Həkimlərimiz könüllü cəbhə bölgəsindədir

Yoluxma sayı artmasın deyə hər kəs davranışlarına nəzarət etməlidir

Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə mübarizəni gücləndirmək və karantin rejiminə daha ciddi əməl olunması üçün tədbirlərə həsr olunmuş geniş müşavirəsi keçirib. Toplantıda müharibə şəraitində ölkədə koronavirusla mübarizənin vəziyyəti və görüləcək tədbirlər müzakirə olunub.


Əli Əsədov qeyd edib ki, koronavirusla mübarizədə qazanılmış nailiyyətləri qoruyub saxlamaq və bütün resursları cəbhəyə yönəltmək üçün karantin rejiminin qaydalarına nəzarəti gücləndirmək lazımdır. Baş nazir bildirib ki, xüsusilə iş yerlərində, ictimai nəqliyyatda, ticarət mərkəzlərində və təhsil müəssisələrində qaydalara əməl edilməsinə daha ciddi nəzarət edilməlidir.

Müşavirə iştirakçıları karantin rejiminin tələblərinə daha ciddi əməl olunması üçün tədbirləri gücləndirəcəklərini bildiriblər. Müşavirədə bütün qurumlara koronavirusla mübarizənin gücləndirilməsi üçün müvafiq göstərişlər verilib.

Həkim cərrah Murad Məmmədli "Şərq"ə açıqlamasında COVİD-19 pandemiyasının bəşəriyyətin üzləşdiyi ən böyük qlobal faciələrdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, pandemiya dövründə əhalinin ən ümdə vəzifəsi karantin davranışlarına (fiziki məsafə gözləmək, maska geyinmək və dezinfeksiya tədbirləri) ciddi əməl etmək, vətəndaş məsuliyyəti nümayiş etdirməkdir:

"Unutmaq olmaz ki, yoluxmanın əsas mənbəyi təmaslardır. Bildiyimiz kimi, qapalı mühitdə (nəqliyyatda, metroda, market və digər qapalı satış məntəqələrində) karantin davranışlarının gözlənilməsi son dərəcə mühümdür. Cəbhəyanı bölgələrdə vəziyyətin gərginləşməsi səbəbindən bir çox həkimlərimiz könüllü olaraq həmin ərazilərə yollanıblar. Əgər yoluxanların sayı kəskin artarsa, o zaman ölkədə həkim çatışmamazlığı yarana bilər. Bu da vəziyyəti kritik həddə çatdıra bilər. Belə dönəmdə vətəndaşlarımızından son dərəcə məsuliyyətli olmaqları tələb olunur".