakimiyyəti çox kiçik büdcələrindən az da olsa orduya ayırdıqları vəsaitləri də təyinatı üzrə istifadə etmədən mənimsəyiblər". 

X.Bəşirov əlavə edib ki, düşmənin müxtəlif üsullarla ayrı-ayrı dövlətlərdən aldığı, bir çox hallarda istifadə müddətləri keçmiş raketlərin və digər ağır silahların təyinatı üzrə istifadəsini həyata keçirən mütəxəssisləri  belə yoxdur: 

"Elə bu səbəbdəndir ki, dünyada qəbul olunmuş müharibə qanunlarına tam zidd olaraq, döyüş bölgəsindən uzaq məsafələrdə yerləşən ayrı-ayrı şəhərlərimizə raketlər atırlar. Nəticədə isə onlar  heç bir məqsədlərinə nail ola bilmirlər.

Digər tərəfdən Ermənistan ordusu baş verənlərdən çox ciddi ruh düşkünlüyü yaşamaqdadır. Artıq bu prosesin davamı olaraq həmin vəziyyət ciddi şəkildə ölkə vətəndaşlarına da yansımaqdadır.

Düşünürəm ki, Ermənistanda hakimiyyət böhranı yaşanır və orada hakimiyyət dəyişikliyi an məsələsidir".