Fransa özünü həmsədrlikdən kənarlaşdırdı

Türkiyə regionda sülhün, sabitliyin, beynəlxalq qanunun universal formada tədqiq olunmasında maraqlıdır

Tarixin səhifələrini vərəqləyəndə görürük ki, Ermənistan kimi hazırkı Fransa hakimiyyətinin də xislətində naqislik var. Bu gün Fransanın Ermənistana dəstəyi bizi təəccübləndirməli deyil. Fransa hökuməti Xocalı soyqırımını tanımır. Ona görə də bu ölkənin mövqeyi düşmən tərəfə yönəlib.  Əlbəttə, Minsk Qrupunun həmsədr ölkəsi kimi, Fransanın birtərəfli mövqeyi beynəxalq hüquq normalarına ziddir. Ancaq bəzi ölkələrin, xüsusilə Fransanın Azərbaycanı dayandırması mümkünsüzdür. Azərbaycana atəşkəs çağırışı edənlər ötən 30 ildə ermənilərin işğal etdikləri torpaqlardan çıxması üçün bir addım belə atmayıblar. 

Hazırda beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Belə olduğu halda həmsədr ölkə başçısı olan Emmanuel Makronun qeyri-obyektiv yanaşması və açıq-aşkar tərəfkeşliyi bəzi suallar doğurur. Makron Prezident İlham Əliyevə zəng edərək Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi keçirdiyini deyir. Fransalı prezident heç bir dəlil və faktlarla çıxış etmədən, açıq-aşkar separatçı rejimin yanında olduğunu vurğulayır.

Fransanın mövcud proseslər fonundakı yanaşmasına dair “Sherg.az”a danışan AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov bildirib ki, beynəlxalq qanunun hər bir iddiası, kəlməsi və sözü Azərbaycanın tərəfindədir. 

Parlamentarinin fikrincə, faciə ondan ibarətdir ki, beynəlxalq qanunun keşiyində dayanmaq işini həyata keçirməkdə məsuliyyət daşıyan ölkələrin özü beynəlxalq qanunu pozurlar:

“Bu məqamın ən son nümunəsini Fransa nümayiş etdirdi. Fransa həmsədr olduğu halda, beynəlxalq qanunun keşiyində dayanmağa borclu olmasına baxmayaraq, qanuna zidd hərəkətlər etdi. Sübuta yetirilməmiş məsələlərin gündəmə gətirilməsinin şahidi olduq. Cənab Prezident dedi ki, hansısa faktlar varsa, göstərsinlər.

Amma təqdim edə bilmədilər. Çünki birbaşa faşist ideologiyasından çıxış edirlər. Ona görə dünya ölkələrinin ermənilərə qayğıkeş münasibətinə təəccüblənməli deyilik.

Xüsusilə, Avropanın daxilində Azərbaycana, Türkiyəyə və islama qarşı fərqli hislər mövcuddur. Onlar beynəlxalq qanunu yaddan çıxarırlar və normal davranış nümayiş etdirmirlər. Görürlər ki, Azərbaycanda müqəddəs Vətən anlayışı və islam dəyərləri var. Ona görə də məsələni tamamilə başqa cür yozmağa başlayırlar. Mübarizəmizi davam etdirməliyik. Beynəxalq qanunu Fransanın təqdim etdiyi tərzdə yox, universal formada tədqiq etməliyik”.

Türkiyənin Minsk Qrupuna həmsədr ölkə kimi gətirilməsi məsələsinə gəlincə, S.Seyidov vurğulayıb ki, son günlərdə Fransa özünü həmsədrlikdən kənarlaşdırdı:

“Fransa qeyri-obyektiv bəyanatlarla və tərəf tutmaqla, terroristləri dəstəkləməklə və Azərbaycana qarşı tamamilə yersiz iddialarla çıxış etməklə özünü tam şəkildə ifşa etdi. Son zamanlar canlı şahid olduq ki, Türkiyə regionda sülhün, sabitliyin, beynəlxalq qanunun universal formada tədqiq olunmasında maraqlıdır. NATO rəhbərliyi ilə görüşdə Türkiyənin xarici işlər naziri Mövlud  Çavuşoğlu dedi ki, “necə olur, NATO Ukraynanı, Gürcüstanı müdafiə edir, amma Azərbaycanı müdafiə etmir?”. Deməli, Türkiyə Azərbaycanı yox, beynəlxalq qanunun universal tədqiq olunmasını müdafiə edir. Bu da o deməkdir ki, Türkiyə artıq özünü regionda etibar qazanmış ölkə kimi sübut edib”. 

Parlament üzvü qeyd edib ki, münaqişəni həll etmək və prosesə təsir göstərmək imkanına malik ölkələr var. Bu ölkələr Türkiyə və Rusiyadır:

“Yoxsa Makron Fransada oturub fransızlığını edəcək və bəyanat verib deyəcək ki, “məsələni həll edəcəm”. Hansı məsələni həll edəcək? Makron heç öz ölkəsində olan problemi həll edə bilmir. Getsin sarı jiletlilərlə bağlı problemi həll etsin görək edə bilir, ya yox.

Makron artıq bir vasitəçi kimi özünü bu məsələlərdən kənarlaşdırıb. O, qeyri-peşəkar və məsuliyyətsiz davranış sərgiləyir. Cənab Prezident TRT kanalına müsahibə verərkən müxbir soruşdu ki, “siz deyə bilərsiz Ermənistanda Suriyadan gətirilmiş terrorçular var, yoxsa, yox?”.

Ölkə başçımız isə cavab verdi ki, “biz məsuliyyətli dövlətik və bu məlumat olduğu halda, yüz faiz sübuta yetirilmiş faktlar olmadığı üçün bu haqda danışmayacağıq”. Çətin bir vəziyyətdə Prezidentimiz nümunəvi və məsuliyyətli davranış göstərir.

O boyda Fransa prezidentinə isə deyirlər ki, faktlar varsa, təqdim etsin, amma təqdim edə bilmir. Yaxud da Ermənistan prezidentinə deyirik ki, F-16 ilə bağlı iddialarını sübut etsin. O da sübut edə bilmir və bütün dünyaya özünü biabır edir. Prezidentimiz yüksək diplomatik qabiliyyətlərin sahibi olduğu, beynəlxalq münasibətlərin incəliklərini və geosiyasi məsələrin bütün cizgilərini dərk etdiyi üçün dünyada nüfuz qazanıb. Onun nüfuzu isə Azərbaycanın nüfuzudur”.