Bu vətən müharibəsidir ! - “Nə İran, nə də başqası bizə “dayandır” deyə bilər!”

“Əskinə bütün dünya dövlətləri Azərbaycanın yanında olmalı və erməniləri işğala son qoymağa məcbur etməlidir”

“BMT-nin qətnaməsində də qeyd olunub ki, Ermənistan şərtsiz olaraq Azərbaycan torpaqlarından çıxmalıdır”

“Öz xoşu ilə çıxmırsa, artıq biz onları torpaqlarımızdan çıxarırıq. Buna tam şəkildə haqqımız da var”


İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. H.Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib. O, münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.


Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın 27-dən başlamış və bu gün də davam edən Ermənistanın hərbi təxribatı nəticəsində təmas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə hərbi qulluqçularımız, 27 mülki şəxsimiz həlak olub, 170-dən çoxu yaralanıb, 900-dən artıq evə ziyan dəyib və ya tamamilə dağıdılıb. Azərbaycan tərəfi uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın bir hissəni işğaldan azad edib.

Ölkə başçısı bildirib ki, Ermənistanın davam edən hərbi təcavüzü və təxribatları regionda sülhün və təhlükəsizliyin təmin olunması işində ən böyük əngəldir.

Məlum danışığı “Sherg.az”a şərh edən Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, bütün dünya dövlətləri Azərbaycanın yanında olmalı və erməniləri işğala son qoymağa məcbur etməlidir.

Partiya sədri vurğulayıb ki, Azərbaycana müharibənin dayandırılması ilə bağlı təzyiq etmək və ya göstəriş vermək beynəlxalq hüququ kobud surətdə pozmaq deməkdir:

“İran tərəfinin guya münaqişədən narahat olduğu deməsi və məsələnin sülhlə həllinə dair fikirlər səsləndirməsi səmimi deyil. Çünki Dağlıq Qarabağ münaqişəsinin sülhlə həlli yoxdur. Onsuz da məsələnin sonu sülh olacaq.

Bu sülh də ancaq Ermənistanla Azərbaycan dövləti arasında münasibətlərin yoluna qoyulmasına aid ola bilər. Sülhün qətiyyən Dağlıq Qarabağ statusuna aidiyyəti ola bilməz. Çünki işğal haqqında qətnamənin şərtlərinə görə, Ermənistan işğalın nəticəsindən bəhrələnə bilməz.

Dağlıq Qarabağ muxtar vilayəti statusunun Azərbaycanın tərkibindən çıxmaq hüququ olmadığına görə, ermənilərin atdıqları addımlar Azərbaycan dövlətinə qiyam kimi dəyərləndirilir. Nə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxması ilə bağlı iddiaları, nə də bu müharibənin nəticəsində Dağlıq Qarabağa hər hansı bir status verilməsi məsələsi qanunidir.

Dağlıq Qarabağa muxtar vilayət verilməsi haqqında Azərbaycan qanunverciliyində yazılıb ki, bir şərtlə muxtariyyət verilə bilər: Ermənilər heç vaxt Qarabağın Azərbaycanın tərkibindən ayrılıb Ermənistanın tərkibinə daxil olmaq məsələsini qaldırmasınlar”.

S.Cəlaloğlu qeyd edib ki, Azərbaycan Qarabağla bağlı hansısa danışıqlara razılaşacaqsa, bu, 30 il əvvəlki vəziyyətə qayıtmağımız demək olacaq:

“Hər kəs bilir ki, erməni dövləti yaranmazdan qabaq Dağlıq Qarabağ problemi var idi.

Biz heç bir dövləti yanımızda olmağa dəvət etmirik. Sadəcə bütün dünya ictimaiyyətini beynəlxalq hüququn yanında olmağa, BMT-nin qəbul etdiyi qətnamələrə hörmət etməyə çağırırıq. BMT-nin qətnaməsində də qeyd olunub ki, Ermənistan şərtsiz olaraq Azərbaycan torpaqlarından çıxmalıdır. Öz xoşu ilə çıxmırsa, artıq biz onları torpaqlarımızdan çıxarırıq. Buna tam şəkildə haqqımız da var”.

Partiya sədrinin sözlərinə görə, faktiki olaraq bu gün Azərbaycan BMT-nin qətnaməsini icra edir:

“BMT üzvü olan dövlətlər isə buna görə bizə təşəkkür edib, minnətdar olmaq əvəzinə hansısa bəyənatı verirlər. Belə çıxır ki, onlar bu qətnamələri qəbul edəndə ağılları başlarında deyildi.

BMT qətnaməsində qeyd edib ki, Ermənistan şərtsiz olaraq Azərbaycan torpaqlarından çıxmalıdır. Lakin 30 ildir ki, beynəlxalq hüquq qaydalarını pozur və torpaqlardan çıxmır. İndi isə Azərbaycan BMT-nin qətnaməsinin icrasına yönəlik addımlar atır deyə, bizə qarşı sanksiya tətbiq etmək istəyirlər və bəyanatlar verirlər. Faktiki olaraq dünya dövlətləri öz qərarlarına hörmət etmir. Ona görə də heç kəs bizə müharibəni dayandırmağı məsləhət edə bilməz.

Torpaqlarımızda baş verənlər bizim daxili işimizdir. Bu vətən müharibəsidir.  Nə İran, nə də başqa ölkələr Azərbaycana “Torpaqlarını azad etmə, müharibəni dayandır” deyə bilməz!”.