Novella Cəfəroğlu koronavirusa yoluxub

"Xəstəlikdən sağalmış tibb bacısı gəlib evdə iynələrimi vurur"

"Mən təcili yardımdan razıyam, amma poliklinikalar, göründü ki, ağır zamanda işlərinin öhdəsindən gələ bilmirlər"

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu koronavirusa yoluxub. Xəstəliyi barədə “Şərq”ə Novella xanım özü danışdı: 

- İlk günlər heç bir əlamət yox idi. Amma çox tərləyirdim, hiss edirdim ki, getdikcə iybilmə və dadbilmə qabiliyyətini itirirəm. Yanımda olanlardan bir nəfərin koronavirusa yoluxduğu təsdiqlənmişdi. Bunu nəzərə alıb mən də analiz verməyi qərara aldım. Və analizin cavabı pozitiv çıxdı. Məlum oldu ki, müntəzəm təmasda olduğum insanlardan 4-ü koronavirusa yoluxub.

Ona görə də deyirəm, məsləhət görürəm ki, insanlar bir-birilə yaxın təmaslardan çəkinsinlər, kütləvi yerlərə getməsinlər, ara məsafəsi saxlasınlar. Koronavirusa ciddi yanaşmaq lazımdı. Karantin qaydalarını unutmamalıyıq, hamı ona əməl etməlidir. Kimin daşıyıcı olduğunu bilmirsən, bir də xəbər tutursan ki, sən də yoluxmusan.

Karantin qaydalarına ciddi şəkildə əməl edilməlidir. Şükür ki, xəstəliyi mən ağır keçirmədim. Artıq karantin müddətim bitib. Qarşıdakı həftənin ikinci günü bir də analiz verəcəm, arxayın olmaq üçün ki, tam sağalmışam, ya yox. 

N.Cəfəroğlu yaşadığı ərazi üzrə poliklinikanın işindən narazılıq etdi: 

- Analizin cavabı müsbət çıxanda mənə Təcili Yardımdan zəng etdilər, dedim ki, evdə müalicə oluna bilərəm. Bu dəqiqə mənim xəstəxanada çarpayı məşğul edən vaxtım deyil. Palatadakı yer hansısa əsgərimizə lazım ola bilər. Evdə müalicə olunacam. Amma bizim 19 saylı poliklinikadan bir dəfə də olsun nə zəng etdilər, nə maraqlandılar, nə gəldilər.

Amma onlar dövlət tərəfindən hər cür dərman preparatları ilə təmin edilirlər. Sağ olsun, qohumlarım, bacım qızı həkimdi, müalicə yazdı. Koronavirusa yoluxub sağalmış tibb bacısı gəlib evdə iynələrimi vurur.

Qohumlar, dostlarım zəng edirlər, ehtiyaclarımı soruşurlar. Mənim qohum-əqrəbam var, maraqlanırlar, bəs kimsəsi olmayanlar nə etsin? Maddi sıxıntı içində olanlar nə etsin? Axırda özüm zəng etdim poliklinikaya ki, ay qızım, belə səhlənkarlıq, diqqətsizlik olmaz axı!

Mən xəstə ola-ola ev-eşiyi, bloku, qapını, qapının dəstəyini də dezinfeksiya etmişəm, mən yoluxmuşam, başqaları yoluxmasın, yaşlı var, uşaq var, çıxıb-düşürlər pillələri. Bu işləri poliklinika etməlidir.

Poliklinika həkimləri ərazi üzrə daim yoxlama aparmalıdır, əhali ilə maarifləndirici söhbətlər etməlidirlər. Dezinfeksiya işləri mütəmadi görülməlidir. Bu işlər başlı-başına buraxılsa, faciə olar. Ordumuz cəbhədə zəfər çalır.

Əsgərlərimiz səngərdədi. Belə vaxtda bizə kütləvi yoluxma sayının artması lazım deyil. Necə ki, əsgərimiz səngərdə vəzifəsini yerinə yetirir, həkimlər – xüsusilə poliklinika həkimləri koronavirus cəbhəsində ayıq olmalıdı. Mən təcili yardımdan razıyam, amma poliklinikalar, göründü ki, ağır zamanda işlərinin öhdəsindən gələ bilmirlər. Xüsusilə də Yasamaldakı 19 saylı poliklinika.