Deputat: “Avropa Parlamentində lobbiçilik korrupsiyaya çevrilib” - Ədalətsiz mövqe tutur !  

“Zəngin erməni diasporu siyasi korrupsiyadan istifadə edərək, bir sıra Avropa nümayəndələrini siyasi cinayətlərə vadar edir”

"AP -nin bəzi siyasətçiləri Suriyanın cinayətkar başçısı Bəşər Əsədlə eyni fikirləri ifadə edir. Bu, böyük şübhələr doğurur”

“Azərbaycan ordusu BMT-nin TŞ  və Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin icrası ilə məşğuldur”


Bu gün Avropa Parlamentində Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Millət vəkili Cavanşir Feyziyev Avropa Parlamentindən olan həmkarı xanım Marina Kalyurand ilə onlayn formatda görüş keçirib.
C.Feyziyev 27 sentyabrda başlayan növbəti erməni təxribatı və onun nəticələri barədə avropalı həmkarına ətraflı məlumat verib. Deputat Ermənistanın bu təxribatının gözlənilən olduğunu bildirib: “Azərbaycan bununla bağlı beynəlxalq ictimaiyyəti artıq bir müddətdir ki, xəbərdar edirdi və tədbirlər görülməyəcəyi təqdirdə növbəti təxribatın qaçılmaz olduğunu ifadə edirdi.

Lakin təəssüflər olsun ki, Azərbaycanın bu çağırışlarına məhəl qoyulmadı və 30 il ərzində susqunluq göstərən, münaqişə ilə bağlı guya balanslı mövqe tutan təşkilatlar və ölkələr yenə də səssiz qalmağa üstünlük verdilər. Bu isə sonda Qarabağ bölgəsində yeni müharibənin alovlanmasına gətirib çıxardı”.

Avropa Parlamentinin üzvü M.Kalyurand münaqişənin aktiv hərbi əməliyyatlər fazasına daxil olmasından narahat olduqlarını diqqətə çatdırıb. O, yenidən danışıqlar masasına qayıdılması imkanlarını sorğu edib.

Xanım Kalyurand millət vəkilinin həmçinin Türkiyədən gələn hərbiçilərin və Suriyadan olan muzdluların da Azərbaycan tərəfdən döyüşlərdə iştirak etməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirməsini xahiş edib. Avropalı deputat bu xəbərlərin Avropa institutlarında çox cidd narahatlıq və narazılıq doğurduğunu ifadə edib.



Millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında bildirib ki, bir sıra demokratik ölkələrdə lobbiçilik artıq korrupsiyaya çevrilib.
Parlament üzvü vurğulayıb ki, ABŞ  Konqresində lobbiçilik rəsmidir. Lakin Avropa Parlamentində bu, qeyri-rəsmi həyata keçirilir:

“Zəngin erməni diasporu siyasi korrupsiyadan istifadə edərək, bir sıra Avropa nümayəndələrini siyasi cinayətlərə vadar edir. Çox maraqlıdır ki, Avropa Parlamentində bəzi siyasətçilərin çıxışı Suriyanın cinayətkar başçısı Bəşər Əsədlə eyni fikirləri ifadə edir. Bu, böyük şübhələr doğurur”.

A.Mollazadə söyləyib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri Minsk Qrupunun funksiyalarını həyata keçirir:

“Azərbaycan Silahlı Qüvvələri sülhməramlı missiyanı həyata keçirir. Çox istərdim ki, Avropa və digər ölkələrdəki siyasətçilər bu məsələyə diqqət yetirsinlər. Minsk Qrupu iflasa uğradığına görə, bu gün Azərbaycan Silahlı Qüvvələri bütün funksiyaları öz üzərinə götürüb və sülhü bərqərar etməyə çalışır. Azərbaycan Silahlı Qüvvələri həmçinin BMT-nin Təhlükəsizlik Şurası və Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin icrası ilə məşğuldur”.