Paşinyan çırpındıqca daha da batır

Ordumuz yekə-yekə danışan baş nazirin havasını yaxşıca alıb

Ermənistan baş naziri Nikol Paşinyanın BBC müxbirinin sualları qarşısında aciz vəziyyətə düşərək pərt olması sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Əslində, bu, baş nazirin ilk acizliyi deyil. Paşinyan bundan əvvəl də bir neçə dəfə beynəlxalq platformalarda, jurnalistlərə müsahibələrində verdiyi tutarsız və qeyri-real cavablarla gündəmə gəlib. Avqust ayında Paşinyan eyni kanalın “Hard Talk” proqramında məşhur jurnalist Stiven Sakurun obyektiv və faktlara əsaslanan sualları qarşısında aciz vəziyyətə düşmüşdü.

Yəni Paşinyan dəfələrlə siyasi ritorika və natiqlik səviyyəsi baxımından çox primitiv olduğunu dünya ictimaiyyətinə nümayiş etdirmişdi. Aparıcı tərəfindən dəfələrlə təkrarlanan suallara cavab verə bilməmişdi. Rüsvayçı müsahibə bir daha Paşinyanın nə dərəcədə savadsız, səriştəsiz, xəyalpərəst “siyasətçi” olduğunu göstərmişdi.

Baş nazirin rüsvay olmasının daha bir nümunəsi jurnalist İohan Fişerin ədalətli və sərt suallarına cavab verə bilməməsi ilə yaşanıb. Paşinyan artıq bütün dünyada qeyri-ciddi siyasətçi kimi qəbul edilir. BBC müxbirinin “İyirmi ildən çoxdur ki, Ermənistan Dağlıq Qarabağı və ətraf əraziləri qeyri-qanuni şəkildə işğal edib” sözləri qarşısında düşdüyü vəziyyətin daha da çətinləşdiyini görən Paşinyan buna söz tapa bilməyərək “Üzr istəyirəm bu, həqiqətə uyğun deyil” deməklə kifayətlənib. Jurnalistin ard-arda “Bu, həqiqətə uyğundur. Beynəlxalq hüquqa, BMT Baş Assambleyasının bəyannamələrinə baxın”, “Siz demək istəyirsiniz ki, sizin tarixi iddianız var, lakin beynəlxalq hüquq qarşısında siz səhvsiniz”, “BMT qətnamələrində yazılıb ki, o torpaqlar Azərbaycana aiddir. Gəlin bunu dəqiq qeyd edək” kimi suallar yağdırması Ermənistanın baş nazirində soyuq duş effekti yaradıb. Sonrakı suallara da məntiqsiz cavablar verən Paşinyan Ermənistanın sülhə hazır olduğunu, lakin qarşı tərəfin, yəni Azərbaycanın da güzəşt etməsinin zəruri olduğunu iddia edib. 



Düşmən ölkə rəhbərinin rüsvayçı duruma düşməsini “Şərq”ə təhlil edən millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, Paşinyan küçədən gəldiyi üçün real siyasətdən anlayışı yoxdur. Deputatın sözlərinə görə, küçə ritorikası ilə siyasət yeridənlərin sonu ağır fiaskodur:

“Paşinyan özündən əvvəlki qanlı və cinayətkar rejimin devrilməsi fonunda özünə üç-beş tərəfdar tapmışdı və inqilabın yaratdığı ab-hava ilə rəhbər postuna əyləşmişdi.

Bu adam dövlətçiliyin, strategiya və ideologiyanın nə olduğunu bilmir. Konstitusiyanı zorla dəyişdirərək özünü baş nazir seçdirib və ötən müddət ərzində xalqa verdiyi vədlərin heç birini reallaşdırmayıb.

Axır vaxtlar isə çox həyasız bəyanatlar səsləndirməklə məşğul idi. Tez-tez “Qarabağ Ermənistandır” ifadəsini təkrarlayır, “paytaxtı Şuşaya köçürməkdən” dəm vururdu. Lakin Azərbaycan Ordusunun hərbi əməliyyatları, düşməni darmadağın etməsi Ermənistanın siyasi həyatını da alt-üst etdi. Yekə-yekə danışan baş nazirin havasını aldı.

Paşinyan artıq məğlub olduqlarını gizlədə bilmir. Ona görə də xarici telekanallara çıxaraq uydurmalar danışır, erməniləri, dünya ictimaiyyətini aldatmağa cəhd göstərir. Lakin məğlub baş nazirin cəhdləri müsbət nəticə vermək əvəzinə əks reaksiya doğurur və biabırçı vəziyyət yaradır. Bataqlığa düşən Paşinyan çırpındıqca daha da batır”. 

Parlament üzvünün sözlərinə görə, indiki şəraitdə onun xilası yoxdur və dünyada erməni baş nazirə qarşı mənfi münasibət formalaşıb:

“Çox güman ki, hərbi əməliyyatlardan sonra Paşinyanın istefasını tələb edəcəklər. Çünki ortada rüsvayçı məğlubiyyət var. Ordumuz torpaqlarımızı işğaldan azad etdikcə, Paşinyanın çaşqınlığı daha da artır və səhvlərə yol verir”.