"Sevincdən ağlayırdım..."

Ramil Səfərovun atası "Şərq" vasitəsi ilə xalqımızı təbrik edib

"Məni ən çox təsirləndirən Prezidentimizin qətiyyəti, sərt və dəyişməz mövqeyi oldu"

Xalqımızın qəhrəman oğlu, polkovnik-leytenant Ramil Səfərovun atası Sahib Səfərov cəbhədə əldə edilən qələbələr münasibətilə təbriklərini “Şərq” vasitəsilə xalqımıza çatdırdı. S.Səfərov qeyd etdi ki, Cəbrayılın işğaldan azad olunması xəbərini göz yaşları içində qarşılayıb. Gecə saat 2-dək telefonu susmayıb və tanıdığı-tanımadığı insanların təbriklərini qəbul edib:

- Çox adam gəlir, hamı məni təbrik edir, göz aydınlığı verir, amma mənim üçün ən xoş gün, ən böyük qələbə işğal altındakı bütün torpaqlarımızın, Şuşa, Xankəndi, Laçın, Kəlbəcər... bütün torpaqlarımızın işğaldan azad ediləcəyi gün olacaq. Xəbərləri dəqiqə-dəqiqə izləyirəm. Cənab Ali Baş Komandanın çıxışlarını, xalqa müraciətlərini izləyirəm, təbriklərini oxuyuram.

Oktyabrın 3-ü mənim doğma kəndim Şükürbəyli azad olundu, oktyabrın 4-ü isə Cəbrayıl rayonu. Gecə 2-dək zənglər gəlirdi. Sevincdən ağlayırdım, səsim də tutulmuşdu. Məni ən çox təsirləndirən və ruhlandıran cənab Prezidentin danışığı, qətiyyəti, erməni siyasi rəhbərlərini öz məntiqi ilə susdurması, digər dövlət başçılarına verdiyi cavablar, sərt və dəyişməz mövqeyi oldu. Bu bizim hər birimizi ruhlandırır və tam qələbəyə əminlik yaradır ki, şəhidlərimizin – Polad Həşimovun, Mübariz İbrahimovun, .... istər zabit heyəti, istərsə də sıravi əsgər – heç bir şəhidimizin qanı yerdə qalmayacaq.

Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməklə şəhid ruhlarını sevindirəcək. Prezident çox doğru dedi ki, erməni əsgərinin bizim torpaqda nə işi var?! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan əsgəri öz torpağında, Vətəni uğrunda döyüşür. Zamanında ulu öndər Heydər Əliyev də demişdi ki, Azərbaycan torpaqlarının hər bir qarışı işğaldan azad ediləcək, bir qarış torpağımızı da düşmənə güzəştə getməyəcəyik. İndi onun dedikləri həyata keçir.

Azərbaycan Ordusu təminatlı, güclü bir ordudur. Əsgərimiz də qəhrəman, ürəkli, cəsurdu. Ermənilər üzbəüz döyüşdən çəkinir, ona görə də hara gəldi mərmi atır, mülki obyektləri, dinc sakinlər yaşayan yerləri vururlar. Bu, onların həmişəki adətidi. Mən qəhrəman əsgər və zabitlərimizi, komandirləri təbrik edirəm. Qismən səfərbərlik elan olunmasına baxmayaraq milyonlarla gənc orduya yazılır, cəbhəyə can atır. Hamı cəbhəyə könüllü getmək istəyir. Bu bizi daha da ruhlandırır. Qələbə bizimdir, ordumuz cənab Ali Baş Komandanla tam zəfər çalacaq. Qarabağ Azərbaycandır! 

S.Səfərov bildirdi ki, Azərbaycan ordusunun zabiti, polkovnik-leytenant Ramil Səfərov yenə xidməti başındadır, ona tapşırılan vəzifələrini yerinə yetirir: 

- Bir şeyi də deyim ki, Ramilin azadlığa buraxılacağına heç kəsin ümidi olmadığı vaxtlarda belə mən inanırdım ki, Azərbaycan dövləti və cənab prezident ona sahib çıxacaq. Müxtəlif məclislərə gedirdim, çıxış üçün söz verirdilər və mən hər dəfə də deyirdim ki, Ramil qayıdacaq! Nəhayət, o gün gəlib çatdı, Ramil ekstradisiya olundu, əfv olundu və ona prezident tərəfindən yüksək etimad göstərildi. İndi də torpaqlarımızın işğaldan azad olunması vaxtı yetişdi. İşğala son qoyulmasına Cocuq Mərcanlı alınanda başlandı.

Hər şeyin bir qırılma vaxtı olur, necə ki zəncir dartılır, dartılır, sonunda qırılır, indi də o qırılma vaxtıdır. Artıq Azərbaycan xalqı şanlı ordusuyla, Ali Baş Komandanın rəhbərliyi altında işğala son qoyulmasına başlayıb. Qələbə çox yaxındır.