Əməliyyatlar Ermənistan ərazisində aparılmır

Putin də Paşinyana yerini göstərdi

Rusiya liderinin bəyanatı göstərir ki, Rusiya iki həftədir sərgilədiyi mövqedən dönmək fikrində deyil

Hərbi əməliyyatlardan iki həftə sonra nəhayət Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi zonasıdakı vəziyyəti şərh edib. Putin vəziyyətdən narahat olduğunu bildirib və bunun böyük faciə olduğunu deyib: “İnsanlar həlak olur, hər iki tərəfdən itkilər var”. Kreml rəhbəri ən yaxın zamanda münaqişənin bitəcəyinə ümid etdiyini söyləyib:

“Görünən odur ki, buna hələ çox var. Lakin bütün hallarda biz atəşi dayandırmağa çağırırıq. Bunu ən qısa müddətdə etmək lazımdır. Məlumdur ki, Ermənistan KTMT-nin üzvüdür. Bizim bu müqavilə çərçivəsində Ermənistan qarşısında öhdəliklərimiz var. Lakin hərbi əməliyyatlar, təəssüflər olsun ki, hələ də davam edir, onlar Ermənistan ərazisində aparılmır”. 

Şübhə yox ki, Rusiya hərbi əməliyyatların dayandırılmasını istəyir. Amma bununla belə prosesə aşkar müdaxilə etmək niyyətində olmadığını bildirir və eyni zamanda, işarə vurur ki, hərbi əməliyyatların yaxın vaxtda bitəcəyini düşünmür. Ermənilər “Azərbaycan da, Ermənistan da, Dağlıq Qarabağ da” ifadəsindən yapışaraq bayram edirlər ki, bəs, Putin Dağlıq Qarabağı “dövlət” sayır.

Halbuki, Putin “Azərbaycan da, Ermənistan da, Dağlıq Qarabağ da” deməklə Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasının cavabını verib və Qarabağın heç bir halda Ermənistan olmadığını vurğulayıb. Münaqişə tərəflərinin Ermənistan və Azərbaycan olduğunu nəzərə alsaq, Rusiya prezidentinin nəyə işarə vurduğu aydındır.

Putinin müsahibəsini Rusiyanın Ermənistanla bağlı siyasətində yeni dövrün başlanğıcı və bu dövrün Nikol Paşinyana yaxşı heç nə vəd etməməsi saymaq olar. 

Rusiya rəhbərinin mövqeyini “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə bildirib ki, Nikol Paşinyan öz zəngləri ilə Putini bezdirib. Siyasi şərhçinin sözlərinə görə, Rusiya rəhbəri əvvəl-axır gözləntilərə nöqtə qoymalı idi:

“Putinin bəyanatı göstərir ki, Rusiya iki həftədir sərgilədiyi mövqedən dönmək fikrində deyil. Moskva münaqişə tərəflərindən hansınınsa xeyrinə məsələyə müdaxilə etməyəcək. Qısası, Kreml hələlik proseslərə qarışmamaq qərarı alıb. Hamıya bəllidir ki, Ermənistan KTMT üzrə müttəfiqi olan Rusiyanı Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyirdi. Putin də açıqlamasında KTMT çərçivəsində Ermənistanla bağlı öhdəlik daşıdığını dedi. Ancaq Rusiya prezidentinin çıxışından məlum olur ki, o, Azərbaycanla münasibətlərə daha çox önəm verir. Ona görə də konkret bir tərəfə açıq dəstək verməklə digər ölkəni itirmək istəmir”. 

Analitik vurğulayıb ki, Ermənistan uzun illərdir Rusiyaya güvənib. Son günlərə qədər yenə də Moskvaya arxayın olub:

“Paşinyanın Putinə ardıcıl zənglərinin nəticəsiz qalması Kremlin regionla bağlı siyasətində ciddi dəyişiklik olduğundan xəbər verir. Bu da Ermənistan üçün ciddi mesajdır. Əgər Ermənistan rəhbərliyi ağlını başına yığarsa, qarşılıqlı güzəştə deyil, təslimçi sülhə razılıq verərsə, proseslərin istiqaməti dəyişə bilər. Əslində, erməni baş nazirə inam qalmayıb, onun sözünə etibar edilmir.

Paşinyan çox çalışdı ki, Putini Ermənistanın təminatçısı rolunda çıxış etməyə razı salsın, amma Rusiya rəhbəri erməni baş nazirə inanmadığı üçün təminatçı obrazında çıxış etmədi. Hesab edirəm ki, indiki şəraitdə hərbi əməliyyatlar davam etməlidir.
Xüsusən Paşinyandan gələn təkliflərə qulaq asmaq lazım deyil. Gördüyünüz kimi, baş nazirə müttəfiqi Rusiya da əhəmiyyət vermir”.