"Dünya görür ki, Azərbaycan Ordusu Qarabağda dastan yazır"

Aqil Səmədbəyli: "Ermənilər unutdu ki, türk torpaqdan pay verməz, unutmaz və günü gələndə hesablaşar"

 “12 iyul Tovuz hadisələri bu müharibənin başlanmasının əsas hərəkətverici stimulu oldu. Azərbaycanı tam nəzarətə götürmək üçün planlanmış bu hərəkətin qarşısında Türkiyə dik və sərt durunca plan pozuldu”.
Bu sözləri “Sherg.az”a Türkiyədə yaşayan tanınmış siyasətçi, eks-prezident Əbülfəz Elçibəyin kürəkəni, Aqil Səmədbəyli deyib. 
Siyasətçi artıq geriyə yol olmadığını, tezliklə Azərbaycan Ordusunun qələbə qazanacağını söyləyib: “1918-ci ildə Azərbaycan torpaqları hesabına ilk dəfə ermənilərə dövlət qurdular. Ancaq bunun qarşılığında ermənilər bir neçə öhdəlik götürdü. Qətliamlar törətməyəcəklərinə, Osmanlıya qarşı soyqırım iddiasından, o cümlədən torpaq iddiasından əl çəkəcəklərinə söz verdilər.

Ancaq 1920-ci ildə, Azərbaycan Cümhuriyyəti ruslar tərəfindən işğal edildikdən sonra zaman-zaman ruslar bizim torpaqlarımızı əlimizdən alıb ermənilərə verdilər və etnik “təmizlik” apardılar. Ən son 1988-ci ildə indiki Ermənistan ərazisində qalan 500 min türk də qovuldu.

1988-ci ildə Moskvada M.Qorbaçovun iqtisadi baş məsləhətçisi və birinci yardımçısı erməni idi. Bundan başqa Moskvada 47 yüksək vəzifəli erməni vardı. Bunu fürsət bilən ermənilər Qarabağı Ermənistana birləşdirmək üçün hərəkətə keçdilər. O zaman biz hazırlıqsız, onlarsa hazırlıqlıydılar. Ermənilərin xarici dəstəyi var idi, bizim isə yox. Buna görə də torpaqlarımızı işğal etdilər. Ancaq Azərbaycan xalqı heç zaman bu işğalla barışmadı, Vətən torpaqlarını unutmadı. Xalqın səbr kasası daşmaq üzrəydi. 1994-cü ildən bu yana Minsk Qurupu başımızı qatmaqla məşğul idi və sülh yolu ilə torpaqların qaytarılmayacağına hər kəs əmin oldu. Elə Azərbaycan Prezidenti də dəfələrlə vurğuladı ki, əgər sülh yolu ilə olmursa, müharibə etmək məcburiyyətində qalacağıq. Nəhayət, torpaqlarımızı antiterror əməliyyatı ilə təmizləmək haqqında qərar verildi”. 

A.Səmədbəylinin sözlərinə görə, bu qərarın verilməsində Türkiyənin dəstəyi çox önəmli idi. Türkiyə bütün dünyaya açıq şəkildə Azərbaycanın yanında olduğunu elan etdi:

“Azərbaycan haqlıdır, əlimizdə BMT-nin 4 qətnaməsi var. Bütün dünya Qarabağın Azərbaycan torpağı olduğunu bilir. Bu haqlılıqdan aldığımız güclə 27 sentyabrda Ermənistanın həyasız hücumuna verilən cavabla hərbi əməliyyatlar başladı. Ermənilər 27 ildir müdafiə sədləri qururdular və inanırdılar ki, oranı bizim ordumuz keçə bilməz. Lakin hesaba almadıqları bir şey var idi - türk torpaqdan pay verməz, unutmaz və günü gələndə hesablaşar. O gün 27 sentyabrdan etibarən gəldi və davam etməkdədir.

Bütün dünya Azərbaycan Ordusunun Qarabağda dastan yazdığını deyir. Artıq Ermənistan mediası da geri çəkildiklərini etiraf edir. Psixolojik üstünlük bizdədir. Ən çətin yerlər alınıb, strateji yüksəkliklərin çoxu bizdədir, ermənilər Qarabağdan qaçır. Hətta Təbrizdəki ermənilər də qaçıblar. Təbrizdə bir erməni məhəlləsi var idi. İstanbuldakı ermənilər də narahat olmağa başlayıblar. Türkiyənin mənəvi-siyasi dəstəyi bizim qələbəmizin ilhamverici qaynağıdır. Türkiyə Prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğan, MHP sədri Dövlət Baxçalı, TBMM-dəki 4 siyasi partiya, bütün türk milləti Azərbaycana dəstək verir”.

Siyasətçi vurğulayıb ki, 27 sentyabrdan etibarən Türkiyə elə bil Azərbaycandır. Bütün televiziyaların gündəmi Azərbaycandır:

“Hər yerdə Azərbaycan mövzusu var. Minlərlə gənc igidlərimiz mənə müraciət edir, döyüşə getmək istədiklərini bildirirlər. Bu, çox önəmlidir. Biz artıq bir ruh olmuşuq. Türkiyə böyük gücdür. Pakistan da açıq dəstəyini ifadə edib. Ən əsası da şərəfli xalqım tam dəstək verir. İnanıram ki, 18 oktyabra qədər bütün Qarabağ erməni virusundan təmizlənəcək. Qəhrəman ordumuza tezliklə qələbə arzulayıram.
Zəngəzur daxil bütün işğal altında olan torpaqlarımız azad edilmədən dayanmaq olmaz. Yaşasın Bütöv Azərbaycan. Yaşasın Turan”.