Hər şey əladır... Ordumuzun əks-hücumu Azərbaycanı tamamilə dəyişdi

Təbliğat-təşviqat işləri elə qurulub ki, hər kəs öz tikəsini əsgərlə bölmək istəyir

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuzun başlatdığı əks-hücum əməliyyatlarının qazandığı zəfərlər bütün xalqda yüksək əhval-ruhiyyə yaradıb. Ayırd edə bilmirsən ki, əsgəri ruhlandıran xalqın əzmidir, yoxsa xalqımız qəhrəman döyüşçülərimizin cəbhədə, döyüş meydanında əldə etdiyi zəfərlərdən ruhlanır. Bunun bir cavabı ola bilər ki, xalq əsgərindən güc aldığı kimi, əsgər də xalqın sarsılmaz birliyindən, həmrəyliyindən ruhlanır.

Bu gün xalq-ordu və xalq-dövlət birliyi bir-birini ən gözəl şəkildə tamamlayır. Müharibələr, savaşlar zamanı ordunun üstünlüyünü təmin etmək, əsgərləri ruhlandırmaq üçün təbliğat işlərinə də həmişə xüsusi önəm verilib. Hərbi arsenal, döyüş texnikası, silah-sursat əsgərin döyüş silahıdırsa, təbliğat-təşviqat materialları da əsgərin ruh yüksəkliyinin saxlanmasında vacib əhəmiyyət daşıyır. Sovet rejiminin Böyük Vətən müharibəsi adlandırdığı və sovet insanlarının da ümumi Vətən uğrunda döyüşdüyü 1941-45-ci illərdə və müharibədən sonra da hərbi mahnılar, marşlar yazılırdı və bunların ordunun ruh yüksəkliyinə xidmət etdiyi vurğulanırdı.

Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qaldıqda bizim də döyüş mahnılarımız, hərbi marşlarımız yarandı. İstedadlı bəstəkarlarımız neçə-neçə mahnılar ərsəyə gətirdi. O mahnılar, marşlar bu gün də xalqımız, əsgərlər tərəfindən sevilir və daim səsləndirilir. Cavanşir Quliyevin “Əsgər marşı”, musiqisi Eldar Mansurova, sözləri Nahid Hacızadəyə məxsus və Mübariz Tağıyevin əvəzsiz ifasında səslənən “Qalx, ulu torpaq” mahnısı və neçə-neçə bu səpkili mahnılar Qarabağ savaşında əsgərlərimizi ruhlandırıb, xalqın mübarizə əzmini artırıb, qələbəyə inamın itməsinin önünü alıb.               

Ordunun mənəvi-psixoloji təminatı əhəmiyyətlidir
 
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ağır döyüşlərin başladığı ilk gündən cəbhə bölgəsində təbliğat-təşviqat işləri də əməliyyat şəraitinə uyğun təşkil edilir. Ordu-xalq birliyinin bariz nümunəsi kimi təbliğat-təşviqat kampaniyası bütün ölkə boyu müvəffəqiyyətlə aparılır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunur ki, döyüş əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində təbliğat-təşviqat işinin rolu danılmazdır. Bu tədbirlərin keçirilməsində məqsəd Ordu-Xalq birliyinin daha da möhkəmləndirilməsi, Ordumuzun qüdrətinin və döyüşlərdəki uğurlarının işıqlandırılması, eləcə də xalqımızın orduya dəstəyi və etimadını hərbi kollektivlərə çatdırmaqla şəxsi heyətin döyüş ruhunun və qələbə əzminin daha da yüksəldilməsidir.

Əyani təbliğat-təşviqat tədbirləri çərçivəsində Ali Baş Komandanın müraciətləri, təbrikləri və ürək sözləri, həmçinin hərbi komandanlığın müraciətləri şəxsi heyətə və mülki sakinlərə çatdırılır, əldə edilən qələbələr barədə məlumatlar operativ şəkildə yayımlanır. Səyyar səsyayıcı stansiyaların tətbiqi ilə keçirilən tədbirlərin hərbi-vətənpərvərlik mahnı və marşları ilə müşayiət edilməsi şəxsi heyət, eləcə də cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, ordumuzun qazandığı uğurların, döyüşçülərimizin rəşadətinin ictimaiyyət arasında daha geniş təbliği, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərən hərbi qulluqçuların xalqa tanıdılması sistemli şəkildə təşkil edilir və yerinə yetirilir.

Bu günlərdə Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin, “Azərbaycan Ordusu” qəzeti redaksiyasının əməkdaşları döyüş bölgəsinə ezam edilib. Cəbhəboyu zonada quraşdırılan səyyar mətbəələrdə “Sən qalib gələcəksən!”, “Qalibiyyət döyüşü” və “Böyük Qələbə uğrunda” təşviqat vərəqələri, “Azərbaycan Ordusu” qəzetinin xüsusi buraxılışları, bukletlər hazırlanaraq cəbhədə olan şəxsi heyət və cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında yayılır.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən 4 təbliğat-təşviqat qrupu yaradılıb. Həmin qruplar veteranların, ictimaiyyət nümayəndələrinin şəxsi heyət qarşısında çıxışlarını təşkil edir və konsert proqramları təqdim edirlər. Bundan əlavə, səsgücləndirici avtomobillər vasitəsilə ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuz haqqında çıxışları, hərbi vətənpərvərlik mahnıları və döyüşlər barədə operativ məlumatlar cəbhəboyu zonadakı yaşayış məntəqələrində səsləndirilir, vətənpərvərlik mövzusunda bədii və sənədli filmlər nümayiş olunur.
Bu tədbirlər döyüşən əsgər və zabitlərin mənəvi-psixoloji durumuna müsbət təsir göstərir, döyüş əzmini, qələbə ruhunu daha da artırır, mülki əhali tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.

“Hər şey qurbandır Azərbaycan əsgərinə”

Bu günlərdə vətəndaşlarımızın əsgərlərə yardımlar aparmaq niyyətində olduğunu görürük. İmkanlı-imkansız, fərq etmir, hər kəs bir tikə çörəyini də əsgərlə bölüşmək istəyir. Ona görə yox ki, əsgərimizin nəyəsə ehtiyacı var. Azərbaycan dövləti ordunun bütün təminatını yetərincə qarşılayır. Azərbaycan ordusu heç nədən korluq çəkmir. Lakin illərdir qələbə xəbərlərini, ordumuzun zəfər yürüşlərini gözləyən, işğal altındakı torpaqlarımızın azadlığına “susayan” xalq öz əsgəri ilə tikəsini paylaşmaq, çörəyini bölmək istəyir. Şəkinin Baş Küngüt kəndinin yaşlı sakini Hikmət Musayev ehtiyacı olduğu halda öz təqaüdünü əsgərlərə göndərmək üçün “Asan Xidmət”ə müraciət etmişdi. Ahıl vətəndaşa bildirilmişdi ki, Azərbaycan əsgərinin buna ehtiyacı yoxdur. Anlaşılandı ki, ahıl kişi ürəyindən gələni etmək istəyir. Müdafiə Nazirliyinin məlumatında bu da bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri dərhal həll olunur.

Müdafiə Nazirliyindən bildiriblər ki, qoşunlarımızın təminatı müvafiq idarə, xidmət və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir. Döyüşdə iştirak edən hərbi qulluqçularımız, hərbi texnika və döyüş vasitələrimiz ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat və yanacaq-sürtgü materialları ilə sutkada 24 saat fasiləsiz təmin edilir.

Döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bağlı heç bir problem və çətinlik yoxdur. Təminat və təchizatla bağlı qarşıya qoyulan bütün tapşırıqlar vaxtında icra olunur.

“Təbliğat-təşviqat işləri yüksək səviyyədədir”

Əsgərlərdə ruh yüksəkliyi yaradan ilk növbədə Ali Baş Komandanın qətiyyəti, orduya, Azərbaycan əsgərinə sarsılmaz inamıdır. Arxa cəbhədəkilərin üzərinə düşən də təbliğat-təşviqat işlərini lazımi qaydada icra etməkdir. Bu mənada televiziya və radioların üzərinə məsuliyyət düşür. 

Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin peşəkar diktoru, Xalq artisti Eldost Bayram hazırda efir və radio dalğalarında aparılan təbliğat-təşviqat işindən razı qaldığını bildirdi: 

- Vaxtilə mən də narazı idim, efirlərdəki, radiolardakı bəzi verilişlərdən, diktorların danışıq tərzindən, dil qüsurlarından, amma hər şey birdən-birə o qədər gözəl oldu ki! Ordumuz əks-hücuma keçdi, işğal altındakı torpaqlarımızı azad etməyə başladı və Azərbaycan tamamilə dəyişdi. Maşallah, nə qədər istedadlar varmış?! Çox gözəl proqramlar tərtib edirlər, çox gözəl verilişlər hazırlayırlar. Heç kimə, heç bir iradım yoxdur. Hər yeş əladır. Sanki hamımız, bir nəfər kimi, bu günləri gözləyirdik. Qələbə xəbərlərini gözləyirdik. Azərbaycan əsgəri sağ olsun, həm də nə qədər istedadları üzə çıxardı. Çox deyirdilər ki, radio nəyə lazımdı, ömrünü başa vurub, internet əsridi, sosial şəbəkələr zamanıdı. Amma görürsünüz, radio necə vacib imiş. İndi ən son xəbərləri radiodan dinləyirik. Şəxsən mən ordumuzun əks-hücumları başlayandan ancaq radionu dinləyirəm. Hər şey yüksək səviyyədədi. Xəbər yayıcılığı da, xəbərlərin təqdimatı da. Vətənpərvərlik mövzulu proqramların hazırlanması da. Şəhərdə, kəndlərdə, hər yerdə qələbə əhval-ruhiyyəsi var. Binalardan, eyvanlardan dalğalanan bayraqlar bəs edir ki, insan özünü xoşbəxt hiss etsin. Dövlət bayrağımızın əlamətdar günlərdə, dövlət müəssisələri, inzibati binalarla yanaşı evlərin pəncərələrindən, eyvanlardan dalğalanması artıq ənənə halını alıb və bu, çox böyük ruh yüksəkliyi yaradır. Bunun özü əsl təbliğat-təşviqat işidir. Hər şey çox gözəldir. Hər şeyin bu qədər gözəl görünməsinin bir səbəbi var; Ordumuzun qalibiyyəti. Şükürlər olsun ki, cənab prezidentin rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər ardınca zəfər qazanır, inşallah, böyük Qələbə gününü də görəcəyik. 

Eldost Bayram qeyd etdi ki, Azərbaycan hamımızın ümumi evimizdir. Bu evdə əmin-amanlıq, rahatlıq varsa, istənilən digər çətinliyə dözmək asandır: 

- Mən iki dəfə görkəmli sənətkar Habil Əliyevin yubiley gecəsinin aparıcısı olmuşam. Məclisdə dedim ki, Habil müəllim dünyanı gəzir; əli dolu, ürəyi dolu. Amma sonda qayıdıb yenə öz evinə gəlir. Əgər həyat yoldaşı Şərqiyyə xanım qapını açanda üzündə narazılıq ifadəsi olsa, Habil müəllimin əldə etdikləri olacaq heç nə. Azərbaycan da bizim hamımızın ümumi evimizdi. Bu evdə sakitlik, əmin-amanlıq, rahatlıq olmalıdır ki, insanların üzü gülsün. İndi Azərbaycan əsgəri bizə o sevinci yaşadır. Biz illərlə bu günü gözləmişik. Sovet ordusu sıralarında, Moskvada hərbi xidmət keçmişəm. Elə olurdu ki, tanınmış şəxslərlə görüşlər, konsertlər təşkil olunurdu, əyləşib tamaşa edirdik, amma rahat baxa bilmirdim, gözləyirdim ki, indicə çağıracaqlar “sıravi Bayramov, “na vıxod”. Azərbaycan xalqı böyüyü ilə, kiçiyi ilə 30 ildir o vəziyyətdə idi. Bir əmr – İrəli! əmrini gözləyirdik. Şükür ki, o günü gördük. Prezidentimiz var olsun, dövlətimiz var olsun. Azərbaycan insanı artıq xoşbəxtliyə qovuşur, çünki doğma yurduna qayıdır. Hamı qələbə xəbərini gözləyir. Qələbə xəbərini xalqa çatdırmaq üstündə “qırğın düşəcək”. Kimin bəxtinə yazılıbsa, o səsləndirəcək. Hamı deyir, Eldost müəllim sizin səsiniz əladı! Amma məni mikrofana yaxın buraxmazlar. Gənclər var, onlar deyəcək.