"Tərtərdə həqiqətən möhtəşəm birliyin şahidi oldum"

Fotoqraf cəbhə bölgəsindən "Şərq"ə danışdı

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir. Qarabağda ardıcıl məğlubiyyətə uğrayan, ciddi itki verən və geri çəkilməyə məcbur olan işğalçı ordu dinc yaşayış məntəqələrini atəşə tutur. Ermənistan təbliğat vasitələri Azərbaycana qarşı təxribatçı informasiyalar yayır, guya, əhalidə təşviş yarandığını iddia edir. Lakin cəbhə bölgəsinə ezam olunmuş News24.az saytının fotoqrafı Adil Ağayev "Sherg.az"a açıqlamasında bildirib ki, insanların döyüş ruhu və vətənpərvərlik hissləri çox yüksək səviyyədədir:


"İlk dəfə idi ki, öz gözlərimlə canlı müharibə və döyüş görürdüm. Həm də tarixi bizə aid olan bir döyüş. Çəkiliş zamanı bu gün yeni tarix yazan igidlərimizin yanında oldum.

Onları görəndə tam əmin oldum ki, həqiqətən bizim əsgərlərimiz sandığımızdan daha çox cəsurdular. Yaşlarından asılı olmayaraq, onlar torpaqlarımızın düşməndən azad olunması üçün çox möhtəşəm və şücaətlə vuruşurlar.

Heç nədən çəkinməyərək və heç bir tərəddüd etmədən möhtəşəm tarix yazırlar. Onlardan özlərini necə hiss ediklərini soruşduqda isə igid əsgərlərimiz qürurla "Hər şey əladı, qazanacağımıza inanırıq!" deyirdilər". 

A.Ağayev Tərtər bölgəsində zərər çəkmiş insanların evlərində olduğunu da vurğulayıb:

"Ermənilərin törətdiyi təxribat nəticəsində bir çox mülki insanların evləri dağılıb və onlara ciddi ziyan dəyib. Amma həmvətənlərimiz heç nədən qorxmayaraq və milli ordumuza güvənərək evlərini tərk etmirdilər.

O anda öz-özümə dedim ki, belə böyük bir cəsarətə, güclü iradəyə sahib olan "XALQ" necə məğlub ola bilər axı?! Tərtərdə həqiqətən möhtəşəm birliyin şahidi oldum. Hamı ordumuza görə nəsə etməyə çalışırdı.

Kimin əlindən nə gəlirsə, onu artıqlaması ilə də edirdi. Yəni ki, bir sözlə, cəbhə xəttində ruh yüksəkliyi pik nöqtədədir. Tam əminliklə deyə bilərəm ki, bu birliklə biz, inşallah, qalib olacağıq!".