Muzdluların ümidinə qalıblar

Ölən hərbçilərin arasında erməni olmayan şəxslər var

Rusiya mediası da erməni ordusunda PKK terrorçularının olduğunu yayıb


Ermənistan ordusu Azərbaycana qarşı xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən istifadə edir.

Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsi məlumat yayıb. 
DTX ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirib. Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır.

Xarici döyüşçülər səs yazısında ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmanlıq keçirdiklərini bildirirlər.
Bir müddət öncə düşmən suriyalı döyüşçülərin Azərbaycana göndərildiyini iddia edirdi.

Ermənilər hətta türk əsgərlərinin də Dağlıq Qarabağda vuruşması ilə bağlı dezinformasiyalar yaydı. Təbii ki, bütün bunlar Ermənistan rəhbərliyinin xislətini ortaya qoyur. Düşmən Azərbaycan haqqında uydurma xəbərlər yaymaqla əslində terror qruplaşmalarının öz ordularında olduğunu ört-basdır etməyə çalışır.
 
Prosesləri şərh edən millət vəkili Sevil Mikayılova “Sherg.az”a bildirib ki, düşmən yalan informasiyalar yayaraq məğlubiyyətini ört-basdır etmək istəyir. Parlament üzvü bildirib ki, müharibədən öncə ermənilərin Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşma siyasəti aparması gündəmdə idi: 

“Hətta hücumlardan bir qədər əvvəl “Dağlıq Qarabağ Respublikası”nın qondarma rəhbəri Araik Arutyunyan xarici kanallar vasitəsilə bütün dünyaya göstərirdi ki, Qarabağda digər ölkələrdən olan erməni əsilli ailələri yerləşdirirlər.

Konkret olaraq bir ailə ilə şəkli də var idi. A.Arutyunyan onları intensiv şəkildə dəvət edirdi ki, gəlib Dağlıq Qarabağda yerləşsinlər.

Bu, bizim gördüyümüz 10 faktdan biridir. Pərdəarxası çoxlu məqamları var.

Müxtəlif kütləvi informasiya vasitələrində (KİV) məlumatlar yayıldı ki, Ermənistan Ordusuna PKK terrorçuları yerləşdirilib.

Bununla bağlı Rusiya mediasında və digər mətbuatda konkret faktlar da var. Həqiqətən də ölən hərbçilər arasında erməni olmayan şəxslər olub. DTX-nın yaydığı səs yazısında bütün məsələ açıq-aşkar üzə çıxdı.

Bu səs yazısında qeyd olunub ki, Ermənistan ordusuna başqa ölkələrdən xüsusi muzdlular, terrorçular cəlb olunub. Bu cür qruplaşmalar Dağlıq Qarabağ ərazisində Azərbaycana qarşı aparılan hücum əməliyyatlarında iştirak edirlər”.