Paşinyan dediklərini təkrarlayır: “Ordumuzun zərbələri ilə şəfa tapacaq”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan razıdırsa, güzəştə hazır olduğunu deyib. O, bu barədə “L’Agenc France-Presse”  agentliyinə verdiyi müsahibəsində bildirib. Erməni baş nazir qeyd edib: “Münaqişəyə dair qətnamələrin icrası güzəştə əsaslanmalıdır. Qondarma Dağlıq Qarabağ rejimi və Ermənistan güzəştə hazırdırlar, bir şərtlə ki, Azərbaycan da buna hazır olsun!”. 

Diqqətçəkən məqam Paşinyanın qondarma Dağlıq Qarabağ respublikasını da üçüncü bir tərəf göstərməsidir. Görünür, ağlı öz siyasi səhvlərinə gedib.



 Politoloq Mübariz Əhmədoğlu bu barədə “Sherg.az”a danışarkən Paşinyanın inadkarlığını xüsusu vurğulayıb:

 “Baş nazir demək istəyirdi ki, genişmiqyaslı hərbi əməliyyatların onuncu günü də onun fikrini dəyişmir. Yəni eyni mövqedədir. Yenə də qondarma Dağlıq Qarabağ respublikasını üçüncü tərəf qismində diqqətə çatdırır. Əslində açıqlamasının məzmunu sadəcə bundan ibarətdir. Yeni məqam yoxdur: əvvəl dediklərini təkrarlayır”.

M.Əhmədoğlunun fikrincə, biz Paşinyanın bu sərsəmləmələrinə əhəmiyyət verməməliyik:

 “Azərbaycan əsgər və zabitləri əks- hücum əməliyyatlarını uğurla davam etdirirlər. Ordumuzun taktiki düzülüşü çox yaxşıdır. Əvvəl Ermənistan İran ərazisinə bomba atırdı. İran da bunu bizim boynumuza yıxırdı. Amma indiki taktiki düzülüş buna imkan vermir. Zənnimcə, biz yaxın iki-üç günə çox ciddi uğurlar əldə edəcək, Mehriyədək gedəcəyik.

Bu, Paşinyanı ağıllandıracaq. O, çox ağır xəstədir. Azərbaycanın əsgərinin atdığı top, raket zərbələri ilə şəfa tapacaq”.