Paşinyan böyük oyunun "peşkası"dır

Qərbin məqsədi Rusiyanı da qaynar meydana çəkmək idi

"Moskva bunu yaxşı bildiyi üçün proseslərdən kənarda durmağa üstünlük verir və ermənilərin təxribatına getmir"

“Bu məsələ ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır”. Bu sözləri Prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində söyləyib. Dövlət başçısı deyib ki, Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək müzakirə mövzusu deyil. Halbuki, Ermənistan buna çox ümid edirdi: “Ermənistanın bu toqquşmanı bölgənin xaricinə çıxarmaq məqsədi də Rusiyanı buraya cəlb etməkdir. Ermənistan Azərbaycana hazırda Ermənistan ərazisindən niyə hücum edir?

Məhz ona görə ki, biz də hücum edək, o da Rusiya ilə, başqa ölkələrlə birgə iştirak etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin baş katibliyinə müraciət etsin və desin ki, Azərbaycan bizə hücum edir, gəlin bizə yardım edin”. Ölkə rəhbəri bəyan edib ki, iyul ayında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatın hədəflərindən biri bu idi ki, biz də hücum edək və dövlət sərhədini keçək: “İstəyirdilər ki, Kollektiv Təhlükəsizlik Təşkilatını, Rusiyanı bu işlərə cəlb etsinlər. Bu, növbəti təxribatdır və Ermənistan buna müvəffəq olmayacaq”. 



Prezidentin vurğuladığı məqamı “Şərq”ə təhlil edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib ki, dövlət başçısının çıxışında Rusiya ilə bağlı dedikləri siyasi gedişdir. Politoloqun sözlərinə görə, Rusiyanın bu problemdə rolu hamıya bəllidir:

“Son siyasi proseslərə kimi Rusiya bizimlə hədə dili ilə danışırdı. Türkiyənin prosesə daxil olması bu ritorikanı dəyişdi. Ermənistanın Rusiyanı, KTMT-ni münaqişəyə cəlb etmək istəyi onların məkirli planlarının tərkib hissəsidir.

Bu günə kimi Rusiya regionda özünü hakim qüvvə hesab edirdi. Türkiyənin son illər ərzində Suriya və Liviyada uğurlarından sonra, ümumiyyətlə, Yaxın Şərqdə söz sahibinə çevrilməsi Cənubi Qafqazda da həlledici rol oynamasına səbəb oldu”. 

A.Qasımov hesab edir ki, Qərbin Paşinyanı hakimiyyətə gətirməsində əsas məqsədi Azərbaycan-Ermənistan arasında genişmiqyaslı müharibə başlatmaq, bura Rusiyanı və Türkiyəni də cəlb etmək idi:

“Rusiya bunu bildiyi üçün münaqişədən kənar durur. Rusiya baş nazir Mişustinin Yerevana səfəri Ermənistanın Azərbaycan ərazilərini raket atəşinə tutması fonunda Azərbaycanın adekvat cavab verməsi və bununla Rusiyanın, Türkiyənin münaqişəyə daxil olması təhlükəsi ilə əlaqəlidir. Hesab edirəm ki, məhz bu səfərin nəticəsidir ki, Gəncənin, Mingəçevirin raket atəşinə tutulması hələlik dayanıb.

Qərbin məqsədi regionda müharibə ocaqları yaratmaqla Rusiyanı zəiflədib parçalamaqdır. Moskva bunu yaxşı bildiyi üçün proseslərdən kənarda durmağa üstünlük verir və ermənilərin təxribatına getmir”.