"Qətnamə qəbul olunsa, bu, ABŞ-ın imicinə zərbə olacaq"

Ermənilər ABŞ Konqresi Nümayəndələr Palatasının müzakirəsinə Azərbaycan əleyhinə 1165 saylı qətnaməni müzakirəyə çıxarıblar. 
Rəsmi məlumatlara görə, bu işə Konqresin Erməni qrupunun həmsədri, Kaliforniyadan olan erməni deputat Karen Lorraine CJackie Speier rəhbərlik edir.
Bu xanım erməni genosidi aktının həmsponsoru olub. Jackie Speier təqdim edəcəyi 1165 qətnaməyə nümayəndələr palatasının 46 üzvündən dəstək imzası alıb.

Danılmaz faktdır ki, Ermənistan Azərbaycana qarşı işğalçı və təcavüzkar niyyətlərini beynəlxalq aləmdə, o cümlədən ABŞ Konqresində tanıtmaq üçün hər cür vasitəyə əl atır. Erməni lobbisi qruplarının Azərbaycan və Türkiyəyə qarşı qərəzli münasibəti və 1165 saylı qətnamə layihəsi buna sübutdur.

Ümid edirik ki, ABŞ Konqresi təklif olunan qətnamə layihəsini rədd edərək, ölkəmizlə strateji əməkdaşlığa sadiqliyini göstərəcək.

Mövzu ilə bağlı “Sherg.az”a danışan millət vəkili, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov sözügedən qətnamənin gələcək taleyinə toxunub:

“Bu sənədi dəstəkləyənlər işğalçılar, erməni lobbisi və ABŞ-ın bir neçə konqresmenidir. Təəssüf ki, yuxarı və aşağı palataya daxil olan konqresmənlər heç nədən çəkinmədən, maddi maraqlarını ortaya qoyaraq yalan və böhtan yayırlar.

Sözügedən bəyanat da yalan və böhtanı müdafiə edir. Odur ki, bu sənəd Azərbaycandan əlavə, həm də ABŞ-ın milli maraqlarına zərbədir. Bəyanatın qəbul olacağını düşünmürəm.

Yox, əgər qəbul edilsə də, dediyim kimi, hər şeydən əvvəl, ABŞ-ın imicinə zərbə olacaq”.