Türkiyədən Qarabağa BAXIŞ: "Prezident İlham Əliyev nöqtəni qoydu...” – Qələbəyə inam !  

“...Və Ermənistanla onların başa düşdüyü dildə danışdı”

“İşğalçı Ermənistan bunu nə qədər tez başa düşərsə, itkiləri də bir o qədər az olacaq”

“Bu böyük savaşda Türkiyə dövləti və milləti hər an Azərbaycanın yanında oldu və dəstəyini əsirgəmədi”


 “İşğalçı Ermənistan dövləti 27 il öncə Azərbaycanın tarixi torpaqlarını ələ keçirib. Bu işğal zamanı ermənilər Qarabağda yaşayan türklərə qarşı insanlığa yaraşmayan vəhşilikləri törədiblər. Bir milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Erməni vəhşiliyinin ən bariz və acı nümunəsi Xocalı Soyqırımıdır”.

Bu fikirləri Türkiyənin “isparatacozum.com” saytına Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün Ermənistana qarşı apardığı hərbi əməliyyatlarla bağlı açıqlamasında Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru Abdulla Avey deyib.

Professor qeyd edib ki, Azərbaycan türkləri öz torpaqlarının bir parçası olan Dağlıq Qarabağın və ətraf bölgələrin itkisi ilə barışmamasına rəğmən, 27 ildir danışqlar masasından kənarda durmadı:

“Azərbaycan güc tətbiq etmədən səbrlə bu işğalın sona çatması üçün sülh yollarını aradı.  Ermənistan isə BMT-nin ermənilərin Azərbaycan torpaqlarından geri çəkilməsi ilə əlaqədar olan bütün qətnamələrini heçə sayır.

ATƏT-in Minsk Qrupunun erməni işğalına son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı heç bir iş görmədiyi bəlli oldu. Hətta Ermənistanı yeni provokasiyalar və təxribatlar törətmək üçün cəsarətləndirdi”.

A.Avey vurğulayıb ki, Türkiyə və bir neçə dövlətdən başqa digər ölkələr Ermənistanın işğalına səssiz qalıb:

“Münaqişənin sülh yolu ilə həll olunmadığı üçün Azərbaycan Prezidenti İlham Əliyev cəsarətlə nöqtəni qoydu və Ermənistanla onların başa düşdüyü dildə danışdı. Sentyabrın 27-də ermənilərin növbəti təxribatına qarşı Prezident İlham Əliyevin “irəli” əmri ilə Azərbaycan Ordusu hərəkətə keçdi.

Şanlı Ordumuz ən qısa zamanda işğalda olan torpaqlarımızı azad edəcək. İşğalçı Ermənistan bunu nə qədər tez başa düşərsə, itkiləri də bir o qədər az olacaq. Bu böyük savaşda Türkiyə dövləti və milləti hər an Azərbaycanın yanında oldu və dəstəyini əsirgəmədi.

Azərbaycan torpaqlarını terrorçulardan təmizləmək üçün mübarizə aparır və inanırıq ki, istəyinə nail olub qələbə qazanacaq!”.