BDU -dan orduya DƏSTƏK - Fonda 200 min manat köçürdü 

Dünən Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının iclası keçirilib. İclasda çıxış edən BDU-nun rektoru Elçin Babayev sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlərin artıq 9 gündür ki, davam etdiyini bildirərək, təcavüzkar Ermənistanın silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan, iri çaplı silahlardan yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutulduğunu qeyd edib. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib. Düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, yüzlərlə canlı qüvvəsi məhv edilib.

Rektor əlavə edib ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur. Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya atəşinə tutur və bununla da mülki əhalimizə qarşı müxtəlif cinayətlərin törədilməsi davam edir. Erməni qəsbkarları Azərbaycanın Beyləqan, Tovuz, Tərtər, Xızı, Gəncə, Şəmkir, Mingəçevir, Abşeron, Göygöl, Bərdə, Füzuli, Ağdam şəhərlərinə, dinc əhaliyə atəş açıblar.

Rektor qeyd edib ki, mənfur düşmənin təcavüzkar əməllərinə baxmayaraq şanlı Ordumuzun uğurlu döyüşləri nəticəsində torpaqlarımızın azad olunması, Azərbaycan ordusunun düşmən üzərindəki qələləbələri xalqda böyük ruh yüksəkliyi yaradıb. Bu gün hər bir Azərbaycan vətəndaşının ürəyi müzəffər ordumuzla döyünür. Səbirsizliklə qələbələrin davamını və Böyük Qələbə gününü gözləyirik və əminik ki, o gün çox yaxındır. Sonra universitet əməkdaşları çıxış edərək Azərbaycanın haqq mübarizəsindən, ordumuzun qələbələrindən, Azərbaycan Prezidentinin qətiyyətli siyasətindən söz açıblar. Onlar  BDU-nun professor-müəllim heyətinin hər an Ali Baş Komandanın, Şanlı Ordumuzun yanında olduqlarını bildirib, cəbhə üçün, qələbə üçün bütün qüvvələrin səfərbər olduğunu bildiriblər.

BDU-nun ağsaqqal professorları təklif ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 200 min manat yardım edilsin. Təklif böyük ruh yüksəkliyi ilə yekdilliklə qəbul olunub.

Bundan əlavə, AMEA-nın həqiqi üvzü, professor Vasif Babazadə, professor Cahangir Məmmədli bir aylıq maaşlarının Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ayrılması təşəbbüsü ilə çıxış ediblər.

Cahangir Məmmədlinin emosional nitqi iclas iştirakçılarına kövrək anlar yaşadıb. O, belə bir addımın vətəndaşlıq borcu olduğunu deyib:

“Mənim ata torpağım- Ağdamın Novruzlu kəndi hazırda işğal altındadır. Odur ki, ali məktəbdə iki vəzifə tutduğuma görə, bir aylıq maaşımı bütünlüklə ordumuza ayırmağı özümə borc bildim. Prezident, ali baş komandan İlham Əliyevin qətiyyəti, əsgərlərimizin şücaəti hər kəs kimi məndə də ən yaxın zamanda Dağlıq Qarabağın tamamilə azad olunması ilə bağlı əminlik yaradır. İnanıram ki, dövlət başçısının növbəti qələbə  “twit”i doğma kəndim-Novruzlu barədə olacaq”.