Xankəndi kabusa bürünüb

Boşalmış şəhərdə həyəcan siqnalı şəhəri silkələyir

Ermənilər Yerevan hakimiyyətinin satqın olduğunu, onları bura ölümə göndərdiklərini deyir

Ordumuzun uğurlu döyüş əməliyyatları düşmən hərbçiləri və Xankəndindəki ermənilər arasında ciddi panikaya və xaosa səbəb olub. Ermənistan üzərindən Qarabağa keçən rusiyalı jurnalistlər də hərbi xunta rejiminin mərkəzi halına gəlmiş Xankəndi şəhərində vəziyyətin acınacaqlı olduğunu təsdiqləyiblər. Hazırda Xankəndi Azərbaycan Ordusunun artilleriya və aviasiya zərbələri nəticəsində hərbi infrastrukturun, militar obyektlərin dalbadal məhv edildiyi ölü məkana çevrilib. 

Yuxarı Qarabağın mərkəzi olan Xankəndi 26 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən tam olaraq işğal edilib və orada separatçı rejim yaradılıb. Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatıb. Şəhər həmin dövrdən erməni separatizminin mərkəzinə çevrilib.

Moskvanın himayəsilə güclənən quldur rejim sonuncu azərbaycanlıları da 29 il əvvəl Xankəndindən qovmağa nail olub. Lakin bu gün Xankəndindəki separatçılar özləri qorxu içində, geriyə baxmadan şəhəri tərk edirlər.

Tör-töküntülərdən ibarət ordunun darmadağın olduğu xəbərləri ilə sarsılan erməni sakinlər çıxış yolunu qaçmaqda görür. Ermənistan KİV-i xəbər verir ki, işğal altındakı baş şəhərin “vitse-meri” Suren Tamrazyan Xankəndi sakinlərinin 50 faizdən çoxunun Ermənistana qaçdığını etiraf edib:

“Şəhərdə qalmaq təhlükəsiz olmadığı üçün onların çoxu Ermənistana üz tutub”. Tamrazyanın sözlərinə görə, qadınlar, uşaqlar və yaşlılar kütləvi şəkildə Xankəndi-Gorus yolu ilə bölgədən qaçırlar. Deyilənə görə, döyüşlərə qədər 50 min sakini olan şəhərdə hazırda 25 min sakin və hərbçi qalıb. “Znak.com” saytının hazırladığı reportajda da işğal altında olan torpaqlarımızda yaşayan ermənilərin acınacaqlı durumundan bəhs olunub. Qeyd edilib ki, Azərbaycan Ordusunun qələbələri və üstəgəl, havaların soyuması şəhərdə ciddi təşvişə və əlavə problemlərə səbəb olub.

Şanlı ordumuz artilleriya zərbələri ilə Xankəndindəki mühüm strateji və hərbi obyektləri sıradan çıxardığı üçün şəhərdə yaşayan ermənilər evlərini isitmək üçün məişət əşyalarını, mebelləri yandırır, elektrik təchizatı dayandığı üçün işıq kimi şamlardan istifadə edirlər. O da bildirilir ki, elektrik enerjisi olmadığı üçün ərazidə mobil telefonların enerjisi tükənib.

Nəinki elektrik enerjisi və istilik problemləri, Xankəndində ciddi ərzaq çatışmazlığı da müşahidə olunmaqdadır. Müharibə səbəbindən şəhərdə mağazalar açılmır. Bütün avtomobillər və mikroavtobuslar Xankəndindən ermənilərin kütləvi köçürülməsinə cəlb edilib. Amma yenə də nəqliyyat vasitələri çatmır, bəziləri günlərlə növbə gözləməli olurlar. Saytın reportajında hərbçilərdən biri Xankəndində sığınacaqda oturanlara irad bildirərək deyir: “Nə oturmusuz burada?

Durun cəbhəyə gedin, orada əməlli başlı qırğındır, bizi havadan vururlar, artilleriya ilə darmadağın edirlər. Minlərlə ölü var!”. Alik adlı hərbçinin “Znak.com”un müxbirinə dediklərində isə faciənin miqyası daha açıq aydınlaşır: “Mardakert (Ağdərə) qanlı sıyığa dönüb. Bizə kömək gəlmir, hər yer yanır, hava ilə bizə göndərilən heç nə gəlib çatmır, göydəcə parça-parça edilir”.

Xankəndi erməniləri bildiriblər ki, yaranmış vəziyyətdə əhali şəhərin 300 kilometrliyində yerləşən Yerevana axışmaqdan başqa çıxış yolu tapmır. Amma bəziləri heç Ermənistanda da qalmaq istəmirlər. Müharibədə məğlub olduqlarını aşkar görən ermənilər Rusiyaya köçmək fikrindədirlər.

Separatçılar əhalinin Ermənistana axınının qarşısını almaq üçün müəyyən məhdudiyyətlər qoymağa çalışsalar da, buna nail ola bilmirlər. Fakt odur ki, heç bir erməni güclü Azərbaycan Ordusunun qarşısına çıxmaq istəmir. Çağırış yaşında olan kişilərin Xankəndini tərk etməsinə qeyri-rəsmi qadağa qoyulsa da, insanlar müxtəlif yollarla bölgədən qaçır.

“Biz Tanrıya yalvarırıq ki, kimsə azərbaycanlıları dayandırsın” - deyə Xankəndi sakinlərindən biri söyləyib. Bu yaxınlarda bölgədə olan “RİA Novosti”nin müxbiri də Xankəndindəki real durumu gözlər önünə sərib. Jurnalistin reportajından küçələrdə insanlara rast gəlinmədiyi aydın görünür. Boşalmış şəhərdə həyəcan siqnalı səsləri Xankəndini silkələyir, ürəklərə qorxu salır. Bəzi ermənilərin günlərdir zirzəmilərdə gizləndiyi, panikanın ən üst həddə çatdığı söylənilir. Şəhərdəki bütün mağazalar, kafelər, ictimai iaşə obyektləri qapılarına qıfıl vurub.

Rabitə və digər bütün kommunikasiya sistemləri çöküb. Qondarma “DQR”in “paytaxt”ı Xankəndi tədricən kabusa, ölü şəhərə çevrilib. Hətta reportaj üçün bölgəyə yollanan jurnalistlər belə özləri üçün zəruri ehtiyaclar, ərzaq və su götürmək məcburiyyətində qalırlar. Çünki nə şəhərin mağazalarında, nə də evlərdə əcnəbilərə çörək verəcək adam var. Kasıb və səfalət içində şəhərdə qalan azsaylı ermənilər isə yaşadıqları faciənin əsas səbəbkarının - Ermənistan rəhbərliyinin təslimçi sülhə razılıq verəcəyinə ümid bəsləyirlər. 

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli də Xankəndi şəhərində ciddi təşvişin hökm sürdüyünü deyib. Azərbaycan Ordusunun artilleriya zərbələrinin düşmənə qorxu saldığını deyən ekspertin sözlərinə görə, Xankəndinin bir qrup sakini cəbhə xəttinə gedərək ordularını müharibədən çəkindirməyə yönəlik çağırışlar ediblər:

“Yerevan hökumətinin işğalçılıq siyasətinin mahiyyətini başa düşən Xankəndi erməniləri Ermənistan hakimiyyətinin satqın olduğunu, bura ölümə göndərildiklərini söyləyiblər. Çünki bu gedişlə çox yaxın müddətə tamamilə məhv olacaqlarının fərqindədirlər. Hər halda düşmənin panikaya düşməsi, qaçması, müharibə əleyhinə çağırışlar etməsi bizim xeyrimizədir. Davamlı zərbələrlə elə etməliyik ki, ard-arda məğlubiyyət yaşayan düşmən öz arasında daha çox qarşıdurma yaşasın və bölgədə qeyri-sabitlik artsın”.