İranın mövqeyi aydındır, Rusiya nə istəyəcək, hələ bilinmir - MÜSAHİBƏ

Nəsib Nəsibli: "İndiki məqamda iqtidar, müxalifət ayrı-seçkiliyi ola bilməz və yoxdur da"

Ermənistan həm cəbhədə, həm də beynəlxalq siyasətdə Azərbaycana uduzur. Beynəlxalq siyasətdə Azərbaycanın haqq işini dəstəkləyənlər də günü-gündən artmaqdadır. Bəzi ölkələr müəyyən məsələləri nəzərə alaraq neytral mövqe nümayiş etdirirlər və bu da ölkəmizin dəstəklənməsi kimi qəbul edilir. Bütün yanaşmalara rəğmən, Azərbaycan Ordusu fasilə vermədən ardıcıl cəbhə boyu uğurlu əks-hücum əməliyyatlarını davam etdirir.

Torpaqlarımızın qarış-qarış işğaldan azad olunması xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, vətənpərvərlik hissini daha da artırır, millətin birliyini, əzmini möhkəmləndirir. Bu gün nəinki ölkə daxilində, Azərbaycan sərhədlərindən kənarda yaşayan soydaşlarımızın da ürəyi Azərbaycanda, Qarabağda döyünür.

Hamını sadəcə bir məsələ düşündürür – torpaqlarımız işğaldan azad olunsun və şanlı bayrağımız Şuşaya, Xankəndinə sancılsın. 
Hazırda elmi-pedaqoji fəaliyyətini Türkiyədə davam etdirən tarixçi-alim, professor, sabiq millət vəkili Nəsib Nəsibli də “Şərq”in suallarını cavablandırarkən vurğulayıb ki, Azərbaycan Ordusunun rəşadətli qələbələri və Qarabağ uğrunda aparılan mübarizə millətləşmə prosesini yeni mərhələyə daşıyır...

 - Nəsib müəllim, Azərbaycan Ordusunun 12 gündür davam edən uğurlu hərbi əməliyyatlarını necə qiymətləndirirsiniz? 
 
- Bu günü gözləyirdik, özü də həsrətlə. 1994-cü ildən, yəni atəşkəs imzalanandan bu yana millət sanki məyusluq kompleksinə girmişdi. Hərbi əməliyyatlarla hər kəndin, şəhərin, yüksəkliyin düşməndən azad olunması xalqımızı uzun müddətdir düşdüyü kompleksdən çıxaran bir addımdır. Ötən 26 ildə o qədər ağlamışıq ki. İndi ona bərabər şəkildə sevinməli, gülməliyik ki, kompleksdən tam çıxa bilək. Hazırda çox şanlı, tarixi günlər yaşayırıq. Azərbaycanın gələcəyi Qarabağ savaşından asılıdır. O səbəbdən siyasi rəhbərliyə əzm, ordumuza isə mətanət arzulayıram. 
 
- Beynəlxalq qurumlar və bir sıra ölkələr Azərbaycanı hərbi əməliyyatları dayandırmağa səsləyir. Bu cür çağırışlara reaksiyamız necə olmalıdır? 

 - Azərbaycan Prezidentindən tutmuş sıravi vətəndaşlara qədər, hamı ortaq mövqeyini ortaya qoyub. Beynəlxalq təşkilatlar, Minsk Qrupunun həmsədrləri 30 il ərzində haradaydı? Biz dəfələrlə söhbətlərimizdə, yazılarımızda deyirdik ki, həmsədrlərin fəaliyyətindən müsbət nəticə çıxmayacaq. Vasitəçilərin bölgəyə səfərləri, optimist ruhlu bəyanatları sadəcə ictimai fikrə yönəlmiş addımlar idi. Prezident İlham Əliyevin televiziyalara verdiyi müsahibələrdən sonra anladım ki, ölkə rəhbərliyi artıq Minsk Qrupuna və üçlü həmsədrlik institutuna etimad göstərmir. Azərbaycan rəhbərliyi bəyan edir ki, əgər nə vaxtsa sülh prosesi başlayacaqsa, mütləq yeni format olmalıdır. 

 - Rusiyanın proseslərə yanaşması maraqla gözlənilirdi. Xüsusən ermənilər hər vəchlə Moskvanı müharibəyə cəlb etməyə çalışırdı. Prezident V.Putinin “müharibə Ermənistan ərazisində getmir” sözləri nə qədər mühümdür? 

 - Rusiyanın bu savaşda mövqeyi çox kritik və önəmli idi. Qarabağ probleminin ortaya çıxmasının birinci müəllifi Ermənistanın təcavüzkar siyasəti idisə, ikinci müəllifi isə onların arxasında duran, erməni elementini onillərdir bəsləyən Rusiya dövləti idi. Rusiya adətən erməniləri himayə etsə də, lazım olan anda cızığından çıxmış düşmənin dərsini verir, cəzalandırırdı. Tarixdə buna bənzər hadisələr olub. Məsələn, Çaykənd əməliyyatı. Mənim yaşımda olan nəsil həmin hadisələri çox yaxşı xatırlayar. XIX əsrin sonu, XX əsrin əvvəllərində həddini aşmış erməni şovinistlərinə də Rusiya tərəfindən böyük təzyiq göstərildi. Əlbəttə, Moskvanın bu addımları, daha doğrusu, zaman-zaman düşmənə qulaqburması verməsi birbaşa Azərbaycanın yanında olmaq, bizə dəstək vermək anlamına gəlməməlidir. Kreml sadəcə olaraq bəzən, xüsusən epizodik hallarda Azərbaycanın əli ilə Ermənistanı cəzalandırmaq yolu tutub. Rusiyanın “gözləmə” mövqeyi tutmasını və Putinin məlum açıqlamasını bu cür dəyərləndirirəm. Ancaq bunun əvəzində Moskva bizdən nə istəyəcək, onu da yaxın müddətdə görəcəyik. Hər halda düşünürəm ki, Azərbaycan Ordusunun rəşadəti Rusiyanın da planlarını alt-üst edə bilər. 

 - Son günlər İran rəsmilərindən də müəyyən açıqlamalar gəlir. Azərbaycanın İrandakı sabiq səfiri kimi Tehranın “dəstək” xarakterli bəyanatları sizi qane edirmi, yoxsa riyakarlıq açıq görünür? 

 - Əslində İranın mövqeyi kifayət qədər aydındır. Hadisələri izləyən, bir az tarix bilən, ən azından son dövrün proseslərini analiz edən hər kəs yaxşı bilir ki, İran işğalçı ilə təcavüzə məruz qalmış tərəflərə vahid mövqedən yanaşır. İran rəsmiləri hərbi əməliyyatlar başlayanda dedilər ki, “müharibə dərhal dayandırılmalıdır”. Çünki Tehran hökuməti Azərbaycan Ordusunun əks-hücumla irəlilədiyini görür və bundan narahatlıq duyurdu. Lakin bu cür çağırışın sərt qarşılandığını görən İran tərəfi nisbətən “yumşaldı”. İran bəyan edir ki, beynəlxalq hüquqa görə Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır. Əslində, ifadə çox doğru olsa da, İran rəhbərliyinin konstruktiv mövqe tutması anlamına gəlmir. Reallıq odur ki, beynəlxalq hüququn arxasında güc durmursa, bu amil xüsusən kiçik və orta miqyaslı dövlətlər üçün keçərlidir, o zaman beynəlxalq hüquq həmin ölkələrin əleyhinə çevrilir. “Ərazi bütövlüyü” məsələsi illərdir ifadə olunsa da, elə ifadədən o tərəfə keçməyib. Bizə məlumdur ki, İran hökuməti daim Ermənistan rəhbərliyinin bütün istəklərini qarşılayıb, düşmən ölkəyə hərtərəfli yardım edib. Bir müddət əvvəl Nikol Paşinyanın Tehrana səfəri zamanı erməni futbol klubunda “Qarabağ Ermənistandır” sözü yazılmışdı. Bunların hamısı İran hakimiyyətinin gözü qarşısında baş verirdi. Son günlərdə də əvvəlki dövrlərdə olduğu kimi İran ərazisindən keçən kommunikasiya xətləri Ermənistan üçün yeganə “nəfəs borusu” rolunu oynadı. Biz cənub qonşumuzun bu münasibətini unutmamalıyıq. 
 
- İlk gündən yanımızda olan, bizə hərtərəfli dəstək verən ölkələrdən biri qardaş Türkiyədir. Məhz indiki gərgin məqamda Türkiyənin “hər məsələdə daim sizinləyik” mesajı nə qədər önəmlidir? 

 - Türkiyə hər zaman yanımızda olub. Ancaq son proseslərdə, sadəcə, mənəvi dəstək verməklə kifayətlənmədi, əməli fəaliyyətə keçdi. Çox güclü siyasi dəstəyin şahidi olduq. Türkiyə rəhbərliyi və digər rəsmilər bütün qlobal platformalarda Azərbaycanı müdafiə edir. Bu da Azərbaycan-Türkiyə qardaşlığının sözdən işə keçməsi deməkdir. Əlbəttə, əvvəlki dönəmlərdə də birliyin güclənməsi yönündə çox işlər görülüb. Amma son həftələrdə real Azərbaycan-Türkiyə vəhdətinin nə olduğunu hamımız gördük, eyni zamanda dünya da gördü. İllərdir deyirik ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin, əməkdaşlığın limiti yoxdur. İki ölkə mümkün qədər və daim bir-birinə yaxınlaşmalı, bütün sahələrdə sıx əməkdaşlıq etməliyik. Ehtiyacımız olan yardımı, dəstəyi Türkiyədən almaqdan çəkinməməliyik. Artıq Azərbaycan rəhbərliyi bu istiqamətdə qətiyyətli addımlar atmaqdadır. Dövlət başçısının “Türkiyə bundan sonrakı proseslərdə mütləq iştirak edəcək” açıqlaması çox doğru mövqedir. Çünki vasitəçilik missiyasında Ermənistanın xeyrinə disbalans var idi. Artıq o balansı düzəltmək lazımdır. 1990-cı ilin əvvəllərində Ermənistan tərəfi Türkiyənin Minsk Qrupu həmsədrliyindəki namizədliyini qəbul etmədi. O zaman Azərbaycan hökuməti bu üçlü formata razılıq verməməliydi, Türkiyənin həmsədrlik təklifində dirənməliydi. Bu, ciddi səhv idi. Ötən müddət göstərdi ki, həmsədrlikdə təmsil olunan üç dövlət – Rusiya, ABŞ və Fransa heç vaxt ədalətli mövqe tutmadı. Bu üç ölkə dünya siyasətinin ən önəmli problemi halına gəlmiş Dağlıq Qarabağ münaqişəsinin çözülməsinin tərəfdarı deyillər. Ancaq Türkiyə indiki status-kvonun dəyişməsində maraqlıdır. Ona görə də indi bu səhvi düzəltməyin vaxtıdır. 

 - Arxa cəbhənin düşmənlə mübarizə aparan ön cəbhə qədər əhəmiyyətli olduğu deyilir. Bu gün böyükdən-kiçiyə hamı ordumuzun yanındadır. Ehtiyac olmadığı halda əsgərlərimizə ərzaq, geyim və digər məhsullar göndərilir. Millətin düşmənə qarşı yumruq kimi birləşməsini necə dəyərləndirirsiniz? 

 - İşğalçı ermənilərə qarşı sadəcə ordumuz deyil, Azərbaycan xalqı döyüşür. Mən saatbasaat prosesləri izləyirəm. Azərbaycanın sərhədləri xaricində yaşayan bütün soydaşlarımız da Ordumuzun yanındadır, ona maddi-mənəvi dəstək verirlər. Bizimlə eyni hissləri bölüşürlər, qələbə xəbərləri ilə qürurlanır, sevinirlər, böyük zəfərin müjdəsi ilə yaşayırlar. Ölkə daxilindəki birliyin yaranması da çox önəmlidir. İndiki məqamda iqtidar, müxalifət ayrı-seçkiliyi ola bilməz və yoxdur da. Bu gün hamı Azərbaycan xalqının birliyini, vəhdətini görür. Milli problemlərin həllində ortaq duruşun sərgilənməsi çox-çox önəmlidir. Hazırda yaşananlar millətləşmə prosesində yeni mərhələnin başlanmasından xəbər verir. Qarabağ zəfəri bu prosesin dərinləşməsinə təkan verəcək və Azərbaycan daha da güclənəcək.