Peşəkarlara geniş qapılar açılmalıdır ! - “Xarici KİV-lə əməkdaşlıq vacibdir...!”

“Hərçənd, bunun üçün də gecikmişik. Deməli, işə yenidən başlamalı, necə deyərlər, əlaqələrimizi sıfırdan qurmalıyıq”

“Həm də yalnız Azərbaycan dilində yazmaqla xaricə çıxmaq olmaz”

“İngilis, ən pis halda rus dilində yazmaq lazımdır ki, daha geniş auditoriyaya çata biləsən”


Mətbuat böyük gücdür. O qədər böyük ki, düzgün istifadə edə bilsən, dünyanın istənilən nöqtəsində, istənilən hadisəyə təsir göstərə bilərsən. Amma gərək lazımi resursların olsun. İndi- Dağlıq Qarabağ müharibəsinin davam etdiyi bir vaxtda təbii ki, mediamız informasiya savaşında qalib gəlməyi bacarmalıdır. Bunun üçün KİV təkcə ölkə miqyası ilə kifayətlənməməli, həm də beynəlxalq platformaya çıxmalıdır. Bəs necə?

Sualmızı cavablandıran  “Ayna- Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı “Sherg.az”a deyib ki, peşəkar medianın fəaliyyətinə daha yaxşı şərait yaradılmalıdır: 

“Professional mətbuat üçün daha geniş qapılar açılmalıdır. Düzdür, biz yenə də sözümüzü çatdıra bilirik. Amma çətinliklə və gecikərək. Odur ki, xarici KİV-lə əməkdaşlıq vacibdir və bu səmərəli nəticə verəcək. Hərçənd, bunun üçün də gecikmişik. Deməli, işə yenidən başlamalı, necə deyərlər, əlaqələrimizi sıfırdan qurmalıyıq. Həm də yalnız Azərbaycan dilində yazmaqla xaricə çıxmaq olmaz. İngilis, ən pis halda rus dilində yazmaq lazımdır ki, daha geniş auditoriyaya çata biləsən”.

E.Şıxlı, həmçinin sosial şəbəkələrin rolu və fəaliyyətinə də diqqət çəkib: 

 “İndiki durumda sosial şəbəkə istifadəçiləri üçün müəyyən məhdudiyyətlərin tətbiq olunması məqbuldur. Bu, panikanın, dezinformasiyaların qarşısını almaqdan ötrüdür. Fəqət eyni məhdudiyyətləri peşəkar mediaya tətbiq etmək olmaz.

Çünki belədə biz nə dünya mediasını izləyə bilirik, nə də sözümüzü çatdıra bilirik. Bundan başqa nəzərə almalıyıq, günümüzün tələblərinə uyğun olaraq, istənilən KİV-dəki yazını sosial şəbəkələrdə yaymaq lazımdır.

Çünki saytdan yazını bir nəfər-ancaq daimi oxucu oxuyursa, sosial şəbəkələr vasitəsilə bu göstərici iki-üç dəfə artır. Bu, reallıqdır”.