Xalq artistindən kövrək notlar: “Torpaqlarımız qayıtsın, oraların ətrini duyaq"

Hazırda cəbhə bölgəsində gərgin döyüşlər gedir. Sentyabrın 27-i səhər saatlarında düşmənin təxribata əl atması ilə başlayan atışmalar indi ən pik həddə çatıb. Düşmən ölkənin baş naziri Nikol Paşinyanın dalana dirənməsi, qondarma respublikanın prezidentinin yaralanma xəbəri, Xankəndidə çalınan həyəcan təbili müzəffər ordumuzun və dövlətimizin uğurlu addımlarına bariz nümunədir. Əlbəttə, işğaldan azad olunan kəndlərimizi, yüksəkliklərimizi də qeyd etməsək olmaz. Onlara Cəbrayıl rayonunun qurtuluşunu, Füzulinin bəzi kəndlərinin işğaldan azad olunmasını və digər ard-arda gələn müjdəli xəbərləri misal göstərə bilərik.

Bu günlərlə bağlı “Sherg.az”a danışan xalq artisti Nəzakət Teymurova bir Qarabağ sakini kimi çox sevincli olduğunu söyləyib:
“Hər dəfə efirdə xəbərlərə baxanda haldan hala düşürəm. Keçirdiyim hisslərin adını qoya bilmirəm.
Torpağa olan sevgi bir başqa duyğudur. İşğal olunmuş torpaqlarımıza qovuşacağımız üçün çox xoşbəxtik.
Əvvəllər olduğu kimi yenə o bölgələrdə yaşayacağıq. İnşallah bütün torpaqlarımız qayıtsın, oraların ətrini duyaq. 
Bir də cənab prezident İlham Əliyevə və şanlı ordumuza bizə bu sevinci yaşatdıqları üçün təşəkkür edirəm. İllərdir,  o yerlərin həsrətində olan bir insan kimi minnətdaram".