Fəlsəfə doktorları da məktəb direktoru olmaq istəyirlər

Elmi dərəcəsi olanların çoxu pedaqoji fəaliyyətlə məşğul olurlar

Təhsil Nazirliyi direktorların işə qəbulu müsabiqəsinin ilk mərhələsi ilə bağlı statistikanı açıqlayıb. Nazirlikdən verilən məlumata görə, cari ilin 28 sentyabr-5 oktyabr tarixlərində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. Müsabiqədə iştirak etmək üçün 3251 namizəd elektron müraciət edib, onlardan 2479 namizədin elektron ərizəsi təsdiqlənib. Namizədlərin 1350 nəfərini qadınlar, 1129 nəfərini kişilər təşkil edir.

Qeyd edək ki, 1514 namizəd direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ilk dəfə iştirak edir. Namizədlərdən 25 nəfər xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alıb, 14 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. Namizədlərdən 275 nəfər 22-30 yaş, 1192 nəfər 30-40 yaş, 558 nəfər 40-50 yaş, 346 nəfər 50-60 yaş, 108 nəfər 60-64 yaş aralığındadır.

Müsabiqədə iştirak edən namizədlərdən 1680 nəfər müəllim, 563 nəfər təlim-tərbiyə işi üzrə direktor müavini, 100 nəfər məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 45 nəfər metodist və psixoloq, 26 nəfər gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, 13 nəfər uşaq birliyi rəhbəri, 6 nəfər laborant, 1 nəfər kitabxanaçı vəzifəsində çalışır. Hazırda elektron ərizələrin yoxlanılması prosesi davam edir. Proses başa çatdıqdan sonra test imtahanı mərhələsinin keçiriləcəyi tarix barədə məlumat veriləcək.

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq"ə açıqlamasında bildirib ki, fəlsəfə doktoru elmi dərəcəsini alanların çoxu ya pedaqoji fəaliyyətlə, ya da başqa sferada fəaliyyət göstərməyə üstünlük verirlər. O bildirib ki, gənclər fəlsəfə doktoru elmi dərəcəsini aldıqdan sonra pedaqoji və başqa sferaya keçməkdənsə, elmlər doktoru proqramı üzrə təhsillərini davam etdirsələr yaxşı olar:

"Bu gün nəzər yetirsək görərik ki, ölkəmizdə əksər insanlar fəlsəfə doktorudur. Təbii ki, bununla da bir növ fəlsəfə doktoru və daha yüksək titulları ucuzlaşdırırlar. Elə professorlar tanıyıram ki, qat-qat akademiklərdən üstündülər. Yəni əksəriyyəti tituluna uyğun olmadıqları üçün korrupsiya yeri axtarırlar. Ona görə də elmi dərəcəsi olanların çoxu pedaqoji fəaliyyətlə məşğul olurlar. Təcrübə onu göstərir ki, elmlə məşğul olanların böyük əksəriyyəti fəlsəfə doktoru elmi dərəcəsini aldıqdan sonra elmlər doktoru dərəcəsini almağa maraq göstərmirlər. Bu da sırf maddi problemlərlə əlaqədardır".