Vətənə borcunu ödəyənlərin başqa borcu ola bilməz! – Şəhidlərin krediti silinir !

 “Azərbaycan müstəqillik dövrünün ən yüksək səviyyədə həmrəylik günlərini yaşayır”

“Siyasi baxış və mövqelərindən asılı olmayaraq hər kəs bir yumruq kimi birləşib”


“Kontakt Home” mağazalar şəbəkəsi şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir. Bu barədə “Kontakt Home”-un İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib:

“Ordumuzun hazırki ruh yüksəkliyi, döyüş əzmkarlığı və uğurları bizi olduqca sevindirir. İnanırıq ki, bu haqq mübarizəsində qələbə bizim tərəfimizdə olacaq. İgid hərbçilərimiz də ən qısa zamanda sağ-salamat öz doğmalarının yanına qayıdacaq. Çox istərdik ki, millətimiz şəhid verməsin. Amma döyüş meydanında şəhidin olması qaçılmazdır.

Bu savaşda həyatını itirən oğulların Vətənə borcu qalmayıbsa, demək ki, bizə də qala bilməz. Əksinə, bizim onlara vəfa borcumuz var. Bu borcu ödəmək üçün şəbəkəmiz onların ailə üzvlərinin (valideylərinin, həyat yoldaşları və övladlarının) şirkətə olan kredit borclarını ləğv etməyi öhdəliyinə götürür”.

“İrşad Elektronics” də “Facebook” sosial şəbəkəsindəki hesabında məlumat paylaşaraq bildirib ki, torpaqlarımızın azad olunması uğrunda döyüşən hərbçilərimiz arasında şəhid olan və ya yaralananlar olarsa, onların kredit borcları tam silinəcək:

“Hərbçilərimizin qələbə xəbərlərini gözləyir və sağ-salamat evlərinə dönmələrini arzulayırıq. Vətən borcunu ödəyənlərin başqa bir borcu ola bilməz!”
Sözügedən təşəbbüsü yüksək dəyərləndirdiyini deyən iqtisadçı-ekspert Fuad İbrahimov “Sherg.az”a bildirib ki, kommersiya şirkətləri bunu ənənəvi hala çevirsələr, cəmiyyətimizdə böyük rəğbət qazana bilərlər.

İqtisadçının sözlərinə görə, xalqımızda böyük əhval-ruhiyyə var. Hətta ən kasıb vətəndaşımız belə ordumuza dəstək üçün əlindən gələni etməyə hazırdır:

“Bu gün Azərbaycan müstəqillik dövrünün ən yüksək səviyyədə həmrəylik günlərini yaşayır. Siyasi baxış və mövqelərindən asılı olmayaraq hər kəs bir yumruq kimi birləşib. Zəngin şəxslərdən tutmuş imkansız vətəndaşlarımıza qədər hər kəsin bir amalı var: Torpaqlarımızı azad edən əsgərlərimizə və ordumuza maddi-mənəvi yardım etmək.

Artıq ayrı-ayrı biznes təşkilatları, kommersiya müəssisələri belə tədbirlər həyata keçirir. Məsələn, “Kontakt Home” və digər şirkətlər şəhid ailələrinin borclarını silirlər. Bir iqtisadçı və vətəndaş kimi həmin şirkətlərin rəhbərlərinə xüsusi rəğbətimi bildirirəm. Bütün bunlar təqdirlayiqdir, belə də olmalıdır”.

F.ibrahimov qeyd edib ki, yardımlar məcburi və ya icbari xarakter daşıya bilməz. Burada könüllük prinsipi əsas rol oynayır:

“Düşünürəm ki, belə təbdirlər davamlı şəkildə aparılsa, yaxşı olar. Amma bunu məcburiyyət qarşısında etmək olmaz. Lakin xalqımız əlindən gələn hər bir köməkliyi ürəklə, dərin istəklə edir. Kimin əlində nə imkan varsa, əsirgəmir. Hətta biznesi olmayan vətəndaşlarımız belə sonuncu pulunu cəbhəyə əsgərimizə kömək üçün göndərirlər. Bu addımlar gözəl günlərimizi daha da firavan edəcək”.