"Düşmən mülki əhalimizə atəş açır" - Qorxuda bilməyəcəklər !

“Xalqımız döyüşlərin sona qədər davam etməsi ruhundadır”

“İşğalçılar torpaqlarımızda çıxarılmalı və regional sabitlik bərpa olunmalıdır”


Müxtəlif dövrlərdə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalimizin qətlə yetirilməsinə rast gəlmişik. Təcavüzkar Ermənistan bu gün də beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. Separatçı rejim dinc əhalimizə qarşı terror əməllərini davam etdirir, ictimai obyektlərimizi hədəf alır. 
Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın mülki əhalimizə hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumdan bildirib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 31 nəfər mülki şəxs həlak olub, 160 nəfər yaralanıb. Bundan başqa, yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 142, yaşayış evləri 1050, çoxmənzilli yaşayış binalarının sayı isə 45-dir.


Düşmən vandalizmi barədə təəsüratlarını “Sherg.az”la bölüşən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bildirib ki, erməni təxribatlarına cavab vermək üçün əks hücum əməliyyatlarının həyata keçirilməsi xalqımızın tələbidir.
30 ildir ki, erməni vandalizminə və terroruna dözdüyümüzü deyən MQF prezidenti vurğulayıb ki, bu illər ərzində beynəlxalq ictimaiyyət səbrli və təmkinli olduğumuzu gördü. Bütün dünyaya sübut elədik ki, Azərbaycan xalqı sülhsevərdir:

“Hər zaman danışıq yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində torpaqlarımızın işğaldan azad olmasını tələb etmişdik. Bununla bağlı dövlət və vətəndaş cəmiyyəti dünya ictimaiyyətinə müraciətlər göndərib. Lakin Ermənistan BMT-nin və digər beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadı, özbaşınalığını, vandallığını davam etdirdi.

Sentyabrın 27-dən Azərbaycan haqlı olduğu savaşa imza atdı və torpaqlarının işğaldan azad olunmasına hərb yolu ilə qərar verdi. Çıxışlarımızda dəfələrlə demişik ki, bu məsələnin sülh yolu ilə həlli mümkün deyil. Mümkün olsaydı, 30 il ərzində sülh baş tutardı. Ona görə də diplomatiya susanda, güllələr danışmağa başlayır”.

R.Zeyni vurğulayıb ki, şanlı ordumuz uğur qazandıqca düşmən azğınlaşaraq öz xislətinə uyğun şəkildə mülki əhalimizi atəşə tutur.

“Ermənilər anlamalıdır ki, Ali Baş Komandanımız sərgilədiyi mövqedə, BMT-dəki çıxışında və müxtəlif ölkələrin televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan xalqının mövqeyini ortaya qoydu. Ölkə başçısı söylədi ki, “Bizim işimiz haqq işidir və bu yoldan geriyə dönmək fikrində deyilik”. Cənab Prezident konkret olaraq bəyan etdi ki, “Paşinyanın irəli sürdüyü 7 tələbə cavab olaraq bir tələbim var: “İşğalçı Ermənistan ordusu Azərbaycan torpaqlarını tərk etsin. Əks halda əməliyyatlar sona qədər davam edəcək” ”.

MQF prezidentinin sözlərinə görə, ermənilər mülki əhalimizə atəş açıb, evlərimizi, ictimai obyektlərimizi dağıtsalar da, bizi qorxuda bilməyəcəklər:

“Xalqımız döyüşlərin sona qədər davam etməsi ruhundadır. İşğalçılar torpaqlarımızda çıxarılmalı və regional sabitlik bərpa olunmalıdır”.
R.Zeyni düşmənin Bakı-Tbilisi-Ceyhan boru kəmərini hədəfə almasına da diqqət çəkib:

“Ermənilər bununla Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinə zərbə vurmaq istəyir. Məlumdur ki, Aİ-nın enerji təhlükəsizliyinə Azərbaycanın da öz töhfəsi var. Biz də düşmənin beynəlxalq hərbi cinayətlərinə dair bütün beynəlxalq təşkilatlara müraciət edirik.

Dünya ictimaiyyəti düzgün informasiya almalıdır ki, baş verənlərlə əlaqadər dəqiq məlumatlı olsunlar. Əks halda onlar bilmədikləri qərarlara imza ata bilərlər. Xalqımız bir olub həmrəylik göstərməlidir. İnformasiya səngərində bir olub dünya ictimaiyyətinə məlumat verməliyik.

Azərbaycanın haqq işinə qara yaxmaq istəyənlərə əngəl olmalıyıq”.