"Prezidentimiz, xalqımız var olsun!"

Mübariz Tağıyev: "Bütün torpaqlarımızı işğaldan azad edəcəyimiz günü gözləyirik"

Azərbaycan ordusu öz missiyasını uğurla icra edərək ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizə aparır. On gündən artıqdır davam edən savaşın nəticəsində torpaqlarımızın bir hissəsi işğaldan azad olunub. Cəbrayil şəhəri və Cəbrayil rayonunun bəzi kəndləri, Füzuli rayonunun bir neçə kəndi, Suqovuşan, Murovdağ kimi ərazilərimiz işğalçı qüvvələrdən təmizlənib.

Hər tərəfdən ümidi kəsilən Ermənistanın çarəsiz vəziyyətdə qalıb. Dünya liderlərindən mədət uman Paşinyanın uğursuz siyasəti işğalçı ölkəni bataqlığa sürükləyib. Həm güclü lideri, həm də intizamlı ordusu olan Azərbaycanın müharibəni zəfərlə bitirəcəyi isə açıq-aşkar ortadadır.

“Sherg.az”a müzəffər ordumuzun uğurlarına görə fərəhləndiyini deyən xalq artisti Mübariz Tağıyev də qələbə çalacağımız günü gözlədiyini söyləyib. Əsgərlərimizə can sağlığı arzulayan sənətkar keçirdiyi hissləri belə təcəssüm edib:   
     
 “Hamı kimi mən də xoşbəxtəm. Həmçinin Ali Baş Komandanımıza minnətdaram. Əsgərimiz, Prezidentimiz, xalqımız var olsun! Bütün torpaqlarımızı işğaldan azad edəcəyimiz günü gözləyirik.

Hamımız onun həsrətindəyik. Düşünürəm ki, o gün uzaqda deyil. İnşallah Qarabağ düşmən tapdağından qurtulsun. Mən də bir sənət adamı kimi “Cıdır” düzündə təşkil olunan qələbə konsertində ifalarımla çıxış edim”.