"Canım əsgərlərə qurbandır"

"Biz o evləri çölün otuyla da tikərik"

Qulu Ağsəs: "Allah haqqı, indi hamı məndən  milyon dəfələrlə qarabağlıdır"


Qulu Ağsəsin şeirindən ikicə misradı. Telefonda dedi ki, dünən bir xəbər alıb, çox sarsılıb. Qarabağ qazisi Müşfiq Abbasov 2 oğlunu da yanına alıb cəbhəyə könüllü gedib. Oktyabrın 6-sı şəhid olub. Əynində hərbi geyim, bir oğlu sağında, biri solunda, atanınsa əli hər ikisinin çiynində fotosu sosial şəbəkələrdə yayılıb. Deməli, “fəlakət” baş verməyib. Müharibə əlili yenə qabağa düşüb... 
Şair, “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəs söhbətə dost itkisinin acısıyla başladı: 

- Ağır xəbər aldım... Müşfiq Abbasov şəhid oldu. Əziz dostumuz idi. Çoxdan istəyirdi, arzulayırdı şəhid olmağı. Yaralı qazi özünü Vətən torpağına əmanət etdi. Getdi... Qazi qardaşlarının, şəhid qardaşlarının yanına... Müşfiqin əmisi də şəhiddi. Abdal-Gülablının meşəbəyisi idi. Ermənilər bilirdi ki, nə qədər Ədil sağdı, Abdal-Gülablı meşələrinə sahib ola bilməyəcəklər. Mahir ovçu idi. İndiki dillə desək, snayper. 1989-da ermənilər qəsdən öldürmüşdülər... 

- Bu günlərdə kiməsə, “necəsən” sualı vermək yersizdi. Çünki hamının əhvalı yüksəkdir. Ordumuz qələbələr qazanır. Şübhəsiz, siz də hər kəs kimi cəbhə xəbərlərinə köklənmisiniz. Qələbə xəbəri gözləyirsiniz... 

- Sovet ordusunda xidmət etmişəm. Elə hərbi hissədə xidmət keçirdim ki, heç nə öyrənə bilmədim. Həm də sakit, sözəbaxan əsgər idim. Axıra yaxın, nə vaxtkı artıq tərxis olunma əmri çıxmalıdır, əmri gözləyirik, bütün pis işləri onda etməyə başladım. Komandir də təəccüb etdi, dedi ki, sənə nə olub?! 2 il dözmüsən, 1 ayı dözə bilmirsən? İndi eynilə həmin məsələdi. 30 il ağıllı-başlı, dırnaq arasında ağıllı-başlı haa, dözdük, indi hər gün səhər saat 6-dan xəbərləri gözləyirəm.

Hər gün, səhər saat 6-da! Bilirəm ki, döyüşlər adətən bu vaxtlar başlayır. Hər gün eyni vəziyyətdir. Səbirsizəm. Hamını, hər kəsi qınayıram. Bu vaxta qədər kim yanımızda olub-olmayıb, artıq əhəmiyyət daşımır. İndi, bu vəziyyətdə kim Ermənistanla Azərbaycan arasına bərabərlik işarəsi qoyursa, alçaqdı! İndiki vəziyyətdə sülh göyərçini olmağı mən heç bir quşa arzulamıram.

Paşinyan BBC-yə bir söz deyir, başqa telekanala bir söz. Həyasızcasına deyir ki, BMT-nin qətnaməsində Ermənistan işğal etdiyi torpaqları tərk etməlidir, ifadəsi yoxdur. Qətnamədə açıq qeyd olunur ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir, bu deyir ki, elə söz yoxdur... 

- Qulu müəllim, hamımız bilirik ki, onlar necə həyasız, alçaqdılar da... 

- Bilirəm e, qadan alım, amma haqlı tərəf var, bir də var təcavüzkar tərəf də. Təcavüzkara açıq deyilməlidir ki, sən təcavüzkarsan. Amma Azərbaycana tövsiyə edirlər ki, döyüşləri dayandırın. Sən həqiqəti görüb bildiyin halda söyləmirsənsə, ondansa gözünü yum. Dağlıq Qarabağa hələ bir güllə atılmayıb. Hələ Azərbaycan ordusu Füzuli, Cəbrayıl, başqa ətraf rayonları işğaldan azad etmək üçün döyüşür. Amma erməni deyir, qoymayın, bizi öldürürlər. Dünyanı feyk xəbərlərlə aldadırlar. Etsinlər. Biz onsuz da qələbə çalmışıq. Qələbə çalmaqda da davam edirik. Azərbaycan xalqı heç vaxt indiki qədər mütəşəkkil, cəsur, inamlı olmayıb. İndiki kimi ruh yüksəkliyi də olmayıb. Ən böyük yüksəklik ruh yüksəkliyidi. O yüksəkliyi fəth etdinsə, qarşında heç bir yüksəklik (coğrafi) tab gətirəmməz. Ona görə əsgərlərimiz Murovu aldı!.. Mən o gün efirdə əsgərə salam göndərdim. Və dedim ki, “salam, əsgər balam!”. Azərbaycan əsgəri bizim üçün həm oğuldu, həm anadı, bacıdı, həm atadı. Babadı. Necə ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə 600 nəfərdən ibarət ordu qurmuşdu, bu gün həmin ordunun əsgərlərinin davamçıları cəbhədə şanlı tarix yazır. Biz indi torpaqlarımızı qaytarmaqla yanaşı şəhidlərə olan borcumuzu da qaytarırıq. İndiyədək biz şəhidlərlə fəxr etmişik, gün olsun ki, şəhidlərimiz bizimlə fəxr etsin. Şükür ki, 20 Yanvar şəhidləri önündə deyəcək sözümüz var, şükür ki, Qarabağ şəhidlərimiz, müharibə yarası alıb yenə müharibədə ölən qazilərimizin önündə deyəcək sözümüz var... 

- Sovet ordusundakı əsgərliyi xatırlayanda, düşündüm, görəsən, söhbəti hara gətirəcəksiz. Anladım. Səbirsizlənirsiz, siz də. Hər kəs kimi; işğaldan azad olunan ərazilərimiz artsın. 

- Mən hər gün Ağdamın azad olunması xəbərini gözləyirəm. Təkcə Ağdamın yox e, bütün Qarabağın. Yadıma bir hadisə düşdü - 2002-ci ildə Ağdam tərəfdə qumbara partlamışdı. O vaxt yazmışdım ki, qumbaralar artıq özü partlayır. Əsgərə “farağat!” demək olur, amma qumbaraya demək olmur. Qumbaraların ürəyi partlayır. Bir də görəcəyik tanklar özbaşına yeriyir, toplar, raketlər özbaşına atılır. Dözə bilmir dəmir... 

- Həyat yoldaşınız Laura xanım Cəbrayıldandı...

- Hə. 

- Cəbrayılın kəndindən? 

- Yox. Şəhərin mərkəzindən. Aşıq Pəri küçəsi. Evləri dağıdıblar, şumlayıblar şəhəri. 

- İnşallah, tikəcəyik yenidən. 

- Sözsüz. Bir də ki, biz ev davası, “kupça” davası aparmırıq. Torpaq davası aparırıq. Öz torpağımızın, öz Vətənimizin davasını aparırıq. Biz o evləri çölün otuyla da tikərik. Aydın məsələdi ki, ermənilər Qarabağda daşı daş üstə qoymayıb. İşğal altındakı şəhərlərimizdən neçə il əvvəl video-görüntülər yayılmışdı, hamısını gördük... Bunların hesabını verəcəklər mütləq. Haqq-ədalət məhkəməsi olmalıdı.     

- Son günlərdə ermənilərin mülki əhalini hədəf alması, mülki obyektləri dağıtmasıyla bağlı Baş Prokurorluq cinayət işləri açır. Məncə, bu cinayət işləri gələcəkdə erməni quldurlarını cinayət məsuliyyətinə cəlb etmək üçün tutarlı dəlil olacaq. 

- Onlar elə bilir ki, məğlub olub kənara çəkiləcəklər, bununla da hər şey bitəcək? Xeyr. Azərbaycan özü baxacaq o cinayət işlərinə. Bizə beynəlxalq təşkilatlar, Avropa, Haaqa Məhkəməsi lazım deyil. İndiyədək dünya baxmadı onsuz da. Özlərini görməzliyə, eşitməzliyə vurdular. İlham Əliyev özü baxdı ermənilərin “işinə”. Baş prokuror da cinayət əməllərinə baxacaq və cəzalarını alacaqlar. Hamısı cavab verəcəklər. Qatil Zori Balayandan tutmuş Paşinyana qədər hamısı! Necə yaxalarını kənara çəkə bilərlər? Dünyada əyninə siyasətçi şalvarı geyinib özünü siyasətçi sayan hansı köpəkoğlu durub deyər ki, Xocalıda qətliam törətmişik, əcəb eləmişik?! Bunun qisası ondan alınacaq, cinayətkar əməllərinə görə cavab verməli olacaqlar. Allahın köməyi ilə onların hamısını məhkəmə kürsüsündə əyləşdirəcəyik. 

- Cəbrayılın işğaldan azad olunması xəbərini alanda ürəyinizdən “bəs Ağdam, bəs Abdal-Gülablı?” keçdimi? 

- Bayaq dedim, hər gün, hər səhər saat 6-da qələbə xəbərləri gözləyirəm. Fərqi yoxdu, azad olunan haradı, hansı torpaqdı. Hamısı Vətəndi. Hər yer Qarabağdı. İnanın, səmimi deyirəm... 

- İnanıram, Qulu müəllim, hamımız eyni vəziyyətdəyik, eyni haldayıq. Sizi danışdırmaq üçün soruşuram... 

-  Allah haqqı, sentyabrın 27-dək mən qarabağlı idim, amma sentyabrın 27-dən sonra adamlar məni ötdülər. Məndən milyon dəfələrlə artıq qarabağlıdır indi hamı. Cəbrayıl azad olunandan sonra sağ əlimi qoymuşam Kəlbəcərin başına, sonra da Qubadlının... 

- Deyirsiz, ordumuz sizin “planla” hərəkət edəcək? 

- Bilmirəm. Onu bilirəm ki, qələbə xəbərini alacağıq. Ağdamın, Şuşanın, Laçının, hamısının azadlıq müjdəsini alacağıq... 

(Şuşanın adı çəkiləndə bir şerini xatırladım. Şuşa haqqında yazıb;  

Özün dağ başına qoyan şəhərin 
ayağın xan kəndi yuyurdu.
Kürəyinin təri
Cıdırda soyuyurdu.
Girməzdi
dumanına gün işığı,
havasına çay qaşığı.
Qayaları sərxoş idi,
adamları tay-tuş idi,
küçələri tay-keş idi.
Qəbirüstü yazıları
nəğmə kimi oxunurdu,
kolda-kosda tələf olan
qurd-quşu gül qoxuyurdu.
Kim idi qalxan o boyda dağı? -
yağışdan sallanıb enirdi qonağı.
... Dağın dizləri əsdi bir may səhəri
gözünün yaşı
ayağının suyuna qarışdı şəhərin...” İstədim soruşum, bu şeiri nə vaxt yazıb, yəni məlumdur işğaldan sonra, amma hansı ildə. Macal tapmadım. Qulu Ağsəs danışırdı, həm də çox inamla)  

- ...İndi cəbhədə döyüşən hər bir əsgər məndən daha çox qarabağlıdı. Mənim canım onlara qurbandı! Onlar əfsanələr yaradır, biz də o əfsanələri qələmə alacağıq. Torpaqlarımızın işğaldan azad edilməsi indi başlamayıb.

Azərbaycan illərdir peşəkar ordu formalaşdırır. Azərbaycan ordusu bugünkü zəfərlərini illərlə yaratdığı, formalaşdırdığı ordu sayəsində əldə edir.

Biz işğal altındakı bütün torpaqlarımızı mütləq azad etməliyik, edəcəyik də. Ən azından ermənilərin yandırdığı təndirə görə... Cəbrayılın Çaxırlı kəndinin görüntüləri var, bir kəndi yerlə-yeksan ediblər. Kəndi də o günə qoymaq olarmı?! Hər nə var daşıyıb aparıblar, təndirə də od vurub yandırıblar.

İstər Aran olsun, istər dağ, təndiri də yandırmaqmı olar?! Təndir müqəddəsdi, orda bərəkət - çörək bişirilir. Ağdamda çörək muzeyi vardı. Onu yandırıblar. Muzeyi də yandırarlarmı?!

Onlar üçün müqəddəs heç nə yoxdu. Onlar nə bilir təndir nədi, bərəkət nədi. Vətən torpağı nədi!..

Çünki torpaq onların deyil. Vətən onların deyil. İnşallah, ordumuz, əsgərlərimiz ermənilərin murdar ayaqlarının dəydiyi o torpaqları azad edəcək, təndirlərimizi yenə özümüz qalayacağıq. 

- Bir erməni qadını Azərbaycan əsgərinə “evinizə xoş gəldiniz” deyib... 

- Baxdım videoya, gördüm... Onlara heç vaxt inanmaq, güvənmək olmaz. Ermənidən demokrat olmur, ermənidən kommunist də olmur, ermənidən xristian da olmur, ermənidən adam da olmur. Ermənidən ancaq erməni olur!