"Azərbaycanın hərbi əməliyyatlara başlaması zərurət idi" - Arye Qut 

"Torpaqlar azad olunmayana qədər danışıqlara getməyin mənası yoxdur"

"İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Həm siyasi cəhətdən dəstəyini göstərib, həm də hərbi əməkdaşlığı genişləndirib"

"Ermənilər unudurlar ki, İsrail-Azərbaycan arasında əlaqələr bir-iki gün ərzində formalaşmayıb. İsrail hərbi əməliyyatların davam etdiyi dövrdə belə Azərbaycandan dəstəyini əsirgəmir"

Azərbaycan Ordusunun torpaqlarımızın azadlığı uğrunda apardığı hərbi əməliyyatlara xaricdən kifayət qədər böyük dəstək verilir. Beynəlxalq hüquqa hörmət edən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan istənilən dövlət Silahlı Qüvvələrimizin torpaqlarımızdakı təmizləmə əməliyyatını anlayışla qarşılayır. Çünki 30 ilə yaxındır aparılan danışıqlar prosesinin nəticəsiz qaldığı, mövcud vəziyyətin daha mürəkkəb hala gəldiyi dünya ictimaiyyətinə də bəllidir. O səbəbdən əksər ölkələr Ermənistanın işğalçılıq siyasətini pisləyir.

Azərbaycana dostcasına dəstək ifadə edən ölkələrdən biri də sıx əməkdaşlıq etdiyimiz İsraildir. Avrasiya materikində elə bir ölkə yoxdur ki, İsraillə strateji münasibətləri Azərbaycan qədər etibarlı olsun. Ötən illər ərzində rəsmi Bakı ikitərəfli münasibətlər üzrə öhdəliklərini heç zaman pozmayan ciddi, etibarlı tərəfdaş olduğunu dəfələrlə sübuta yetirib.

Məhz bu səbəbdən İsrail Azərbaycanın haqlı mübarizəsini müdafiə edib və açıq şəkildə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan regionda hansısa nizamlanmadan söhbət gedə bilməz. “İsraildə Azərbaycan evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, siyasi icmalçı Arye Qut da bu cür düşünənlər sırasındadır. “Şərq”in suallarını cavablandıran Azərbaycan dostu – Arye Qut hesab edir ki, əgər beynəlxalq aləm ədaləti bərpa edə bilmirsə, yaxud etmək istərmisə, o zaman işğala məruz qalan ölkə bunu öz gücünə etməlidir...

 - Azərbaycan Ordusunun işğalçılara qarşı hərbi əməliyyatlara başlamasını necə dəyərləndirirsiniz?  

 - Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə 30 il ərzində nail ola bilmədi. Beynəlxalq vasitəçilərin bundan sonra nəyəsə nail olacaqlarına heç kim, əsasən Azərbaycan dövləti və xalqı inanmır. Şəxsən uzun illərdir deyirdim ki, Azərbaycan haqqını bərpa etmək üçün öz gücünə arxalanmalı və dünyaya açıq-aydın bildirməlidir ki, heç kimdən asılı ölkə deyil. Dövlətin milli maraqları hər məsələdən öndə gəlir. Azərbaycan haqlı tərəfdir və öz doğma yurdlarından didərgin düşmüş 1 milyondan artıq insanın haqqı çatır ki, tezliklə yurd-yuvalarına qayıtsınlar. Bu baxımdan Azərbaycan Ordusunun hərbi əməliyyatlara başlaması zərurət idi. Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində dünyanın əksər ölkəsi rəsmi Bakıya dəstək verdi. Çünki BMT-də təmsil olunan bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Təhlükəsizlik Şurasının 4 qətnaməsinə səs verən dövlətlər ermənilərin işğalçı olduqlarını qəbul edirlər. Əgər Azərbaycanın hərbi gücü, ordusunun potensialı işğal altında olan torpaqları ermənilərin gözünün içinə baxa-baxa azad etmək iqtidarındadırsa, niyə bunu etməsinlər?! Prezidentin apardığı düzgün siyasət, Azərbaycan Ordusunun düşünülmüş taktiki planları sayəsində işğal altındakı torpaqların bir hissəsi artıq düşməndən azad edilib. Geosiyasi gərginlik, iqtisadi çətinliklər və pandemiya şəraitində Azərbaycan Ordusu zəbt olunmuş torpaqlarını azad edə bilirsə, bunun özü Azərbaycan dövlətinin və xalqının qələbəsi deməkdir. İnanıram ki, böyük qələbə uzaqda deyil. 

 - Hərbi əməliyyatlar başlayan gündən bir sıra beynəlxalq təşkilatlar, aparıcı dövlət başçıları Azərbaycan rəhbərliyinə müharibənin dayandırılması ilə bağlı çağırış ediblər. Sizcə, düşmən qüvvələri torpaqlarımızdan çıxmayanadək əməliyatları dayandırmaq olarmı? 

 - Prezident İlham Əliyev çox müstəqil siyasət yürüdür. Təbii olaraq, iki həftə ərzində bir çox dövlət rəhbəri Azərbaycan Prezidentinə zəng edərək hərbi əməliyyatları dayandırmağı xahiş edib. Lakin Prezident İlham Əliyev Azərbaycan millətinin maraqlarını ifadə edir və hansı addımın nə zaman atılacağını hamıdan yaxşı bilir. Hərbi əməliyyatları dayandırmaq lazım olanda ölkə Prezidenti bu qərarı özü verəcək. Amma bir neçə yaşayış məntəqəsinin, strateji yüksəkliklərin düşməndən azad edilməsi hələ müharibənin bitməsi anlamına gəlmir. Savaş davam edir. İndiki məqamda Azərbaycan Prezidentinin addımları və qərarları çox düzgündür. Azərbaycan torpaqlarının əksər hissəsi azad olunmayana qədər ermənilərlə danışıqlara getməyin mənası yoxdur. Əgər hərbi əməliyyatlara bu gün son verilsə, məsələ yenidən yarımçıq qalacaq və həlli uzanacaq. Azərbaycan xalqı da uğurlu hərbi əməliyyatların dayandırılmasını istəmir. Xalq 30 ildir həll edilməyən problemin birdəfəlik çözülməsini tələb edir. Məhz bu səbəbdən ölkə əhalisi yekdilliklə Azərbaycan Prezidentinin yanındadır. İsraildə yaşayan Azərbaycan kökənli insanlar da Prezidentə, xalqa və orduya hərtərəfli dəstək verirlər. Nə lazımdırsa, etməyə hazır olduqlarını deyirlər. İsraildə fəaliyyət göstərən Azərbaycan diasporası Vətən üçün canından keçməyə hazırdır. 

 - Növbəti dəfə Minsk Qrupunun həmsədri - Fransanın qeyri-adekvat münasibəti ilə üzləşdik. Vasitəçi ölkənin birbaşa işğalçı ermənilərin tərəfini tutmasını necə şərh edərdiniz? 

 - Fransa həmsədrlik missiyasını həyata keçirdiyi müddətdə daim ermənilərin, erməni lobbisinin maraqlarına xidmət edib. Rəsmi Paris erməni diasporasının diktəsi ilə hərəkət edir. Emmanuel Makronun siyasəti və mövqeyi ilə bağlı bütün tənqidlər, iradlar doğrudur. Keçmiş fransız rəhbərlərin də münaqişənin həlli prosesinə töhfəsi olmayıb. 30 ildir Azərbaycan dövləti Fransadan ədalətli yanaşma gözləyir, ancaq nəinki ədalətli yanaşma görür, üstəlik, daha qərəzli mövqeyin şahidi oluruq. Hazırda Azərbaycan ədaləti öz gücünə bərpa etməklə məşğuldur. O baxımdan Fransanın, ermənilərə arxa çıxan başqa dövlətlərin bəyanatlarına fikir vermək lazım deyil. Azərbaycanın milli maraqları hər şeydən üstündür. 

 - Azərbaycanın haqlı mübarizəsinə dəstək verən, Ermənistanın işğalçılığını pisləyən ölkələrdən biri də dost İsraildir. İndiki məqamda iki ölkənin əməkdaşlığı nə qədər önəmlidir? 

 - İsrail-Azərbaycan əlaqələri 30 il ərzində hərtərəfli inkişaf edib. İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Həm siyasi cəhətdən dəstəyini göstərib, həm də hərbi əməkdaşlığı genişləndirib. Sözsüz ki, Təl-Əvivin mövqeyi, Azərbaycanın yanında olması işğalçı Ermənistanın ciddi narahatlığına və qısqanclığına səbəb olub.

Məlumdur ki, ermənilər bir müddət öncə qaça-qaçla Təl-Əvivdə səfirlik açdılar. Məqsəd İsraillə Azərbaycan arasında hərbi-siyasi əlaqələrə maneçilik törətmək, əməkdaşlığı pozmaq idi. Ancaq ermənilər unudurlar ki, İsrail-Azərbaycan arasında əlaqələr bir-iki gün ərzində formalaşmayıb. İsrail hərbi əməliyyatların davam etdiyi dövrdə belə Azərbaycandan dəstəyini əsirgəmir. Sirr deyil ki, Azərbaycan Ordusunun arsenalında olan və hazırda düşmənə qarşı tətbiq olunan silah-sursatın əhəmiyyətli hissəsi İsraildən alınıb.

Bu dəstək ermənilərdə o qədər qısqanclıq yaratdı ki, ciddi canfəşanlıq nəticəsində Təl-Əvivdə açdıqları səfirliyi iki həftə sonra etiraz əlaməti olaraq bağladılar. Bu addım Ermənistanın İsraillə əlaqəsinin onlar üçün nə qədər cılız olduğunu sübuta yetirir. Amma Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədədir və heç bir neqativ təşəbbüs bu əlaqələri korlamaq gücündə deyil.

Çox sevindirici haldır ki, iki ölkənin siyasi, iqtisadi, hərbi əməkdaşlığında bizlər də körpü rolunu oynayırıq. Hazırda İsrail mediasında, ölkənin siyasi-ictimai gündəmində əsas mövzu Azərbaycanın apardığı haqlı mübarizədir. Hər həftə “Yeruselim Post”, “İsrael Hayom” nəşrlərində Qarabağla bağlı məqalələr dərc edilir. Ermənistan İsraildən tələb edir ki, Azərbaycana silah verilməsini dayandırsın. Biz isə deyirik ki, Təl-Əvivlə rəsmi Bakı arasındakı münasibətlərin inkişafında, sadəcə, siyasi-hərbi əməkdaşlıq rol oynamır. Yəhudilər və Azərbaycan xalqı tarix boyu bir-birinə dost və qardaş münasibətdə olublar.

Məhz iki xalqın qardaş münasibəti həm ölkələrimiz arasında dostluğa səbəb olub, həm də ən müasir hərbi texnikaların tərəddüdsüz Azərbaycan Ordusunun istifadəsinə verilməsinə şərait yaradıb.