Kreml Paşinyandan üz döndərib ! - Çanaq öz başında çatladı: “Rusiya onu başa saldı ki...” 

“Düşmənin əsas məqsədi  Bakı-Tbilisi-Ceyhan neft kəmərini zərbə altında qoymaqdır”

"Avropa dövlətlərinin məsələyə səssiz qalmaları, xüsusi bir bəyanat verməmələri isə yaxşı hal deyil”

“Onlar məsələyə reaksiya göstərməlidirlər”

Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri dünən regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə alıblar. Düşmən kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirib. Lakin ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.

Bundan başqa, düşmən ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə alıblar. Nəticədə Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olub. Həmin kənd sakini 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.

Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə alması isə artıq son həddir. Axı bu addım həm də Avropanın maraqlarına ziddir.

 İşğalçının növbəti təxrtibatı barədə “Sherg.az”a fikirlərini bildirən millər vəkili Vahid Əhmədov təcavüzkarı dayandırmağın yolunu göstərdi: 

“Tovuz hadisələri zamanı da əsas məqsəd məhz Bakı-Tbilisi-Ceyhan neft kəmərini zərbə altında qoymaq idi. Amma çanaq öz başlarında çatladı. Atdıqları bombaların əksəriyyəti faktiki olaraq partlamır.

Avropa dövlətlərinin məsələyə səssiz qalmaları, xüsusi bir bəyanat verməmələri isə yaxşı hal deyil. Onlar məsələyə reaksiya göstərməlidirlər”.

V.Əhmədov təxribatın arxasında dayanan hədəfi də açıqladı: 

“Məqsəd əhali arasında panika yaratmaqdır. İkinci bir tərəfdən isə düşmən bu yolla dünya ölkələrinin diqqətini özünə çəkmək istəyir. Amma heç kəs Ermənistanın bu həyasızlığını, təxribatlarını qəbul etmir.

Hətta bir vaxtlar onu müdafiə edən Rusiya da başa saldı ki, müharibə Azərbaycan ərazisində gedir. Yəni Kreml belə, artıq Paşinyandan üz döndərib.

Ən yaxın zamanda qələbəmizin təmin olunacağını, Şuşada, Xankəndində bayrağımızın dalğalanacağını düşünürəm”.