Ermənistanı fəlakətdən xilas etmək mümkün olmayacaq

"Atəşkəs çağırışlarına qətiyyən qulaq asmaq lazım deyil"

“Ermənistanın həm dövlət olaraq arxasında duranlar, həm də Paşinyanı dəstəkləyənlər ordumuzun irəliləməsindən ciddi narahatlıq duyur”. Bu sözləri “Şərq”ə Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib. Partiya rəhbəri bildirib ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları sayəsində Paşinyan hökumətinin böhranı qaçılmazdır:

“Ermənilərin himayədarları Paşinyan hökumətini, ümumilikdə Ermənistanı fəlakətdən xilas etmək üçün tərəflər arasında atəşkəsə nail olmağa çalışırlar.

Ən azından Azərbaycanı razı salmaq istəyirlər ki, qısa müddətli və müvəqqəti də olsa atəşkəs baş tutsun, işğalçı rejim yenidən toparlansın. Ona görə də atəşkəs çağırışlarına qətiyyən qulaq asmaq lazım deyil.

Hərb və siyasi meydanda tam və qəti qələbə qazanana kimi ordumuzun irəliləməsi davam etməlidir. Beynəlxalq təşkilatların, aparıcı dövlət başçılarının atəşkəs bəyanatlarına məhəl qoyulmamalıdır”.