Mirmahmud bəyin arzuları çin oldu

"Mən indi hərbi dükandayam və özümə savaş geyimi alıram"

“12 gündür Qarabağda davam edən savaş bizim 30 illik gözləntimiz, arzumuzdur”. 
Bunu “Şərq”ə açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. Partiya rəhbəri qeyd edib ki, artıq arzular çin olur və Azərbaycan Ordusu xalqa qələbələr bəxş edir:

“Mən indi hərbi dükandayam və özümə savaş geyimi alıram. Hesab edirəm ki, böyüklü-kiçikli hər bir Azərbaycan vətəndaşı, ağlı başında olan hər kəs ordumuzun əməliyyatlarını dəstəkləyir, qələbələrini alqışlayır.

Siyasi cəhətdən də milli birlik hökm sürməkdədir. Hücum əmri və Azərbaycan Ordusunun qələbələri hamımızı bir araya gətirib.

Milli birliyin nəticəsi olaraq ATƏT-in Minsk Qrupunun, ayrı-ayrı dövlətlərin Azərbaycan əleyhinə addımlarını qərəzli çağırışları, “müharibəni dayandırın” bəyanatlarını heçə saymalıyıq. İranın, Fransanın, Yunanıstanın və Rusiyanın yanaşmasını qınayırıq.

Əksinə, Azərbaycanın haqq davasını dəstəkləyən bütün ölkələrə, qardaş Türkiyə və Pakistana, o cümlədən bir sıra Avropa dövlətlərinə təşəkkür edirik. Artıq hamıya bəllidir ki, düşmən kimdir, dost kimdir.

Arzu edirik, tezliklə işğaldakı bütün ərazilərimizi azad edək və Qələbə paradını keçirək. İnşallah, yaxın zamanda o günü görəcəyik”.